Modern.az

Fəxri Uğurlu: ““Avropa” qəzeti benzini qurtarmış maşındır, vermişik yolun qırağına...” - MÜSAHİBƏ

Fəxri Uğurlu: ““Avropa” qəzeti benzini qurtarmış maşındır, vermişik yolun qırağına...” - MÜSAHİBƏ

18 Fevral 2013, 10:20

“Mən həyata, insanlara, hadisələrə dəyərlərin gözlüyündən baxıram”


Modern.az
saytı 2003-cü ildə Azərbaycanda ən populyar həftəlik qəzet olmuş “Avropa”nın baş redaktoru, hazırda bədii yaradıcılıq fəaliyyəti göstərən tanınmış qələm sahibi Fəxri Uğurlu ilə müsahibəni təqdim edir.

– Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmisiniz. Universitetdə oxuduğunuz vaxtlarda kitablarınız çıxıb. Amma sonradan mətbuatda jurnalist kimi fəaliyyət göstərdiniz. Bu qərar nədən irəli gəldi?

– Jurnalistikaya gəlişim təsadüf olub, belə deyək, zorən jurnalist olmuşam. Uşaqlıqdan bir polis, bir də jurnalist olmağı heç vaxt arzulamamışam. Amma yazıçı olmaq arzum ta gözümü açandan olub. 1986-cı ildə ali məktəbə daxil oldum, sonrakı il əsgərliyə getdim. Mən gedəndə bir Azərbaycan vardı, qayıdanda tamam başqa Azərbaycan gördüm. Artıq xalq hərəkatı başlanmışdı, aləm qarışmışdı, ölkədə sabitlik pozulmuşdu. Elə vaxt idi ki, əvvəlki planlara yenidən baxmaq lazım gəlirdi. Artıq hansısa səmtə üzmək müşkül məsələyə çevrilmişdi, axın özü adamı aparırdı.

1993-cü ildə ali məktəbi bitirdim, həmin dövrdə ab-hava tamam başqaydı, hadisələr sürətlə dəyişirdi. Elə universitetdə oxuya-oxuya mətbuatla əməkdaşlıq eləyirdim, sonuncu kursda isə “Yol” qəzetində işləməyə başladım. Bu gedişlə mətbuata calandım. Elə bir dövr idi ki, özünü ifadə eləməyin başqa yolu qalmamışdı, az-çox mətbuatda görünmək olurdu. Qələm adamı üçün o dövrdə istər beş-üç manat əmək haqqı almaq, istərsə də sözünü demək, özünü təsdiqləmək baxımından mətbuatdan münasib yer yox idi. Hayana getsən, yol gəlib mətbuata dirənirdi. Amma əvvəldən mənim belə bir arzum-niyyətim olmayıb. Hələ tələbə ikən üç kitabım çıxmışdı, belə bir şey beşcə il qabaq baş versəydi, ümumittifaq səviyyəli hadisəyə çevrilərdi. Ancaq həmin dönəmdə ədəbiyyata maraq, diqqət arxa plana keçmişdi, estafeti publisistika götürmüşdü. Açıq söz demək imkanı vardı, müstəqil qəzetlər yaranırdı...

– Jurnalistikanı sevmədiyiniz üçün qəzetçilikdən uzaqlaşdınız?

– Yox, mən jurnalistikanı sevmədiyimi heç vaxt deməmişəm. Sadəcə, uşaqlıqda jurnalist olmaq, qəzet redaktoru olmaq kimi bir xəyal qurmamışam. Ümumiyyətlə, mən jurnalistikanı ədəbiyyatdan ayırmıram. Jurnalistika bir növ faktoloji ədəbiyyatdır. Yaxşı jurnalist olmaq üçün insana ədəbi istedad lazımdır.

- Belə bir söz var ki, jurnalistlə polisdən insana dost olmaz...


– Bizdə jurnalistikaya münasibətin sovet stereotipləri hələ dağılmayıb. Gedirsən rayona, biri deyir ki, jurnalist gəlmişdi, 10 manat verdim, çıxıb getdi. İndi belələrinə “reket” deyirlər. Ancaq mən dönə-dönə demişəm, “reket məmur” olmasa, “reketlik” eləyən jurnalist də olmaz. Onun məntiqi çox sadədir, deyir ki, söküb-dağıdırsan, talayırsan, süfrənin qırağında bizə də yer ver.

