10 İLDƏN SONRA İNSANLARDA GEN DƏYİŞİKLİYİNİN ƏMƏLƏ GƏLMƏSİ ELMƏ MƏLUM OLACAQ
Ötən əsrin 90-cı illərindən başlayaraq xarici ölkələrdən Azərbaycana çeşidli ərzaq məhsulları gətirilir. Böyük əksəriyyəti genetik modifikasiyaya uğramış (GMO) məhsullar olan bu ərzaq növlərindən 15-20 illik istifadənin fəsadları bu gün artıq üzə çəxmaqdadır. Ekspertlər həyəcan təbili çalırlar: genetik modfikasiya olunmuş məhsulların idxalı Azərbaycanın genefondu üçün çox təhlükəlidir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a bildirib ki, Azərbaycanda genetik modifikasiya olunmuş əkinçilik və toxumçuluğun inkişaf etdirilməsi ciddi narahatlıq doğuran faktdır: “Təəssüf ki, Azərbaycanda bu sahədə nə laboratoriya var, nə də tədqiqat gedir. 2008-ci il iyunun 10-da qəbul edilən "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" qanunda Azərbaycana genetik motifikasiya olunmuş malların gətirilməsinə "yaşıl işıq" yandırıldı. Artıq kəndlilər əkdikləri bitkilərin toxumundan növbəti il üçün toxum götürə bilmirlər”.
Eyyub Hüsenyov qeyd edib ki, Azərbaycanda satılan qarpız, yemiş, pomidor, soğan və digər malların böyük hissəsi genetik modifikasiya olunmuş bitkilərdir:
- Genetik modifikasiya olunmuş toxum və bitkilərdən istifadə nəticəsində bal verən arıların da növləri kəsilib, 10-dan çox pomidor növü məhv olub. Təxminən 10 ildən sonra insanlarda gen dəyişikliyinin əmələ gəlməsi elmə məlum olacaq. Bu cür ərzaqlardan istifadə allergiya, xərçəng kimi xəstəliklərin yayılmasına səbəb olur. Mən Ümumdünya Ticarət Təşkilatına öz iradımı bildirmişəm. Ancaq onlar deyirlər ki, “sahibkarların hüquqlarını müdafiə edən təşkilat deyilik. Biz satış təşkilatıyıq, nə istəsək sata bilərik”. Bu gündən laboratoriya yaradılsa belə, bu prosesin qarşısını almaq mümkün deyil. Artıq cin şüşədən çıxıb.
Müstəqil ekspert Babək Tatlıyev isə bildirib ki, belə məhsullardan istifadə edən dünyanın bir sıra ölkələrinin əhalisi “laboratoriya siçovullarına” çevrilib: “Bu gün Rusiyadan Azərbaycana gətirilən ət məhsullarının 80-90%-i GMO məhsullarıdır. Bizim yediyimiz şokoladlar, dondurmalar, 19 günə böyüdülmüş toyuqlar çox təhlükəlidir”.
Babək Tatlıyevin sözlərinə görə, bu cür məhsullar bizim genimizə də təhlükə yaradır: “Qızlarda sonsuzluq hallarının artması müşahidə olunur. Ancaq növbəti 20-25 ildən sonra bunun daha acı nəticələrini görəcəyik. GMO məhsullarının idxalına qadağa qoyulması daha məqsədə uyğundur”.
Respublika Gigeyena və Epidemologiya Mərkəzinin Qidalanma gigeyenası şöbəsinin müdiri İmran Abdullayev deyib ki, genetik modifikasiya olunmuş toxum və bitkilərlə bağlı tənzimləyici sənəd olmadığından konkret fıkir söyləmək çətindir: “Bu problem artıq dünyaya məlumdur. GMO ilə bağlı qanun layihəsi hazırlanıb, ancaq ümumi qanunvericilik aktı qəbul olunmayıb. Amerika təlimatçıları da layihəylə bağlı öz tövsiyyələrini veriblər. Qanun lahiyəsi 2009-cu ildə hazırlanıb, çox güman ki, bu il qəbul olunacaq. Dövlət bu cür məhsulları daim nəzarətdə saxlamalıdır”.
İmran Abdullayev hesab edir ki, sözügedən məhsulların gətirilməsində məqsəd qida mallarını artırmaq, onlarda soyuğa, həşaratlara qarşı dözümlülük yaratmaqdır. Bu tipli məhsulların insan orqanizminə təsirinə gəlincə, İmran Abdullayevin sözlərinə görə, onu öyrənmək üçün yüz ilər lazım olacaq: “Təhqiqat laborotoriyası olmaması işləri daha da çətinləşdirir. Bununla yanaşı ən böyük problem kadr yoxluğudur”. Tibb elmləri doktoru, professor Adil Qeybulla da 28 günə yetişdirilən toyuqları, tez yetişən məhsulları yeməyin insan orqanizminə çox zərər verdiyini deyir: “Bu məhsullarda hansısa gen dəyişdirildikdə onun xasiyyəti də dəyişir. Həmin məhsullar müəyyən temperaturda illərlə qalır. Məsələn, pomidorda müəyyən bir gen dəyişdirilir. O, 12 dərəcə temperaturda bir il qala bilir və heç bir keyfiyyətini itirmir. Ancaq müəyyən olunmuş temperatur dəyişən kimi pomidor yetişir və xarab olur. Yaxud da rənginə və digər keyfiyyətinə təsir edə bilər. Broyler toyuqlarına gəlincə isə onlara verilən qidada xüsusi viruslar və hormonlar var ki, 28 gün müddətinə kəsilməli olurlar. Bu proses uzun çəkərsə, iqtisadi baxımdan quşçuluq müəssisələrinə sərfəli olmaz. Nəticədə 28 günə böyüyən toyuqlarda xeyli keyfiyyət dəyişiklikləri olur. Onlarda qeyri-üzvü maddələr olmadığı üçün sümük çox yumşaq olur. Bu toyuqlar ətli olduğuna görə əhalinin çoxu onu almağa meyillidir”. Professorun fikrincə, həmin məhsullar konkret neqativ təsiri olan məsələ kimi ortaya qoyulmalıdır. “Rusiyada bu cür məhsulların satışı ilə bağlı xeyli qadağalar var”. A.Qeybulla deyir ki, tez hazırlanan, tez yetişən məhsullar həddən artıq piylənməyə, şəkərli diabetə, mübadilə pozğunluğuna və sairəyə gətirib çıxarır ki, bundan da xeyli insan əziyyət çəkir. “Bundan başqa, orqanizmdə müəyyən problemlər yaradır. Amerika və Avropa ölkərinin əksəriyyətində piylənmədən əziyyət çəkən çoxlu sayda insan var. Ən əsası isə piylənmə orqanizmin normal xərçəng əleyhinə müdafiə sisteminin möhkəmlənməsinə imkan vermir. Xaricdən qəbul olunan bu cür qidalar bədənin energetik ehtiyatlarının tükənməsinə gətirib çıxarır. Nəticədə ekstremal durum yaranır. Həmin durumdada maddələr mübadiləsi istənilən istiqamətdə pozula bilər”.
Təhminə Paşayeva