Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bəzi məmurlar haqda etdiyi çıxış ölkə gündəminin əsas mövzusuna çevrilib. Ölkə başçısının çıxışına iqtidar və müxalifət nümayəndələri ilə yanaşı, Ziyalılar Forumu da münasibət açıqlayıb.
Ziyalılar Forumunun üzvü, kinossenarist Eldəniz Quliyev prezident İlham Əliyevin çıxışını müsbət qiymətləndirib.
“Biz hər zaman məmur özbaşnalıqlarına, onların övladlarının qudurğanlıq etməsinə qarşıyıq. Prezidentin çıxışını çox normal qiymətləndirirəm. Məmur özbaşnalıqları gərək insanların etirazına səbəb olmasın ki, buna iradlar da bildirilsin. Prezidentin məmurlara sərt xəbərdarlıq etməsi, onların övladlarına sərt iradlar bildirməsi müsbət haldır”,-deyə E.Quliyev bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev məlum konfransda çıxış edərək, bəzi məmurlara yol verdikləri özbaşnalıq və nöqsanlara görə sərt xəbərdarlıq edib.
Anar RÜSTƏMOV