Müstəqillik dövründən üzü bəri xeyli peşəkar, namuslu jurnalistlərimiz yetişib. Yəni bu məsələdə malı mala qatmaq olmaz. Dostluğa gəlincə, jurnalist bu gün səninlə dostdur, sabah səndən yaza bilər. Bu, onun mənfi yox, müsbət cəhətidir. Polis dostunun gözü qabağında adam öldürsən, səni ələ verməlidir, ya yox?..

– Baş redaktoru olduğunuz “Avropa” qəzeti dövrünün ən məşhur nəşrlərindən idi, ətrafına bir çox istedadlı jurnalistləri toplamışdı. Bildiyimizə görə, qəzet iqtisadi çətinlik ucbatından bağlanıb. Onun nəşrini bərpa etmək fikriniz varmı?

– Qəzet bağlanmayıb, nəşrini dayandırıb. Yəni benzini qurtarmış maşındır, vermişik yolun qırağına, üstünü çadırlayıb gözləyirik. Qəzeti yenidən işə salmaq, bazarda ayaq tutdurmaq, kollektiv toplamaq üçün çoxlu pul lazımdır. İndiki dövrdə də, bildiyiniz kimi, çap mətbuatının tirajı çox aşağıdır. “Avropa” nəşrə başlayandan beş ay sonra “Yeni Nəsil” Jurnalistlər Birliyinin keçirdiyi sorğuya əsasən ölkənin ən yaxşı beş qəzetindən biri oldu. Siyahıdakı qalan dörd qəzet oturuşmuş gündəlik mətbuat orqanlarıydı. Bir az maliyyə lazım idi ki, bir neçə aydan sonra qəzeti həftəlikdən gündəliyə keçirək. Gündəlik qəzetin özünü dolandırmaq imkanı daha artıq olur. Yadımdadır, biz birinci dəfə qəzetin nəşrini dayandırmağa məcbur olanda ümumi tirajın hardasa 75 faizi satılırdı. Belə bir qəzet maliyyə çatışmazlığı ucbatından nəşrini dayandırır, ancaq 75 faizi satılmayan qəzetlər o vaxt da gündəlik çıxırdı, indi də çıxır. Bizdə normal iqtisadi rəqabətin, normal bazar münasibətlərinin olmamağı, üstəgəl bir sıra ictimai-siyasi amillər normal mətbuatın ortaya çıxmasına, bu sahədə də gerçək rəqabətin yaranmasına imkan vermir.

– Qəzetin online rejimdə bərpasını necə, düşünmüsüz?

– Online jurnalistika mənim üçün yenilikdir, onu hələ bir oxucu kimi müşahidə eləyirəm. Ancaq  indi internet erasıdır, qəzetin internet saytı ilə rəqabət aparması çox çətindir. Bizdə reklam bazarının olmaması həqiqi bazar göstəricilərini bilməyimizə imkan vermir. Normal reklam bazarı olsaydı, bilərdik ki, ayrı-ayrı mətbuat orqanlarının reklam büdcəsi nə qədərdir, rəqabətdə kim udur, kim uduzur, hansı qəzet nə qədər reklam alır. Əksər gündəlik qəzet naşirlərini qəzetin satılıb-satılmamağı maraqlandırmır, bilir ki, qəzet satılsa da çıxacaq, satılmasa da. Əks təqdirdə Azərbaycan boyda yerdə yüzlərlə, minlərlə qəzet çap olunmazdı, rəqabət olsa, uzaq başı 10 qəzet meydanda qalar.

– Bəs jurnalistikadan niyə uzaqlaşdınız?

– Təbii şəkildə oldu, necə gəlmişdimsə, elə də getdim. Qəzetin dayanmağıyla mənim jurnalistlik fəaliyyətim də dayandı. Sonralar bir neçə dəfə köşə yazısı yazmaq, redaktor kimi işləmək təklifləri aldım. Amma mən “Avropa”dan sonra heç bir qəzetə yazmaq istəmirəm, hələlik sözümün üstündə durmuşam.

