Modern.az

Prezident çıxışında konkret mesajlar verdi – Deputat

Prezident çıxışında konkret mesajlar verdi – Deputat

Aktual

29 Aprel 2022, 21:31

“Azərbaycan Ermənistana sülh təkliflərindən ibarət paket təqdim edib. Həmin paketdə yekun sülhün əldə edilməsi, sülh sazişinin bağlanması üçün Ermənistan tərəfinə 5 baza prinsiplərindən ibarət sənəd təqdim edilib. Burada məqsəd regionda daimi sülhün bərqərar olmasıdır. Azərbaycan apardığı 44 günlük müharibədə ədaləti təmin etdi, xalqımızın halal haqqını geri aldı, 30 illik erməni işğalı zamanı talanmış, məhv edilmiş torpaqlarımızı azad etdi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirdi, ATƏT-in Minsk qrupunun etməli olduğunu, lakin etmək istəmədiyi suveren hüquqlarımızı, ərazi bütövlüyümüzü təmin etdi və nəhayət bu qurumun fəaliyyətsizliyinə son qoydu. Müharibədən sonra Azərbaycan qalib ölkə olmasına baxmayaraq Ermənistana yenə şans verir, sülhə, əmin-amanlığa, inkişafa çağırır, öz qonşuları ilə əməkdaşlıq etmək istəyir. Prezident İlham Əliyevin ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Ermənistanla bağlı çıxışı zamanı dediyi kimi, Azərbaycanın təklif etdiyi prinsiplər sülh sazişi üçün təməl olmalıdır”. 

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

 

Deputat bildirib ki, Prezidentin çıxışından bütün region ölkələrinə, həm də dünya birliyinə bir mesaj var: 

 

“Bildirilir ki, Azərbaycan sülh tərəfdarıdır, hətta Ermənistanla da hərtərəfli əlaqələrin qurulmasına, bütövlükdə regionun iqtisadi inkişafına tərəfdardır. Bu gün beynəlxalq konfransda Azərbaycan öz məramını ortaya qoydu, görəcəyi möhtəşəm planları açıqladı. Bu planların mərkəzində həmin torpaqların minalardan təmizlənməsi, infrastrukturun bərpa edilməsi, yaşayış məskənlərinin salınması və nəticədə oranın tarixi sakinləri olan məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması dayanır. Prezident çıxışında konkret ismarıclar verdi. Cənab İlham Əliyev ermənilərin Azərbaycan vətəndaşı olaraq bütün hüquq və azadlıqları əldə edəcəyini və onların təhlükəsizliklərinin təmin olunacağını dedi. Bunun üçün ilk növbədə separatçı əhval-ruhiyyədən əl çəkmək və reallıqları qəbul etmək lazım olduğunu da xatırlatdı. Bəli, bizim hazırda əsas məqsədimiz Qarabağı bərpa etmək və keçmiş qaçqınları oraya qaytarmaqdır. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları böyük bir tikinti meydançası təsiri bağışlayır. Yollar çəkilir, dəmir yolu xətləri inşa edilir, müxtəlif infrastruktur obyektləri tikilir. Bu isə Böyük Qayıdışa hazırlıqdan xəbər verir. Artıq belə tikintilərdən biri – Zəngilan rayonundakı Ağalı – “ağıllı kənd” layihəsi yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda həmin kəndə köçən vətəndaşlarımız Qarabağa qayıdışın ilk sakinləri olacaqlar. Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək yol infrastrukturu da inşa mərhələsindədir. Bütün bunlar artıq geriyə dönüşü olmayan hadisələrdir. Azərbaycan və azərbaycanlılar işğaldan azad edilmiş ərazilərimizə əbədi olaraq qayıdırlar. Bütün dünya, o cümlədən Ermənistan bu reallığı anlayır və inanırıq ki, proses Azərbaycanın tərtib etdiyi kimi davam edəcək”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi