Modern.az

Zəngilanlılar gün sayır - Xüsusi nümayəndədən GÖZLƏNTİLƏR

Zəngilanlılar gün sayır - Xüsusi nümayəndədən GÖZLƏNTİLƏR

Qərbi Azərbaycan

5 May 2022, 12:04

Ötən gün Azərbaycan Pezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna özünün xüsusi nümayəndəsini təyin edib. Ölkə başçısının sərəncamına əsasən, bu vəzifə Vahid Hacıyevə həvalə olunub.

 

Prezident Vahid Hacıyevi yeni təyinatla əlaqədar videoformatda qəbul edərək, Zəngilanda aparılan bərpa-quruculuq işləri ilə bağlı tapşırıqlar verib: “İndi Zəngilan, Qubadlı, Laçın yolu ilə Şuşa şəhərinə də məsafə çox qısa olacaq, çox rahat olacaq. Yəni, Zəngilan rayonunun turizm imkanları dərindən təhlil edilməlidir, təxirəsalınmaz işlərə biz dərhal başlamalıyıq. Yeni otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaq”.

 

Əslən Zəngilandan olan Əməkdar jurnalist, professor Qulu Məhərrəmli yeni təyinatla bağlı Modern.az-a danışaraq gözləntilərini dilə gətirib. O bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri, tikinti prosesi, yeni obyektlərin salınması və işlərin planlı şəkildə aparılması qarabağlılarla yanaşı, bütün vətəndaşları sevindirir.

 

Q,Məhərrəmlinin sözlərinə görə, qısa zaman ərzində Şuşada görülən işlər, Füzuli hava limanının tikilməsi, Zəngilanda quruculuq işlərinin reallaşdırılması çox müsbət nəticələrdir.

 

 

Xüsusi nümayəndənin təyin olunmasına gəlincə, Əməkdar jurnalist Qarabağda yeni idarəetmə formasının tətbiqini müsbət addım kimi qiymətləndirib:

 

“Bu addımı təqdir edirik. Xüsusi nümayəndədən müsbət gözləntilərimiz var. Mən çox arzulayıram ki, işğaldan azad olunmuş ərazilərin əhalisi tədricən o yerlərə getsinlər. Əlbəttə, təhlükəsizlik məsələlərini gözləmək şərti ilə gediş-gəlişin asanlaşmasını istəyirik. Rayonla, torpaqla insanların əlaqəsini bərpa etmək lazımdır. Sakinlər əkin-biçin işlərinə cəlb olunmalıdır. Bəzən narahatlıq olur, insanlar öz dədə-baba yurdlarına gedə bilmirlər. Yəqin, bu da planlaşdırılmış işdir ki, insanlar ora təhlükəsiz gedə bilsinlər. Yeni təyin olunmuş nümayəndəyə uğurlar arzulayırıq”.

 

“Zəngilanın çox böyük turizm potensialı, gözəl təbiəti var. Rayon ərazisindən 4 çay axır. Dağlıq hissələri çoxdur. Turizm üçün böyük potensial mövcuddur. Bir tərəfdən Ermənistanla, digər tərəfdən İran İslam Respublikası ilə qonşudur. Arzulayırıq ki, tezliklə turizm obyektləri işə düşsün. Kütləvi gediş-gəliş başlasın və biz öz Vətənimizin bu guşəsinə sevə-sevə gedək, oraları gəzək, görək, insanlara təbliğ edək, həm də orada normal, qaynar işgüzar həyat başlansın”, - Qulu Məhərrəmli əlavə edib.

 

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir. Bu ildən etibarən Qarabağa Böyük Qayıdış prosesinin başlanması hədəflənir. İlk olaraq Zəngilan rayonunun Ağalı kənd sakinləri 30 ilə yaxın həsrətdən sonra öz doğma yurdlarına qayıdacaqlar.  

 

 

Xatırladaq ki, dünən Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.


Vahid Hacıyev bu təyinatadək “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətinin İdarə Heyəti sədri vəzifəsini tutub. O, həmin vəzifəyə 2020-ci ilin aprelində təyin olunmuşdu. Daha əvvəl 13 il “BP Azerbaijan” neft şirkətində müxtəlif yüksək vəzifələrdə çalışıb. Onun “BP Azerbaijan”da sonuncu vəzifəsi Ticarət Əməliyyatları Kəşfiyyatı üzrə Biznes menecer olub. 

 

Həmçinin oxuyun:

Zəngilan üzrə xüsusi nümayəndə iki məşhurun nəvəsidir - Babası Prezidentin mətbuat katibi olub 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI