Modern.az

Araztək coşğun...

Araztək coşğun...

27 Aprel 2022, 15:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan olunub. Müzəffər Ali Baş Komandanın müdrik siyasəti, qətiyyətli mövqeyi ilə uzun illər tapdaqda qalmış Şuşa, şeirimizin çeşməsi sayılan dilbər Qarabağ torpaqları cəsur, qeyrətli Vətən övladlarının qəhrəmanlığı ilə işğaldan azad olundu, zəfər bayrağımız bu torpaqlarda əbədi dalğalanmağa başladı.

         
Şuşa, Qarabağ deyəndə gözlərimiz önündə Molla Pənah Vaqif şəxsiyyəti və yaradıcılığı, həmçinin, bu yardıcılığa baş vuraraq, fundamental elmi əsərlər ərsəyə gətirən əməkdar elm xadimi, filologiya elmləri doktoru Araz Dadaşzadənin parlaq siması canlanır.

         
Belə bir düzümlə Azərbaycan Texniki Universitetində bu qabaqcıl elm və təhsil ocağının, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhimdar Cəmiyyətinin, “Könüllülər” Kitabxana İctimai Birliyinin təşkilatçılığı ilə Araz Dadaşzadənin xatirəsinə həsr olunmuş tədbir keçirildi.

         
Tədbiri giriş sözü ilə açan əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə görkəmli ədibin həyat və yaradıcılığından söz açdı.

         
Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Universitetin rektoru, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev çıxışlarında Araz Dadaşzadənin elm tariximizdəki yerindən, elmi naliyyətlərindən söz açdılar, xatirələr səsləndirdilər. Alimin övladları əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, filologiya elmləri üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə ataları haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.


Sözügedən anım tədbirində Anar dostunun musiqiçi kimi də böyük nailiyyətlər əldə edə biləcəyi haqda fikirləri ilə bölüşdü və dedi:

“Araz şübhəsiz, gözəl musiqünas da ola bilərdi”.

Anar deyib ki, Araz Dadaşzadə hələ çox-çox əvvəl Şostakoviçin 1941-ci ildə, yəni II Dünya müharibəsi dönəmində ərsəyə gətirdiyi VII “Leninqrad” simfoniyasının musiqisini bəstəkarın öz şəxsi iztirabları, dərd-səri ilə bağlı olduğunu sübut edib. Yəni həmin musiqi heç də təkcə müharibə reallıqlarını əks etdirməyib.

"Həqiqətən,  illər sonra nəşr olunan tədqiqatlarda bu fikir təsdiqini tapdı. Bəlli oldu ki, məşhur “basqın” mövzusunu Şostakoviç 1937-ci il repressiyalarından sarsılaraq bəstələyib. Bu epizod Araz müəllimin  araşdırmaçı kimi həssaslığına dəlalət edir".
    
Anarın başqa bir xatirəsi kövrək notlarla aşılanıb.

Belə ki, 1980-ci illərin sonunda  küləkli Bakının küçələrini bir neçə saat dolaşıb, yaranmış siyasi durumun dözümsüzlüyü haqqında bədbin fikirləri bölüşən Araz dostu ilə vidalaşarkən, bir az fikrə dalıb, Vidadinin “Belə qalmaz” müsəddəsindən “Bir cam yetir, saqi, bu dövran belә qalmaz, Tәn bir gün olur xak ilә yeksan, belә qalmaz”,- misralarını həyəcan və ümidlə qiraət edib.


Tədbir ədəbi-musiqili proqramla davam etdirilib. Tədbir boyu G. Əliyeva adına “Dan ulduzu” instrumental ansambluının müşayiəti ilə konsert proqramı iştirakçıların zövqünü oxşayıb. Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədova bacıları, müğənnilər Ayşən Mehdiyeva, Kamilə Nəbiyeva, Sədəf Budaqova, Gülzar Fərəcova, Vüsal Hacıyev, Rövşən Əziz, Sərxan Bünyadzadə, Əmrah Dadaşov, Nicat Cəfərzadə, Abgül Mirzəliyevin ifasında Rəfiq Zəka, Rüfət Zəbioğlu, Adil Babayev, Gəray Fəzli, Dəmir Gədəbəyli, İslam Səfərli, Mirmehdi Seyidzadənin şeirlərinə yazılmış Cahangir Cahangirov, Şəfiqə Axundova, Ramiz Mirişli, Emin Sabitoğlu, Oktay Kazımı, Elza İbrahimova bəstələri səslənib.

