Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bir çox mühüm məqamlara toxunub. Dövlət başçısı Qarabağdakı ermənilərdən söz açaraq, onlarla təmaslara başlandığını və müsbət mesajlar alındığını söyləyib.
“Bizə artıq Qarabağdakı ermənilərdən mesajlar daxil olur. Bunlar çox müsbət mesajlardır. Biz artıq müxtəlif səviyyələrdə ilkin təmaslara başlamışıq. Bunun təfərrüatlarına varmaq istəmirəm, lakin proses artıq başlayıb və bu, bir daha bizim niyətimizi göstərir”, - Prezident vurğulayıb.
Ölkə liderinin çıxışı ilə bağlı Modern.az-a danışan Cəbrayılın deputatı Ceyhun Məmmədovun sözlərinə görə, Azərbaycanın Ali Baş Komandanın rəhbərliyi ilə apardığı siyasət göstərir ki, ermənilərin, xüsusilə Qarabağda yaşayan ermənilərin başqa çıxış yolu qalmayıb:
"Ermənilər reallığı dərk edirlər, bilirlər ki, Azərbaycanla silahlı mübarizə aparmaq mümkün deyil. Onların yalnız bir yolu var, azərbaycanlılarla birlikdə yaşayıb, münasibətləri bu istiqamətdə inkişaf etdirməlidirlər. Biz Qarabağda yaşayan ermənilərin hamısının revanşistlər olduğunu deyə bilmərik. Onların arasında reallığı qəbul edənlər də var. Ermənilər köhnə rejimin qalıqlarından çəkinərək bunu göstərə bilmirlər. Amma əmindirlər ki, Ermənistan hakimiyyəti və onun Qarabağdakı qalıqları heç bir inkişafa xidmət etmir. Ermənilər 30 ildir Qarabağda heç nə etməyib, əksinə viran qoyublar. Biz isə Vətən Müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, öz torpaqlarımızı bərpa edirik".
Deputatın fikrincə, erməni xalqının gələcəyini düşünən şəxslər azərbaycanlılarla birgə yaşamaq istədiklərini bildirirlər:
"Onlar mesajlar ötürürlər, bizimlə birlikdə yaşamaq istədiklərini bildirirlər. Onsuz da bu proses getməlidir, çünki qeyd etdiyimiz kimi, ermənilərin başqa yolu yoxdur. Bölgəyə sülhün gəlməsi üçün iki xalq arasında münasibətlər normallaşmalıdır. Uzun müddət düşmənçilik, qarşıdurma davam edə bilməz.
Aidiyyatı qurumlar, dövlət orqanları bu istiqamətdə çalışırlar. Yaxın zamanda Azərbaycan öz istəyinə nail olacaq. Biz ermənilərin törətdiklərini unutmuruq, heç vaxt unutmayacağıq. Sadəcə, bölgəyə sülhün gəlməsi üçün normal münasibətlər olmalıdır".