Baş Prokurorluq Şəkidə baş verən atışma ilə bağlı daha bir açıqlama yayıb. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, fevralın 10-da saat 20:45-də Şəki şəhərinin "Daşqaya" adlanan ərazisində naməlum şəxslərin odlu silahdan atəş açmaları barədə şəhər Polis Şöbəsinə daxil olmuş məlumat əsasında şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Şəki şəhər sakini, 1976-cı il təvəllüdlü Yalçın Əsgərzadə və əvvəllər məhkum edilmiş Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Anar Şəfiyev müəyyən edilərək saxlanılıb.
Polis Şöbəsində Yalçın Əsgərzadənin idarə etdiyi "Toyota Land Cruser Prado" markalı avtomobilə baxış zamanı 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd patron darağı və 12 ədəd patron, Anar Şəfiyevin idarə etdiyi "VAZ- 21154" markalı avtomobildən isə 4 ədəd tapança patronları aşkar olunaraq maddi sübut kimi götürülüb.
Fakta görə Şəki şəhər Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Baş Prokurorluğun yaydığı digər məlumatda isə bildirilir ki, fevralın 12-də saat 19:00 radələrində Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini, 1935-ci il təvəllüdlü Rəcəb Rəcəbov bir il əvvəl boşadığı və hazırda birlikdə yaşadığı arvadı, 1943-cü il təvəllüdlü Sona Rəcəbovaya aralarında baş vermiş mübahisə zamanı özündəki bıçaqla qəsdən öldürmək məqsədi ilə çoxsaylı xəsarətlər yetirib. R.Rəcəbov daha sonra oğlu, 1978-ci il təvəllüdlü Rasim Rəcəbova da bıçaqla xəsarət yetirib və bu zaman evə gəlmiş və bıçağı onun əlindən almaq istəyən gəlini, 1970-ci il təvəllüdlü Yasəmən Rəcəbovanın başına isə tava ilə vurub. S.Rəcəbova və R.Rəcəbov aldıqları xəsarətlərlə bağlı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilmiş, digər zəruri və təxirəsalınmaz istintaq tədbirləri aparılıbdır.
Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən R.Rəcəbov tutularaq istintaqa cəlb olunmuşdur. Cinayətin aləti olan 1 ədəd mətbəx bıçaq onun yaşadığı evin həyətindən tapılaraq maddi sübut kimi götürülüb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Modern.az