         
Aktyor Toğrul Rza Müşfiqin ifasında Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”, Cabir Novruzun “Sağlığında qiymət verin insanlara”, Q.Əsgərzadənin ifasında Süleyman Rüstəmin “Duz-çörəyi itirmə oğlum” şeirləri səsləndirilib.

         
Alimin xatirəsini anmaq üçün tədbirə C.Cabbarlı, S.Dağlı, M.Seyidzadə, Ə. Əlibəyli, N.Xəzri, C.Novruz, Ə. Ziyatay, D.Axundzadə, O. Kazıminin ailə üzvləri də qatılıb.

         
Xoş xatirələrlə, poetik nümunələrlə, gözəl, həzin nəğmələrlə müşayiət olunan tədbiri Mədəniyyət TV bütövlükdə videolentə alıb.

         
Araz Məmməd Arif oğlu Dadaşzadə 1936-cı il yanvar ayının 30-da Bakı şəhərində, görkəmli ədəbiyyatşünas alim, ictimai xadim, Azərbaycan ədəbi tənqidinin vicdanı sayılan, Azərbaycan elmi-ədəbi dilinin şahənşahı adlandırılan, uzun müddət Azərbaycan EA-nın vitse-prezidenti, bir müddət isə Azərbaycan SSR Ali Sovetinə sədrlik etmiş Akademik Məmməd Arif Dadaşzadənin ailəsində dünyaya göz açıb. Hələ uşaqlıqdan əhatəsində olan ədəbi-bədii, mədəni mühit Arazın həyatına işıq saçıb, onu ömrünün sonuna kimi ədəbiyyata bağlayıb. Tarix fakültəsini bitirməsinə baxmayaraq, tale onu 1956-cı ildən etibarən, ədəbi mühitə möhkəm, qırılmaz tellərlə bağlayıb.


Harada işləməsindən asılı olmayaraq, işinə vicdanla yanaşıb, böyük əmək sərf edərək, Azərbaycan elmini ölməz əsərləri ilə zənginləşdirib, həmişəyaşarlıq qazanıb.


Araz Dadaşzadə ədəbi-elmi həyatda, mədəniyyət sahəsində şərti olaraq “altmışıncılar” adlanan nəslə mənsub ədəbiyyatşünas və tənqidçidir.


Ailə kitabxanasındakı müxtəlif səpkili kitablar hələ kiçik Arazı oxumağa, bilik almağa, elmə, ədəbiyyata sövq edib.

         
Bakı şəhəri 7 saylı orta məktəbi bitirdikdən sonra sənədlərini BDU-nin fəlsəfə fakültəsinə verib. 1 il sonra həmin fakültənin bağlanması ilə əlaqədar tarix fakültəsinə keçirilib. Təhsilini bitirəndən sonra o, bir müddət Azərbaycan EA Azərbaycan Tarixi Muzeyində çalışıb. Lakin ədəbiyyat sanki Araza gəl-gəl deyir, onu ədəbi mühitə yaxınlaşdırırdı.

         
Ədəbi mühitdə qələm çalmağa başlayan Araz burada fəaliyyətini “Azərbaycan gəncləri” qəzetində çıxan “Tərli kürəklər” kinofilminə yazdığı eyni adlı resenziya ilə başlayıb. Müxtəlif vaxtlarda “Kral Lir”, “Dədə Qorqud”, “Dərviş Parisi Partladır” və s. filmlərə həsr edilmiş məqalələrlə çıxış edib.


Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərmiş orta ixtisas musiqi məktəbinin yaradıcısı və direktoru olmuş Kövkəb Səfərəliyevanın tövsiyəsi ilə Araz bu məktəbə daxil olub. Gözəl musiqi duyumu olan Araz burada musiqinin sirlərinə yiyələnib. Elə bu səbəbdəndir ki, onun qələmə aldığı musiqiyə dair məqalələri, musiqili verilişlərin ssenariləri peşəkarcasına alınırdı. Digər tərəfdən, musiqi duyumu ona həm də ana tərəfindən genetik kodlarla keçib.

