“Reydlər zamanı 27 nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb, 40 nəqliyyat vasitəsinin sürücüləri haqda müvafiq protokollar tərtib edilib”. Bunu Modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Bakı şəhərində aparılan reydlə bağlı deyib. BŞDYPİ-nin şöbə rəisi bildirib ki, dünəndən etibarən Bakı yol polisi avtomobillərin pərdə və plyonka ilə idarə edilməsinin qarşısını almaq üçün reydlər keçirir.
“Reyd keçirilən iki gün ərzində 60-a yaxın maşın mühafizə olunan dayanacaqlara göndərilib. Bu da ona görə olub ki, avtomobilində pərdə və plyonkanın sökülməsinə sürücü etiraz edib. İki gün ərzində yerində cərimələnməklə 70-dən artıq inzibati protokol tərtib edilib. Sürücülər haqqında cəza tədbirləri görüləcək. Bu cür sürücülərə qarşı heç bir güzəştə gedilməyəcək və təsirli tədbirlər görüləcək. Bakının əsasən mərkəzi küçələrində, “Azneft” meydanında, Cəfər Xəndan, Bakıxanov, Rəsul Rza, Ceyhun Hacıbəyli, Səməd Vurğun, Vaqif küçələrində, Neftçilər, Azadlıq prospektlərində reydlər aparılır”.
Vəzifəli şəxslərdən cərimə olunanlara gəlincə, V. Əsədov iki gün ərzində belə məqamla qarşılaşmadığını deyib: “Bu gün bir şeyi şahidi oldum ki, cənab prezidentimizin məlum çıxışından, iradından, göstərişindən sonra hiss olunur ki, məsuliyyət hissi artırılıb. O qədərdə gözə dəymir. Hesab edirəm ki, bu çıxışdan sonra avtomobil sürücüləri könüllü olaraq bunu aradan qaldıracaqlar. Qeyd edim ki, son vəzifəli şəxslərin qayda pozuntusu son iki gündə müşahidə edilməyib”.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a açıqlamasında bildirib ki, paytaxt Bakı ilə yanaşı, digər şəhərlər, rayon mərkəzləri və rayonlararası yollarda nəqliyyat vasitələrini qadağan olunmuş pərdə və plyonkalarla idarə edən sürücülərə qarşı reydlərə start verilib. Şöbə rəisi qeyd edib ki, ötən il ölkədə 24 min sürücü nəqliyyat vasitəsinə pərdə və plyonka vurduğu üçün cərimələnib.
“Bu gün Bakı ilə yanaşı, digər rayon və şəhərlərdə reydlər aparılır. Günün sonunda bu barədə məlumat veriləcək”.
Anar Kəlbiyev