Dünyanın gözü və qulağı həftələrdir Ukraynadan gələn xəbərlərdədir. Müharibə tam sürətlə getdiyi bir vaxtda Ukraynadan Rusiyaya qarşı daha bir iddia gəlib. Ukrayna məxfi xidməti telefon dinləmələri nəticəsində müharibədə həlak olan rus əsgərlərinin sayını açıqlayıb. Dinlənilən rus əsgərlərinin kimliyi açıqlanmayıb.
Rusiyanın sirr olaraq saxladığı məlumatlar nələrdir?
Rusiya prezidenti V.Putinin əmri ilə fevralın 24-də Ukraynaya doğru irəliləməyə başlayan Rusiya ordusu tarixinin ən çətin dövrünü yaşayır. Bütün cəhdlərə baxmayaraq, ölkənin mərkəzi Kiyevə düşə bilməyən, istiqamətini şərqə çevirən ordunun itkiləri Moskvanın gözlədiyindən qat-qat üstündür.
Müharibənin gedişində Rusiya hərbi texnikasının qeyri-kafi olması, modernizasiya edilməməsi və qərbdən Ukraynaya göndərilən silahların mühüm rol oynadığı bildirilir.
Ukrayna tərəfi rus əsgərlərinin itkiləri ilə bağlı dəlilləri ictimaiyyətlə paylaşıb. Dinlənilən bir rus əsgərinin “müharibədə cəmi 2 ayda 25.900 rus əsgəri ölüb” dediyi eşidilir.
Digər bir hərbçi isə böyük komandirinin ölümünü bu sözlərlə ifadə edib: “Komandirim gözümün qabağında partladı, bağırsaqları çıxmışdı. Onu xilas etmək üçün helikopter göndərdilər, amma ürəyi daha dözə bilmədi”.
Rusiya hələ də itkilərini açıqlamır
Ukrayna son hesabatında müharibədə həlak olan rus əsgərlərinin sayının 23 minə yaxın olduğunu bildirib. Qərb mənbələri bu rəqəmin 7-15 min arasında olduğunu bildirsə də, Moskva mövzu ilə bağlı ilk və son rəsmi açıqlamasını martın 2-də verib.
Sözügedən açıqlamada Rusiyanın müharibədəki əsgər itkisinin 498 nəfər olduğu açıqlanıb. O vaxtdan bəri bu məlumatlar yenilənməyib.
Rusiya hökuməti nadir hallarda silahlı qüvvələri tərəfindən ölənlərin sayı ilə bağlı yeniliklər təqdim edir, yerli hökumətin və qəzetlərin elanları döyüşlərdə ən azı 317 zabitin öldüyünü göstərir.
Rusiya Əfqanıstanı işğal edərkən də oxşar hərbi böhranla üzləşmişdi. Sovet əsgərləri ilk dəfə 24 dekabr 1979-cu ildə SSRİ lideri Leonid Brejnevin əmri ilə bölgəyə yola salınıb və 10 il davam edən müharibədə 15 minə yaxın itki verilib.
1979-cu ildə Əfqanıstanın işğalı Sovet İttifaqının dağılmasına səbəb olan elementlərdən biri kimi göstərilir. Sovet ordusu 1989-cu ildə ölkədən geri çəkildi və müharibə Moskvaya baha başa gəldi.
Qısa müddət sonra isə Sovet İttifaqı dağıldı və nəticədə Ukrayna da daxil olmaqla 15 ölkə müstəqillik əldə etdi.