Elmira Axundova,
millət vəkili, yazıçı-publisist
Fevralın 10-da azadliq.info saytında və “Azadlıq” qəzetində işıq üzü görmüş bir məqaləyə cavab kimi tarixi faktlar əsasında material hazırlayaraq dərc edilməsi üçün adı çəkilən sayta təqdim etdim. Üstündən 2 gün keçdikdən sonra redaksiya rəhbərliyi bizimlə əlaqə saxlayaraq bildirdi ki, məqalə həm qəzetdə, həm də saytda dərc ediləcək, amma məqalənin sonunda redaksiyanın şərhi qeyd olunmaq şərti ilə. Biz buna da razılıq verdik. Lakin 1 gün də keçdikdən sonra məqalənin uzun olmasını və qəzetdə yer olmamasını bəhanə gətirərək qəzetdə dərc edilməsinin mümkün olmadığını bildirdilər. Həmçinin onların vədinə baxmayaraq məqalə saytda da dərc edilmədi. Bu hadisə məni məyus etsə də, heç də təəccübləndirmədi. Çünki əvvəllər də adını çəkdiyim mətbu orqanı ya təqdim etdiyim rəyi dərc etmir, ya da tam şəkildə təhrif edərək oxucuya çatdırırdı. Odur ki, adını “Azadlıq” adlandıran mətbu orqanın bu ada qətiyyən layiq olmadığını bəyan edirəm. Görünür məqalə təkzibedilməz tarixi faktlara söykəndiyi üçün heç bir arqument tapa bilməyiblər, buna görə də dərc etməkdən çəkiniblər
Mən məqaləni daha obyektiv və ədalətli nəşriyyatda dərc etdirmək hüququmu özümdə saxlayıram və yazını oxucuların diqqətinə təqdim edirəm ki, özünü demokratiyanın carçısı elan edən bu insanların əsl xarakterini sizlər də görün.
Hörmətli redaksiya!
azadliq.info saytında yəqin çox cavan nəsildən olan Sənubər adında bir jurnalist “Linç” məqaləsində (10 fevral) aşağıdakıları yazır:
“Adamlar “beynəlxalq nüfuzları, diplomatiyaları, iqtisadi inkişafları, güclü orduları”, peykləri ola-ola Qarabağı qaytara bilmirlər, Buna Əkrəm Əylisli neyləsin. Yazıb, yalan yazıb, kaş yazdıqları doğru olaydı. Kaş azərbaycanlılar əzazil, qəddar olaydılar, amma biz Şuşaya gedə biləydik. Kaş “yerazlar” Bakıda məskunlaşmayaydılar, Xankəndində erməniləri eyvandan atmış olaydılar, Qarabağ bizim olardı. Əsrin o tayında “Tı vor, tı rab, tı armyanin” deyə xarakterizə eləmişdilər erməniləri. Dünya bilir, tarix bilir, ermənilərin vecinə deyil. Xocalıya təyyarəylə gedirlər. Qarabağı qaytarası da deyillər. Amma biz burda ermənilərin üstündə bir-birimizi çərlədib öldürürük. Kaş Əylisli kimilər neçə belə əsər yazmış olaydılar, amma Ermənistandakı Azərbaycan torpaqları bizim əlimizdə qalaydı”.
Sənubər, sən yəqin ki, çox cavansan, 1991-1993-cü illərin hadisələrini xatırlamırsan, bəlkə də heç bilmirsən. Ona görə sənin üçün bir-iki hadisəni yada salmaq istərdim.
Bu gün çox az sayda gənc bilir ki, 1991-ci ilin yazında keçmiş Xanlar (indiki Göygöl) və Şaumyan (indiki Goranboy) rayonlarının kəndlərində Azərbaycan OMON qüvvələri tərəfindən pasport rejiminin yoxlamaları həyata keçirildi, hansı ki Mütəllibov dövrünün ən uğurlu əməliyyatı olmuşdur. Bu cür əməliyyatın zəruriliyi aydın idi, çünki erməni hərbçiləri Xanlar və Şaumyan rayonlarından Dağlıq Qarabağ üçün təchizat məntəqəsi kimi istifadə edir, həmçinin Azərbaycan və yerli erməni əhalisini qorxu içində saxlayırdılar.
Əməliyyat nəticəsində Azərbaycanın bir sıra erməni kəndləri özlərini “fədainlər” adlandıran quldur dəstələrindən təmizləndi. Əməliyyatın gedişatında 150-ə yaxın quldur, həmçinin jurnalist Salatın Əsgərova və üç rus hərbi qulluqçusunun qatilləri silah və hərbi sursatla birlikdə həbs edildilər. Bir sıra yaşayış məntəqələri, məsələn Xanlar rayonunun Çaykənd və Qarabulaq kəndlərində Ermənistandan deportasiya olunmuş azərbaycanlı qaçqınlar məskunlaşdırıldı. Həmin vaxtlar Stepanakertdə yaşayan və Təşkilat Komitəsi ilə əməkdaşlıq edən erməni tarixçisi və publisisti Robert Arakelov xatırlayır ki, bütün bu tədbirlər nəticəsində “hava limanı Xocalıya tabe edildi ki, bunun sayəsində də hava daşımalarına nəzarət mümkün oldu. Buna bənzər ciddi nəzarət avtomobil və dəmir yolu daşımaları üzərində təmin edildi, gizli radio verilişi aşkarlandı və ləğv edildi və s.”
