“İranın “Şahdəniz” yatağını vurma ehtimalı həqiqəti əks etdirmir. Çünki Azərbaycan hakimiyyəti öz məqamının, vəzifəsinin qədrini bilir. Onun nəyinə lazımdır ki, davaya qoşulsun?”.
Bunu Modern.az saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun İranın “Şahdəniz” yatağını vurmaq ehtimalı ilə bağlı fikrini şərh edərkən bildirib. Onun sözlərinə görə Elşad Nəsirov özünə aid olmayan işlərə qoşulur.
“Elşad Nəsirov ona aidiyyatı olmayan məsələlərə qarışır. O, Xarici İşlər Nazirliyinin işçisi deyil ki, xarici münasibətlərlə bağlı fikir bildirsin. Eyni zamanda Müdafiə Nazirliyinin məsul şəxsi deyil ki, ölkənin müdafiəsi ilə bağlı məlumat versin. Bununla yanaşı, siyasətşünas, jurnalist, politoloq deyil ki, politoloji şərh versin. Onun konkret vəzifəsi var və bununla məşğul olmalıdır. Amma görünür hər halda bu fikirləri söyləmək üçün yuxarıdan tapşırıq alıb. Çünki o məqamda olan adamlar ehtiyatlı və nəzakətli olurlar. Özbaşına belə bir fikir deyə bilməzlər”.
Politoloqun sözlərinə görə özünü qoruma instinktinə söykənən Azərbaycan hakimiyyətinin hər hansı hərbi məcraya qoşulacağına inanmır.
Aqşin Kərimov