Moskva Vaşinqtonun Rusiya əmlakını müsadirə etmək qərarını tənqid edərək, ABŞ-ın son addımını əmlakın müsadirəsini leqallaşdırmaq üçün təhrif edilmiş cəhd kimi qiymətləndirib.
Modern.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Bu, əlbəttə ki, hər hansı hüquq normalarının kobud şəkildə təhrif edilməsi və ümumilikdə bütün hüquqi anlayışların pozulması olan çox təhlükəli presedentdir. Bu, sadəcə şəxsi mülkiyyətin özgəninkiləşdirilməsindən və bunu psevdoleqallaşdırmaq cəhdindən başqa bir şey deyil", - deyə Kreml rəsmisi qeyd edib.
Putinin mətbuat katibinin sözlərinə görə, Vaşinqtonun bu cür hərəkətləri özəl mülkiyyət, iqtisadiyyat, siyasət və digər sahələrdə “müəyyən edilmiş normaların nə qədər kövrək olduğunu” əyani şəkildə nümayiş etdirir.
Xatırladaq ki, bu gün ABŞ prezidenti Co Baydenin Konqresə rusiyalı sahibkarların əmlakının müsadirə edilməsinə imkan yaradan təkliflər göndərəcəyi və bu vəsaiti Ukraynaya yardım üçün istifadə edəcəyi bildirilib.