... “Halqa” (“Koltso”) əməliyyatı tezliklə öz bəhrəsini verməyə başladı: 1991-ci il 19 iyunda Dağlıq Qarabağ Vilayət Şurasının deputatları “qarşıdurma siyasətindən dialoq və danışıqlar siyasətinə” keçmək istəklərini əks etdirən bəyannamə qəbul etdilər. Qarabağ ermənilərinin nümayəndə heyəti Mütəllibovla sülh danışıqları aparmaq üçün Bakıya yola düşdülər. Erməni separatçılarına qarşı bu cür sərt kurs davam etdirilsəydi, onların təslim olması uzun sürməzdi.
Bizim Qarabağ cəbhəsində uğurlarımıza kim mane oldu bəs? Bəli, siz haqlısınız, bizim o vaxtkı “qüdrətli” Xalq Cəbhəsi. Belə ki, Goranboy və Xanlar rayonlarında həyata keçirilən uğurlu əməliyyatlardan sonra AXC funksionerləri Mütəllibovun xalq arasında nüfuzunun artmasından ehtiyat edərək, qəflətən bəyan etdilər ki, Sovet ordusu ilə Azərbaycan birləşmələrinin birgə fəaliyyəti “A.Mütəllibov tərəfindən kommunist rejimin möhkəmləndirilməsi və Ermənistandakı demokratik qüvvələrə qarşı təzyiq göstərilməsi” deməkdir (?!). Daha da irəli gedərək AXC liderləri Pribaltikada erməni diaspor nümayəndələri ilə görüşdülər və “Qarabağda keçirilən əməliyyatlar zamanı yerli erməni əhalisinin hüquqlarının A.Mütəllibov tərəfindən pozulması” haqqında birgə bəyanat imzaladılar” (əgər kimsə mənə inanmırsa, arxivdən “Azadlıq” qəzetinin 17 yanvar 1991-ci il tarixli sayını tapsın və oxusun).
Bundan sonra Kreml rəhbərliyi Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında göstəriş verdi, Daxili İşlər naziri Məhəmməd Əsədov isə Moskvanın təzyiqi ilə işdən çıxarıldı. Halbuki məhz M. Əsədovun rəhbərliyi ilə Azərbaycan torpaqları erməni hərbçilərindən təmizlənirdi. Necədir Sizin üçün? Bəs bu milli maraqlara xəyanət deyilmi?
Yeri gəlmişkən, müxalifətin radikal qanadının nümayəndələri bənzəri vasitədən Ə.Vəzirov Qarabağa yardım Komitəsinin yaradılması təşəbbüsü ilə çıxış edəndə ona qarşı da istifadə etmişdilər. Bu Komitə Dağlıq Qarabağda Azərbaycan kəndlərinin inşası və abadlığı ilə məşğul olurdu, o kəndlərin bəzilərində Ermənistandan olan qaçqınların yerləşdirilməsi ehtimal olunurdu. Həmin vaxtlar Mərkəzi Komitənin birinci katibinin köməkçisi işləmiş Rasim Ağayevin sözlərinə görə AXC liderləri “Şuşa və digər yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı üzrə hökumət proqramına qarşı sözün həqiqi mənasında hücuma keçdilər: “Biz bu proqramı dəstəkləyə bilmərik, çünki o, azərbaycanlı əhalinin vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Buna imkan vermək olmaz, çünki Qarabağda vəziyyətin Kommunist partiyasının əli ilə yaxşılaşması, Partiyanı daha da gücləndirir” – deyə AXC liderləri bəyan edirdilər” (R.Ağayev, Z.Əlizadə “Azərbaycan. İkinci Respublikanın sonu” Moskva, 2006-cı il). İstənilən yolla hakimiyyətə gəlmək uğrunda kor və azğın mübarizə nəticəsində AXC rəhbərliyi həmin vaxtlar faktiki olaraq erməni separatçıları ilə həmrəylik göstərdilər və beləliklə də ümummilli maraqlarımıza güclü zərbə vurdular.
Ona görə də, mənim qızım, kimisə mühakimə etmək əvəzinə çalış tarixi, özü də yaxın tariximizi öyrən və əsl satqınları, düşmənləri, xainləri, sapı özümüzdə olan baltalar arasında axtar.