ABŞ Dövlət Departamenti Ukraynaya 165 milyon dollar dəyərində “qeyri-standart sursat”ın satılmasına razılıq verib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Qərar ABŞ Dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinin Kiyevə səfəri zamanı verilib. Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib ki, bu, ukraynalıların hələ də istifadə etdikləri sursat növüdür.
Agentliyin açıqlamasında qeyd olunub ki, təklif edilən satış Ukraynanın öz qüvvələrinin əməliyyat hazırlığını saxlamaqla cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq.
Pentaqon mümkün satışlar barədə Konqresə məlumat verib. Dövlət Departamenti tərəfindən təsdiqlənməsinə baxmayaraq, bu, müqavilənin imzalandığını və ya danışıqların başa çatdığını göstərmir. Müqavilə Konqres tərəfindən təsdiqlənməlidir.
Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi Pentaqona tabe qurumdur. Bu qurum xaricə hərbi texnika, silah təchizatı, ABŞ və digər silahlı qüvvələr arasında təmasların təşviqi, Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımlar barədə hökumətlərarası müqavilələrin təmin edilməsinə cavabdehdir.
Akif İsmayılov