Valideynləri uşaqlıqdan Araza dürüst, əməksevər olmağı, qurub-yaratmağı, el-obasını, Vətənini, xalqını sevməyi, xeyirxah, humanist, nəcib olmağı, sadəliyi, dürüstlüyü və səmimiyyəti ilə seçilməyi aşılayıb. Araz da bu yüksək insani keyfiyyətləri yorulmadan öz övladlarına da ötürüb. Bəlkə, elə buna görə idi ki, evdə tez-tez Xalq şairi Süleyman Rüstəmin “Duz-çörəyi itirmə, oğlum” şeirindən sitat gətirilərdi:


İnsanın şərəfi, bəzəyi məncə,

Deyildir, nə ipək, nə tirmə, oğlum.

Yaxşıdan yaxşı ol ellər içində,

Kimsəyə bir ziyan yetirmə, oğlum.
 

Oxu öyüdüymü sən sətir-sətir,

Dilindən məclisə səpilsin ətir.

Qazancını itir, malını itir,

Ancaq duz-çörəyi itirmə, oğlum!
 

A.Dadaşzadə Azərbaycan Sovet Ensiklopediyasının yaradıcılarından biri olub və 1988-ci ildən ömrünün sonuna kimi ona rəhbərlik edib. Özünün zəngin ensiklopedik biliyə malik olması onun baş redaktor kimi fəaliyyətində böyük rol oynayıb, həyatından qırmızı xətlə keçib. Keçən əsrdə internetin mövcud olmadığı bir vaxtda dolğun, ətraflı, əhatəli, çox məlumatlı bir ensiklopedik toplu yaradılmasında A. Dadaşzadənin təbii ki, rolu, əməyi əvəzsizdir. A.Dadaşzadə tədqiqatçı alim kimi dövri mətbuatda və xüsusi nəşrlərdə onlarla tənqidi və elmi məqalənin, ədəbiyyat, kino, teatr, musiqi, təsviri sənət və digər məqalə və rəyin müəllifi olub. Onun “Azərbaycan”, “Kirpi” və digər nəşrlərdə hekayələri də işıq üzü görüb. O, bu yazıları ilə Azərbaycan ədəbi dilinin inkişafına böyük töhfələr verib. O, Azərbaycan İncəsənət İnstitutunda pedaqoji fəaliyyətində də ədəbi dilin təbliğinə, nitq mədəniyyətinə böyük önəm verib.

A.Dadaşadənin fəaliyyətində Azərbaycan Milli Televiziya və radiosu xüsusi yer tutur. O, uzun illər Azərbaycan Televiziyasında “Azərbaycan ədəbiyyatı teleantologiyası”, “Sovet poeziyasının teleantologiyası” və digər verilişlərin aparıcısı, neçə-neçə televiziya və radio verilişinin müəllifi kimi də yaddaşlarda qalıb. Hazırda bu verilişlər Milli Televiziya və radiomuzun fondunu bəzəyir.

A.Dadaşzadənin elmi fəaliyyətinin zirvəsi Molla Pənah Vaqiflə bağlı olub. O, 1964-cü ildə “M. P. Vaqifin yaradıcılığı” mövzusunda namizədlik, 1977-ci ildə isə “XVIII əsr Azərbaycan lirikası (ideya tematik və sənətkarlıq xüsusiyyətləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Onun yazdığı “M. P. Vaqif (həyat və yaradıcılığı haqqında oçerk)” kitabçası Azərbaycan dili ilə yanaşı, digər dünya xalqlarının dilində - rus, ingilis, fransız, türk, ərəb, fars dillərində də çap olunub. Təsadüfi deyildir ki, Azərbaycan EA-nın müxbir üzü Abbas Zamanov Arazı “Vaqifşünasların saqqalsız ağsaqqalı” adlandırırdı. Belə ki, A. Dadaşzadə Vaqifin yaradıcılığını onun həm keşməkeşli həyat yolu, dövlət xadimi kimi, həm də Qarabağ xanlığının baş vəziri kimi fəaliyyəti ilə sıx təmasda təhlil etməyə müvəffəq olub. Bu da onun tədqiqatına xüsusi sanbal, əlavə həcm aşılayıb.

Filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadənin dediklərindən:

“Ədəbiyyatşünaslıq elmində XVIII əsr Azərbaycan ədəbiyyatı və konkret olaraq Vaqifin ədəbi irsi ilə əlaqədar bu fundamental işin icrasını ilk olaraq Araz Dadaşzadə öz üzərinə götürdü.  O, ərsəyə gətirdiyi tədqiqatlarında Vaqifin milli ədəbiyyatda doqmatik normaların olduqca qüvvətli bir dövründə poeziyamızı məzmun və formaca, ilk növbədə isə məfkurəcə yeni, əvvəlki irsdən fərqli bir mərtəbəyə qaldırmağa müvəffəq olmasını xüsusi vurğulamışdır. Ümumiyyətlə, XVIII əsr ədəbiyyatda Vaqif və Vidadi dövrü adlandıran alim vurğulayırdı ki, Vaqif poeziyasında dini-sxolastik, mistik obraz və mövzular, didaktika və ritorikaya əsaslanan məqamlar yox dərəcəsindədir. Özünəməxsus realizmi ilə fərqlənən Vaqif şeirlərində yabançı dillərdən alınmış söz və ifadələr azlıq təşkil edir və onun yaradıcılığı sırf milli xarakter daşıyır, təbii xəlqiliyi ilə seçilir”.


A.Dadaşzadə hesab edirdi ki, şairin lirikasında dünyəvi baxışlar güclüdür, ona görə də təsvir etdiyi qəhrəmanlar onunla eyni dövrdə çalışan qələm sahiblərinin bədii nümunələrindən fərqli olaraq, öz canlı cizgiləri, həyata bağlılğı ilə diqqəti çəkir. O, Vaqifin poeziyasına məxsus dünyəvi hisslərin mahiyyətini, onun insana məxsus emosiyaları təsvir edərkən, süni sədd və maneələri dağıda bilmək istedadı və ustalığını antik Roma şairi Ovidinin “Məhəbbət elegiyaları”, eramızın I əsrində yaşamış Roma şairi Martsialın lirikası, Bokkaçonun “Dekameron”u, Rablenin “Qarqantüa və Pantaqruel” romanı ilə eyni müstəvidə təhlil edir, bu sənətkarların məfkurə yaxınlığını açıb göstərirdi.

A.Dadaşzadə bildirirdi ki, Vaqif yeni ruh, əqidə və keyfiyyətcə tam fərqli Azərbaycan ədəbiyyatının təməl daşını qoymuş və onun axarını birdəfəlik olaraq, milli özünüdərk səmtinə yönəltmiş bir sənətkardır. O, özündən sonrakı milli ədəbiyyatın inkişafına pozitiv təsir göstərmiş, Qasım bəy Zakirin satiralarının, M.F.Axundovun, N.Vəzirovun dram əsərlərinin dil və ifadə vasitələrinin zənginliyi və xəlqiliyinə yol açmışdır.
 

A.Dadaşzadənin elmi irsi daim diqqət mərkəzində olmuşdur. Təsadüfi deyildir ki, görkəmli Azərbaycan ədəbiyyatşünası Əziz Şərif hələ 1967-ci ildə Moskvada nəşr edilən və o dövrdə böyük nüfuza malik olan “Voprosı literaturı” jurnalının səhifələrində A.Dadaşzadənin “Molla Pənah Vaqif” monoqrafiyasına yüksək qiymət vermişdir. Alimin tədqiqatları bu gün də öz aktuallığını itirməmişdir. Əlamətdar bir haldır ki, bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr olunan “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyində “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı” fəsli Araz Dadaşzadə tərəfindən yazılmışdır.
 

Yekun olaraq demək olar ki, Araz Dadaşzadənin elmi-ədəbi irsi gələcək tədqiqtçılar üçün çox dəyərli, etibarlı mənbədir. Onun elmi-ədəbi irsi özü ayrılıqda bir dissertasiya mövzusudur. Gələcək alimlər zənnimcə, bunu nəzərə alacaqlar.
 

Qafar Əsgərzadə,
Əməkdar jurnalist, pedoqogika
üzrə fəlsəfə doktoru, dosent

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir