TQDK sədri Məleykə Abbaszadə builki qəbul qaydalarından danışdı...
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu ilki qəbul qaydalarını açıqlayıb. Modern.az-ın məlumatına görə, komissiya sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ali və orta ixtisas təhsili məktəblərinə ərizə qəbulu internet vasitəsilə aparılacaq:
“Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internet vasitəsi ilə komissiyanın rəsmi saytında “Abituyinetlərin elektron ərizəsi”ni dolduraraq müvafiq sənədləri Sənəd Qəbulu Komissiyasına şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Onu deyim ki, hüquqi cəhətdən heç bir dəyişiklik yoxdur”.
Fənlər üzrə açıq tipli test nümunələrinə gəldikdə TQDK sədri qeyd edib ki, bu il iki fənn üzrə açıq tipli daxil edilib.
“I ixtisas qrupunda-riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğerafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda-riyaziyyat və kimya fənnlərindən açıq tipli test tapşırıqlarından istifadə ediləcək”, – deyə TQDK sədri əlavə edib.
Ali məktəblərə ərizə qəbulu 9 aprel - 15 may aralığında olacaq. Sənədlərin təsdiqi isə 15 aprel - 17 may aralığında mümkün olacaq.
Hərbi liseylərə ərizə qəbulu 15 aprel - 25 iyunda həyata keçiriləcək.
Ali məktəblərə qəbul imtahanlarının vaxtı da müəyyənləşib. Məleykə Abbaszadə bildirib ki, III qrup 14 iyul, I qrup 21 iyul, IV qrup 28 iyul, II qrup üzrə isə avqustun 3-də imtahan verəcək.
Ali məktəblərə ixtisas seçimi avqustun 6-dan 15-nə kimi aparılacaq.
Magistraturaya ərizə qəbulu 11-22 fevralda olacaq. Birinci mərhələ imtahanı 3 martda, magistraturaya proqram seçimi 3-11 iyunda, II mərhələnin qəbul imtahanları 23 iyunda olacaq. 26 -28 iyunda isə magistratura ixtisaslarına seçim turu keçiriləcək.
Anar Kəlbiyev