– Jurnalistika üçün darıxmırsız?

– Yox. İndi jurnalist əməyi Sizif əməyidir. Öz imkanlarından qat-qat aşağı işlərlə məşğul olan, zülmlə dolanan, hansısa qalstuklu quldurun əlinə baxan, hansısa nadanın əlinin altında işləyən, qələmi həqiqətə tamarzı qalan, ən yaxşı halda dövlət ianəsinə göz dikən gerçək jurnalistlərin əhvalı indi heç kəsdə həsəd doğurmaz. Üstəgəl sözə, yazıya sayğısızlıq. Qəzetin nəşri dayanan vaxtlarda hiss elədim ki, Azərbaycanda sözün çəkisi hədsiz azalıb, söz o dərəcədə hörmətdən düşüb ki, bir müddət susmaq məsləhətdir. Bunu hamıya arzulamıram, özüm üçün çıxardığım qərardır. Biz ictimai bəlalardan yazdıqca həyatımız daha da pisləşdi. Demək, meydan söz meydanı deyil.

– Yəni sözlə nəyisə dəyişəcəyinizə inamınız itib?


– Həmişə o fikirdə olmuşam, bu gün də o fikirdəyəm ki, dünyanı söz idarə eləyir. Tarixi də, dünyadakı bütün proqressiv, hətta reqressiv prosesləri də yönəldən sözdür. Qlobal anlamda belədir. Hər cür inkişafın, elmi-texniki tərəqqidən tutmuş iqtisadi-siyasi dəyişikliklərəcən nə baş verirsə, hamısının bünövrəsi sözlə qoyulur, hamısının mənbəyi gedib ədəbiyyata çıxır. Bir ara hiss elədim ki, sözün heç nəyə gücü çatmır, sözə münasibət təhqiramizdir. Ona görə də əlim-qolum soyudu. Bunu heç kimə arzulamıram.

– Necə bilirsiniz, “Avropa” qəzetinin Azərbaycan mətbuatında izi qalıbmı?

– Mən bilən, yaxşı xatirəsi qalıb, amma iz saldığını deyə bilmərəm.

– “Avropa” qəzetindən çıxan bir qrup “Mediaforum” saytında işləyir. Saytda sanki qəzetin ab-havası duyulur...

– Ola bilər. “Avropa”nın kollektivinin az bir qismi orada işləyir. Biz o vaxt nəşrə başlamamış deyirdilər ki, şair-şüəranı yığıblar başlarına, bunlar nə qəzet buraxacaqlar. O zaman düşünürdük ki, həftəlik qəzet buraxacağıq, həftədə bir dəfə bazara girəcəyik, ilin-günün bu vaxtı nəylə uda bilərik? Bircə yolu vardı – istedadlı, fərqli yazılar, rubrikalar ortaya qoymaq.

– “Avropa” Azərbaycan mətbuatında oxucunun intizarla gözlədiyi həftəlik qəzet örnəyi yaratdı. İndi o tip həftəlik qəzet varmı, yoxsa “Avropa” bir qaranquş olub getdi?

– 90-cı illərdə çıxan məşhur qəzetlərin heç biri o birinə bənzəmirdi, hərəsinin öz siması, öz müəllifləri vardı. İndi qəzetlərin əksəriyyətində eyni informasiyalar, hətta eyni dezinformasiyalar dərc olunur. Buna həm professionallığın, həm də mənəvi dəyərlərin arxa plana keçməsi səbəb oldu. Cəmiyyətimizin dərinə işləmiş problemləri jurnalistika sahəsində də fəsadlar verir. Amma bu xaosun içində dəyərləri qoruyan insanlar da var, ona görə mən qətiyyən pessimist deyiləm. İndi bütün dünya çətin dövrlər yaşayır. Son onilliklərdə dünyada dəyərlərin görünməmiş deqradasiyası baş verib.

– Qəzet üçün dəyər lazımdır?

