“Balakəndə heç bir etiraz aksiyası olmayıb”. Modern.az-a açıqlamasında bu sözləri Balakən rayonundan deputat seçilmiş millət vəkili Rəbiyyət Aslanova deyib. Onun sözlərinə görə, mətbuatda gedən bu məlumatların hamısı şayiədir. “Mən elə bu dəqiqə rayonda olan köməkçimlə danışmışam. Özüm də elə dörd gün öncə Balakəndə olmuşam. İndi də hər gün Balakənlə əlaqə saxlayıram. Rayonda tam sakitlikdir, belə bir hadisə yoxdur”.
Millət vəkili Hənifə kəndinin sakinlərinin icra hakimiyyətinin qarşısına gəlməsinin səbəbi ilə bağlı bildirib ki, bu heç də hansısa bir etirazla əlaqəli deyil. “Onlar evlərinin siyahıya alınması üçün ərizə yazırdılar. Siz bilirsiniz ki, elə həmin gün, yəni fevralın 11-nin sabahısı fövqəladə hallar naziri Kəmaləddin Heydərov rayona getmişdi. O, Balakən və Zaqatalada oldu. Növbəti təkanlardan sonra evlərində yenidən çatlar əmələ gələn insanlar var ki, onlar yenidən ərizə yazmağa siyahıya düşməyə gəlmişdilər. Bunu niyə bu qədər şişirdirlər? Bu nəyə lazım idi? Mən sizi inandırıram ki, belə bir hadisə baş verməyib. Balakəndə sakitlikdir, əmin-amanlıq hökm sürür. Bu insanların adi həyat həyatına nigarançılıq, narahatlıq salmaq istəyən qüvvələr bu insanları rahat yaşamağa imkan verməlidirlər. Rayon sakinləri dövlətə sədaqətlə, məhəbbətlə yaşayırlar, həyatlarını davam etdirirlər, fəaliyyət göstərirlər. Heç bir nə icra strukturları ilə, nə başqa bir strukturla qarşıdurma olub. Balakənlilər dövlətinə sədaqətli insanlardır, etibarlıdırlar. Ona görə də kiminsə onları başqa qələmə verməsi boş xəyaldan başqa bir şey deyil”, – deyə Rəbiyyət Aslanova qeyd edib.
Qeyd edək ki, mətbuatda fevralın 11-də Balakən rayonunun Hənifə kəndinin bir qrup sakini rayon icra hakimiyyətinin qarşısına toplaşması barədə məlumatlar öz əksini tapıb. Bildiriblər ki, Kənd sakinləri zəlzələdən sonra qəzalı vəziyyətə düşən evlərinin bərpa olunmamasına, onlara kompensasiya verilməməsinə etiraz ediblər.
Sevinc İltifatqızı