Əlisəftər Hüseynov,
Əməkdar mədəniyyət işçisi
("Tələbəlik illərinin xatirələri" silsiləsindən)
1982 ya da 1983- cü ilin payızı idi. Məşhur parodiya ustası Gennadi Xazanovun Bakıya qastrol səfəri gözlənilirdi.
Şəhər ictimaiyəti bu görüşə ciddi hazırlaşırdı. Onun iri şəkilləri ilə müşayiət olunan afişalar Bakının ən gur yerlərində asılmışdı. Xazanov o vaxtlar şöhrəti bütün SSRİ-ni bürümüş persona idi və onun canlı konsertlərinə düşmək hər adama nəsib olmurdu. Buna görə də biletlər hələ onun gəlişindən əvvəl satılıb qurtarmışdı. İndiki Heydər Əliyev adına Sarayda konsertlər başlayandan sonra isə axşamlar sarayın qarşısında 1 bilet öz qiymətindən 3-5 qat baha pula göydə gedirdi.
Amma hər axşam az qala bütün Bakının Xazanovla birlikdə güldüyü həmin o dəmlərdə paytaxtda çıxan bütün qəzetlərin redaksiyalarında bir gərginlik hökm sürürdü. Aydın məsələdir ki, qəzetlər bu səfəri geniş işıqlandırmalı idilər. Amma Xazanovun jurnalistlərlə o qədər də arası yox idi və müsahibə verməyi xoşlamırdı. Hətta rus dilində çıxan nüfuzlu qəzetlərin təcrübəli müxbirləri də öz arzularında umsuq qalmışdılar.
Günlər isə bir-birini əvəz edirdi…
Belə günlərin birində dərsdən sonra kandarını yağır elədiyim “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında mənə Xazanovdan müsahibə almaq təklifi ediləndə çaşıb qaldım. Bu qəzet o vaxtlar pespublikanın ədəbi-mədəni həyatını işıqlandıran yeganə, ən nüfuzlu nəşr idi və orada çap olunmaq üçün adlı-sanlı professorlar, şairlər, yazıçılar, tənqidçilər az qala növbəyə dururdular. Mən isə tələbə olsam da, öz inadkarlığım, qəzetin əməkdaşları Camal Yusifzadənin, Qafar Namazəliyevin ( Allah hər ikisinə rəhmət eləsin), baş redaktor Nəriman Həsənzadənin qayğısı, xeyirxahlığı sayəsində bir neçə dəfə burada çap olunmuşdum.
...Havalar soyuq keçirdi. Axşam lap nağıllarda deyildiyi kimi, altdan geyinib üstdən qıfıllandım, köhnə, nimdaş plaşımı geyinib üz tutdum Saraya tərəf… Telefon köşklərindən birinə girib inzibatçının əvvəlcədən əldə etdiyim nömrəsini yığdım. Cavab eşidən kimi məqsədimi bildirdim. İnzibatçı daş atıb başını tutdu: “Nə danışırsan? Konsertə az qalıb, Xazanov dincəlir”.
Dedim, “mən Mədəniyyət Nazirliyi və Yazıçılar İttifaqının birgə orqanı olan nüfuzlu qəzeti təmsil edirəm. Mümkünsə, kömək edin”.
İnzibatçı dedi:
- Bir az gözlə, Xazanovla danışım. Bəlkə sizi onun özü ilə calaşdıra bildim.
Dəstəyi asıb bir dəfə Sarayın başına fırlandım… Sonra daha bir dəfə... və üçüncü zəngdə dəstəkdən Xazanovun səsi gəldi. Məqsədimi bildirdim. Xazanov çox quru tərzdə dedi ki, “mənə maksimum 10 -15 dəqiqə ayıra bilər”. Dedim ki, razıyam və dəstəyi asıb Saraya tərəf cumdum, içəri keçib az qala qaça-qaça yuxarı mərtəbəyə qalxdım və deyilən otağın qapısını döydüm.
Xazanov kresloda oturub kofe içirdi. Mizin üstündə o vaxtların ən defisit siqareti olan bir qutu “Marlborro” vardı. Başını qaldırıb salamlaşdı, yer göstərdi və sonra üzümə baxdı – yəni eşidirəm.
Mən ilk sualımı verdim və elə ilk cavabı eşidən kimi onun jurnaslistlərlə belə soyuq münsibətinin səbəbini anladım – Xazanov sadəcə olaraq müsahibə verməyi bacarmırdı, daha doğrusu onun jurnalistlərin heç xoşlamadığı müsahibə vermək üsulu vardı – hər sualı 1 ya da 2 cümlə ilə cavablandırırdı.
İndi gəl bu söhbətdən müsahibə düzəlt!
Mənim verdiyim 5 suala Xazanov maksimum 10 cümlə ilə cavab verdi. Bu müddət ərzində həmin o 10 -15 dəqiqə də əriyib yox oldu və Xazanovun qırımından anladım ki, artıq şələ-şüləmi yığışdırıb getmək vaxtıdır.
(Zəruri bir qeyd: Çox sonralar fikirləşdim ki, bəlkə də Xazanov mənim düşündüyüm qədər də qılıqsız adam deyilmiş, sadəcə bizim jurnalistlərin verdikləri standart, şablon suallardan bezdiyinə görə belə şablon, quru əks- reaksiya göstərirmiş. Görünür, bu hiss o qədər güclü imiş ki, mənim verdiyim qeyri- şablon suallar da onun qılafını açmağa bəs eləməmişdi).
Axşam söhbəti mətnə çevirəndə kağız üzərində çox kiçik, ”balacaboy”, sınıq-salxaq bir müsahibə doğuldu.
Yaxşı, indi mən onu redaksiyaya necə aparım? Deməzlərmi ki, ay perspektivli jurnalist hesab elədiyimiz filankəs, səninki, elə bu qədər imiş?
Yenidən qarşımdakı mətnə, Xazanovun cavablarına baxdım. Bu dəfə onlar mənə açılmaq üçün tərpəşən tumurcuq, yaxud gözü açılmaq istəyən bulaq təsiri bağışladı. Elə bil yazdığım hər cavab içində ən azı 5- 6 cümlənin enerjisini gizlətmişdi və o cümlələr yazılmış cümlənin bətnindən xilas olub onu tamamlamaq istəyirdi.
Məsələn, mənim “Sizcə, bir sənət hadisəsi kimi gülüşün mahiyyəti nədir” sualıma Xazanov belə cavab vermişdi: “Gülüş digər sənət növlərinə nisbətən daha demokratikdir, insanları birləşdirən sənət faktıdır”.
Bu cümlənin içindəki alt cümlələr üzə çıxıb elə onun özünə qatılmaq üçün alışıb-yanırdılar və bu işdə onlara kömək etmək sözlə manipulyasiya etmək yox, onun çatdırdığı informasiyanın sərhədlərini genişləndirmək kimi bir şey idi.
Qələmi götürüb işə başladım, cümlələri elə “suvardım” ki, hər biri qol-budaq atıb şaxələndi və müsahibə də boy atıb, “kökəlib” sanballı bir görkəm aldı.
Səhər müsahibəni redaksiyaya aparanda şöbənin işçiləri yaxşı mənada təəccübləndilər. Yazı Nəriman müəllimə çatanda isə demişdi: ”Bu tələbəyə halaldır. Təcrübəli jurnalistlərin edə bilmədiklərini o bacardı"...