– Mütləq! Elə ümumbəşəri, universal dəyərlər var ki, qəzetçi də, alim də, siyasətçi də o dəyərləri mənimsəməlidir. Bu gün alimlər neandertal adamı dirildə bilərlər, dinozavrın DNT-sindən yeni dinozavrlar yarada bilərlər, insanları klonlaşdıra bilərlər, amma mənəvi baryerlər o kəşflərin həyata keçməsinin qarşısını alır. Jurnalist üçün dəyər olmasa, o özü də cəmiyyətdə təhlükəli ünsürə çevrilə bilər. Mən, əlbəttə, senzuradan danışmıram. Hər bir qəzetin özünün platforması, qoruduğu dəyərlər olmalıdır.

– “Avropa” qəzetinin “podşivkasını” saxlayırsız?

– Hə, qalır.

– Vərəqləyirsiz onları?

– Nadir hallarda. Görülən iş artıq görülüb, mən görüləsi işlər haqda düşünməyi xoşlayıram.

– Qəzetin hansı nömrəsi daha çox yadınızda qalıb?

– Yəqin ki, birinci nömrəsi...


– “Avropa” qəzetinin adını almaq istəyən olub?

– Olub, hətta pul da təklif eləyiblər, amma verməmişəm.

– “Avropa” qəzetini təkrarlayan, ona oxşamağa çalışan qəzet görürsünüz?

– Yox, görmürəm. Biz çıxan vaxt oxşamaq istəyənlər, hətta səhifə-səhifə bizim qəzeti yamsılayanlar vardı. Amma indi yoxdur.

– Müsahibənin əvvəlində dediniz ki, 90-cı illərdə özünü ifadə eləmək üçün ən yaxşı yer mətbuat idi, ona görə də mətbuata gəldiniz. Hələ ki mətbuatdan qıraqdasınız, əsərlər yazırsınız, indi özünüzü ifadə eləyə bilirsiniz?

– Əlbəttə, mən özümü tam ifadə eləmək üçün bədii yazılar yazmalıyam, başqa heç bir yolla istədiyimə çata bilmərəm.

– Dediniz ki, o zaman bədii yazılar hadisəyə çevrilmirdi. Bəs indi necə, çevrilirmi?

– Son illər bəzən süni yolla ajiotaj yaradılsa da, ədəbiyyata diqqət artıb. Ancaq proses hələ arzulanan səviyyədə deyil. Çünki yeni yaranan ədəbi əsərlərin keyfiyyəti ümumən çox aşağıdır. Bəzən görürsən ki, bədii-estetik, professionallıq baxımından ötən əsrin 60-70-ci illərində yazılmış əsərlərdən qat-qat aşağı yazılar ortaya qoyulur, sonra da bunu xorla tərifləyirlər. Təəccüblənirsən, fikirləşirsən ki, yəqin bunların əvvəlki ədəbiyyatdan xəbəri yoxdur. İndi bizdə publisistikanın ədəbiyyata təsiri, ədəbiyyatda populizm meylləri güclüdür, ancaq bunlarla ədəbi uğur qazanmaq olmaz. Əsl yazıçı olmaq üçün insana qul əməyi, fil səbri lazımdır.

– Yenidən jurnalistikaya qayıtmaq istərdiniz?

– Şərait olsaydı, qayıdardım. Nəinki baş redaktor, yaxşı bir kollektivdə müxbir, reportyor kimi də çalışaram. Mənim üçün əsas budur ki, qıraqdan işimə qarışan olmasın. Nə qədər ki, cəmiyyətdə iqtisadi azadlıq problemi həll olunmayıb, istənilən səviyyədə mətbuat azadlığından danışmağın adı yoxdur.

– “Avropa” qəzeti indi çıxsaydı, nə yazardınız baş məqalə kimi?

– Əslində, indi yazılası mövzular çoxdur. Get-gedə proseslər qızışır. Amma istər qəzet yazısı olsun, istər bədii yazı, nə yazıramsa, nədən yazıramsa yazım, mənim bu dünyada tapındığım dəyərlər var. Mən həyata, insanlara, hadisələrə o dəyərlərin gözlüyündən baxıram.


Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi