Qarabağ QHT Koalisiyası, qaçqın, məcburi köçkün, müharibə veteranları və şəhid ailələrini təmsil edən digər bir qrup qeyri -hökumət təşkilatları bir araya gələrək Əkrəm Əylislinin məhkəməyə verilməsi, həmçinin “İstiqlal” və “Şöhrət” ordenlərindən məhrum olunması üçün Azərbaycan Prezidenti və Milli Məclis qarşısında məsələ qaldırılması barədə qərar qəbul ediblər.
Buna səbəb kimi yazıçının “Daş yuxular” əsərində azərbaycanlıların şərəf və ləyaqətini təhqir etməsi göstərilib.
Bu məqsədlə fevralın 13-də Beynəlxalq Mətbuat Mərkəzində bu QHT-lər bir araya gəliblər. Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov bildirib ki, bir Azərbaycan vətəndaşı kimi Əkrəm Əylisli yazdığı bir roman ilə özünü, yaradıcılığını, şəxsiyyətini öz xalqı qarşısında ləkələyib.
”O, əsl kimliyini bəyan edib, ermənipərəst mövqeyini, millətinə qarşı hansı hisslər daşıdığını utanmadan göstərdi. Lakin burada Əkrəm Əylislinin öz xalqına qarşı olan nifrətini, qəlbinə pərçimləmiş olduğu düşmən sevgisini anlamaq, dərk etmək olduqca çətindir. Anlamaq olmur ki, ağlı başında bir insan yaşadığı, çörəyini yediyi torpaqlara, o torpaqlarda yaşayan insanlara necə bu qədər xəyanət edə bilərmiş? Əkrəm Əylisli ömrünün qürub çağında Azərbaycan ziyalısına yaraşmayan hərəkətlərə yol verərək “Daş yuxular” romanı ilə bütün ölkəni silkələdi. Məlum oldu ki Azərbaycan təkcə ön cəbhədə ermənilərə qarşı deyil, eyni zamanda arxa cəbhədə də erməni müdafiəçiləri ilə də psixaloji mübarizəyə hazır olmalıdır. Çünki nə qədər ki, Azərbaycan torpaqlarının bir hissəsi düşmən tapdağı altındadır, düşmən fitvası ilə gələcəkdə belə Əkrəmlərin sayı çox ola bilər”.