Modern.az

Oğlu şəhid Arəstənin məzar daşını qucaqlayıb AĞLADI… 

Oğlu şəhid Arəstənin məzar daşını qucaqlayıb AĞLADI… 

Aktual

4 May 2022, 16:30

Bu gün Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışovanın doğum günüdür. Qarabağın azadlığı uğrunda canını fəda edən Arəstə Baxışova yaşasaydı, bu gün 33 yaşı tamam olacaqdı. 

 

Şəhidin anası Məktubə Baxışova övladının sağlığında keçirdiyi doğum günləri ilə bağlı xatirələrini Modern.az-la bölüşüb. O, Arəstənin doğum günü məclislərini sevmədiyini söyləyib:

 

“Ad günlərində həmişə yanında olmuşam. Ad gününü qeyd etməsə də, həmişə onun üçün hədiyyələr alırdım. Yalnız 30 yaşını təmtəraqla keçirdik. 30 illiyini iş yoldaşı qızlar təşkil etmişdi. Arəstənin xəbəri olmadan məclis qurmuşdular. Qızım hədiyyələr arasında fərq qoymazdı. Kağız parçasını belə əziz tuturdu. Bu, balamın son ad günü oldu. 31 yaşını cənnətdə keçirdi”.

 

Məktubə Baxışovanın sözlərinə görə, Arəstənin ailəsilə birlikdə qeyd etdiyi sonuncu ad günündə oğlu ürək sözlərini vərəqə yazaraq, onu təbrik edib:

 

“Həmin kağızı indi də saxlayıram. Bu gün evdə yemək bişirib, Arəstəni yad etdik. Övladları ilə birlikdə məzarını ziyarət etdik. Oğlu məzar daşını qucaqlayıb ağladı, mənim də ürəyimi para-para etdi. İş yoldaşları, qohumlar da ziyarətə gəlmişdi.”

 

 

Qeyd edək ki, Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmazda anadan olub. Atası Kərim Baxışov Çernobıl qəzasının xilasedicilərindən olmuşdu. Anası Məktubə isə evdar qadındır. Arəstə iki qardaşın bir bacısı idi. Onlar 4 yaşı olanda ataları dünyasını dəyişib.
 

Arəstə orta məktəbi yaxşı oxuduğu üçün ali təhsil almaq arzusunda idi, Tibb Universitetinə qəbul olunub hərbi həkim olmaq istəyirdi, amma ailənin maddi durumu ilə bağlı bunu gerçəkləşdirə bilməmişdi. O, Biləcəri qəsəbəsindəki Şuşa şəhər 3 saylı məcburi köçkün məktəbində orta təhsilini başa vurub.

Məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji Kollecinin İngilis dili fakültəsinə qəbul olunub. Kolleci bitirəndən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına statist kimi işə düzəlib. İşləyə-işləyə kursa gedərək tibb təhsili alıb. Kursu başa vurandan sonra isə onu Beyləqandakı “N” saylı hərbi hissəyə operator vəzifəsində işləməyə göndəriblər.

 

Buna qədər Arəstə ailə də qurmuşdu, artıq iki övladı vardı. Ailə həyatı uğurlu olmadığından həyat yoldaşından ayrılmış, övladlarını anasının yanına qoymuşdu.


Arəstə Baxışova Beyləqanda hərbi hissədə işləməyə gedəndə övladlarını – indi 11 yaşı olan Zəhra ilə 12 yaşlı Mərdanı anasına həvalə etmişdi. 2020-ci ildə Vətən müharibəsi başlayanda Arəstə anasına zəng edib könüllü olaraq cəbhəyə gedəcəyini bildirmişdi.

Arəstənin cəbhədəki vəzifəsi yaralı əsgərlərə ilk tibbi yardım göstərib onları döyüş bölgəsindən uzaqlaşdırmaq olub. Onlarla yaralı əsgər onun göstərdiyi düzgün ilk tibbi yardım sayəsində həyatda qalıb, bu gün ailəsinə qovuşub.


Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışova Füzuli, Zəngilan və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanından tibbi yardım göstərib.
 

2020-ci il oktyabrın 23-də Qubadlı uğrunda döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxaranda aldığı güllə yarasından şəhid olub. Arəstə Baxışova Biləcəridəki Şəhidlər məzarlığında dəfn olunub.
 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi