Modern.az

Fəzail Ağamalı İlyas İsmayılova cavab verdi: “Bu düzgün yanaşma deyil”

Fəzail Ağamalı İlyas İsmayılova cavab verdi: “Bu düzgün yanaşma deyil”

Təhsil

13 Fevral 2013, 16:59

“Biri digərinə qarşı öz mövqeyini müxtəlif üsullar, təsirlərlə qəbul etdirə bilməz. İlyas İsmayılov düşünür ki, təklif etdiyi qəbul olunsa, yaxşı olar. Mən isə fikirləşirəm ki, dünyanın demokratik ölkələrinin heç birində bu cür yanaşma yoxdur”.
Bunu Modern.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. O, həmkarı İlyas İsmayılovun prezidentə ünvanladığı məktubu şərh edərkən bildirib ki, bu təklifin başqa bir forması üzərində işləmək olar.

Məmurların kommersiya fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb olunmasının əleyhinə olduğunu qeyd edən F.Ağamalı bunun insanların mülkiyyət əldə etmək hüququna qarşı bir addım kimi dəyərləndirib.

“Buna görə də başqa bir yanaşma lazımdır. Əgər hər hansı bir nazir, səlahiyyətli şəxs özünün rəhbərlik etdiyi sahənin inzibati, maliyyə resurslarından istifadə edib şəxsi bizneslərini qurarlarsa, onlar haqqında cinayət məsuliyyətinin xüsusi maddəsini tətbiq etmək olar. Ancaq sahibkarlığa görə cinayət məsuliyyətinə cəlb olunması düzgün yanaşma deyil. Məsələn, bu və ya digər millət vəkili, yaxud məmur vaxtilə sahibkarlıqla məşğul olub, şirkət yaradıb bunun hesabına biznesini qurubsa, insanların sosial vəziyyətinin yaxşılaşdırılması üçün töhfələr verib. Sonra deputat seçilmək üçün hüququndan istifadə edərək namizədliyini verir. Seçiləndən sonra, qanuna uyğun olaraq həmin sahibkarlıq fəaliyyətinə xitam verir. Ancaq öz səlahiyyətlərini kiməsə tapşırır. Bir növ sahibkarlıq işi davam etdirilir. Bundan əldə olunan qazanc həmin deputata və onun ailəsinə gəlir. Bundan imtina etməlidir ki?! Eynilə bunu nazir və məmurlara da aid etmək olar. Onların cinayət məsuliyyətinə cəlb olunmasında məntiq yoxdur. Bu cür arqumentlərə söykənərək həmin qanun layihəsinin əleyhinə səs vermişəm. Əksinə qanunda elə dəyişiklik etmək lazımdır ki, Azərbaycanın bütün vətəndaşlarının mülkiyyət əldə etmək hüququ tanınsın. Səlahiyyətli şəxslərə isə müəyyən məhdudiyyətlər qoyulsun. Bu sərhədləri aşan məmurlar isə inzibati və ya cinayət məsuliyyətinə cəlb olunsun”, – deyə F.Ağamalı qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl İ.İsmayılov Əli Hüseynlinin başçılıq etdiyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əlavə və düzəlişlərlə bağlı əslində hüquqi yox, siyasi qərar qəbul edildiyini vurğulamışdı.
“Komitədə layihənin müzakirəsinə 4 nəfər qatılıb. Qərar ciddi müzakirə aparılmadan qəbul edilib. İstənilən halda elə hesab edirəm ki, onların bu qərarı dövlət maraqlarına deyil, korrupsiyanın çiçəklənməsinə qulluq edir. Ona görə də böyük ehtimalla məsələ ilə bağlı ölkə Prezidentinə müraciət edəcəyəm”, – deyən Ədalət Partiyasının sədri Prezident İ.Əliyevə ünvanladığı məktubda da həmin məsələni bir daha diqqətə çatdırır.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir