Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi «Elit» Ticarət Mərkəzində baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.
Modern.az-ın məlumatına görə, bildirilib ki, fevralın 10-da saat 23:00 radələrində Bakı şəhər sakini Həsənov Vasif Vaqif oğlu Binəqədi rayonunun Dərnəgül qəsəbəsi ərazisində yerləşən «Elit» Ticarət Mərkəzinin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq mərkəzin əməkdaşları ilə mübahisə edib və üstündə gəzdirdiyi bıçaqla orada işləyən Məftun Qasımov, Əli Mirzəyev və İlqar İbrahimova müxtəlif dərəcəli xəsarətlər yetiribdir.
Mərkəzin əməkdaşları aldıqları xəsarətlərlə bağlı xəstəxanaya yerləşdiriliblər.
Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
V.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Modern.az