Modern.az

Azərbaycanın ixracatında Rusiyanın payı AZALIR

Azərbaycanın ixracatında Rusiyanın payı AZALIR

İqtisadiyyat

6 May 2022, 11:46

Bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatı 727 milyon dolları keçib və bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 45 faiz artım deməkdir.

 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, qeyri-neft ixracatında diqqəti çəkən əsas məqamlardan biri uzun müddət enerjidən kənar ixracda birinci olan Rusiyanın xüsusi çəkisinin azalmasıdır.

 

V.Bayramov qeyd edib ki, ötən il ümumi 2.7 milyard dollarlıq qeyri-neft ixracatımızın 32.3 faizi Rusiyanın payına düşüb:

 

"Xaricə neftdən kənar göndərdiyimiz hər 3 məhsuldan 1-ni alan şimal qonşumuz kənd təsərrüfatı və bir sıra sənaye mallarının əsas alıcısı idi. Artıq qeyri-neft ixracatımızın strukturu dəyişməkdədir. Bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatında Türkiyə birinci yerdədir. Bu müddətdə Türkiyəyə 255.2 milyon dollarlıq qeyri-neft məhsulu göndərilib. Rusiyaya isə cəmi 149.4 milyon dollar neftdən kənar məhsul göndərilib. Qardaş Türkiyəyə göndərdiyimiz qeyri-neft məhsulunun həcmi Rusiya ilə müqayisədə 1.7 dəfə çoxdur. Bu müddətdə qeyri məhsullarının 47.4 milyon dolları Gürcüstan, 33.3 milyon dolları İsveçrə, 28.9 milyon dolları isə ABŞ-a ixrac olunub".

 

Onun sözlərinə görə, 2022-ci ilin mart ayında da qeyri-neft sektoru məhsulları da ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (101,9 milyon dollar) birinci olub:

 

"Bu siyahıda Rusiya ikinci (30,4 milyon dollar) və Gürcüstan üçüncü (19,3 milyon dollar) olub. Türkiyənin qeyri-neft ixracatımızda önə çıxması qardaş ölkəyə göndərdiyimiz məhsulların müqayisəli şəkildə daha çox şaxələndirilməsi ilə bağlıdır. Təbii ki, Rusiya-Ukrayna müharibəsi kontekstində şimal qonşumuz ilə ticarə əlaqələrin əvvəlki il ilə müqayisədə azalacağı istisna edilmirdi. Türkiyənin hər zaman öndə olması sevindiricidir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal