Modern.az

Əliağa Ağayevlə Fazil Salayevin kəşfləri və “HOQQALARI”

Əliağa Ağayevlə Fazil Salayevin kəşfləri və “HOQQALARI”

Mədəniyyət

6 May 2022, 09:36

Əlisəftər Hüseynov,
Əməkdar incəsənət xadimi


“Molla Cəbi” televiziya tamaşasında Əliağa Ağayevlə Fazil Salayevin məşhur duetini Azərbaycanda izləməyən az adam tapılar. Hər 2 aktyorun virtuoz ifası sayəsində ənənəvi mövzuda qurulmuş bu oyun aktyorluq sənəti dərsliklərinə daxil ediləsi bir səviyyədə klassik nümunəyə çevrilib.
 

Əlbəttə, istənilən səhnə obrazının xislətini, xarakterini açan vasitələr onun nitqi və davranışı – hərəkətləri, jest və mimikalarıdır. Amma mən bu qeydlərdə bunların heç biri haqqında yox, Ə.Ağayevin və F.Salayevin sual və təəccüb nidalarından ibarət 2 replikası haqqında danışacam.
 

Tamaşanın süjet məntiqinə görə hiyləğər, bic, fırıldaqçı Molla Cəbi sadəlövh, küt, bir az da ağıldan kəm Əlicanı tədricən yox, elə tanışlığın əvvəlində kəşf etməli idi. Çünki əsərin dramaturji quruluşu, hadisələrin sonrakı inkişafı bunu tələb edir. Bütün süjet boyu Molla Əlicanın qanmazlığı, kütlüyü ilə dialoqa girir, onunla sözün həm birbaşa, həm də məcazi mənasında oynayır, binəvanı müflis edib, necə deyərlər, “ikimərtəbəli” ölümə göndərir. Deməli tamaşanın bütün fakturası da həmin o anın – Mollanın Əlicanı kəşf etdiyi məqamın məntiqindən doğur.
 

Bəs Ə.Ağayev və F.Salayev bu “həqiqət” anını necə oynayır, bizə necə çatdırırlar ki, nəticədə hadisələrin təbiiliyinə şübhə etməyə heç iynənin ucu boyda da əl yeri qalmır?
 

Həmin o məqamın dramaturgiyası belədir:
 

Əlican: - Molla əmi, salam.
 

Molla Cəbi (tam ciddi): - Ay əleyküssalam... Əyləş.
 

Əlican (bu sözün mənasını anlamadığında əcaib bir tərzdə): - Haaay?
 

Molla Cəbi (dərhal üzünü yana çevirib nə isə vacib bir şeyi kəşf edirmiş kimi təəccüb qarışıq sevinclə): - A-a-a...


Və sonra da həngamə başlayır, nə başlayır:
 

- Deyirəm, otur, oç elə, oç elə..
 

Bu replika isə sonra baş verəcək 2-ci "tamaşanın" üverturasıdır.
 

“Molla Cəbi” tamaşasının uğuru, məncə, həmin o iki dirəyin - aktyorların özlərinin kəşfi olan “Hay?” və “Aaaa” nidalarının üzəribdə qurulub. Bu dirəkləri götürsən, tamaşadan heç nə qalmaz, necə deyərlər, ara qarışıb məzhəb itər...
 

Allah hər iki sənətkara rəhmət eləsin.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər