Modern.az

Heydər Əliyevin 49 il öncə Xankəndi ermənilərinə öyrətdiyi dərs - Qarabağ Azərbaycandır!

Heydər Əliyevin 49 il öncə Xankəndi ermənilərinə öyrətdiyi dərs - Qarabağ Azərbaycandır!

Hadisə

10 May 2022, 11:00

Siyasət incə məsələdir. Amma bu incəlikdə bir qətiyyət, bəzən isə sərt mövqe nümayiş etdirmək qaçılmazdır. Xüsusilə də qarşı tərəf həddini aşanda, yersiz iddialara düşəndə bu zərurətə çevrilir. Heydər Əliyevin Xankəndi ermənilərinə göstərdiyi sərt mövqe kimi...


14 noyabr, 1973-cü il, Xankəndi şəhəri...


Həmin gün şəhərin erməni sakinləri keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin 50 illik tubiley təntənəsinə, bayram ovqatına köklənsələr də, sonda vəziyyətləri çox da ürəkaçan olmayıb. Maraqlıdır, ermənilərin bayram əhvalı hansı səbəbdən pozulub?


Noyabrın 14-də şəhərdə keçirilən yubiley tədbirində iştirak etmək üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Xankəndiyə səfər edib. Təntənəli tədbirdə vilayət  “Xalqlar dostluğu” ordeni ilə təltif olunub. Sözsüz ki, əsasən ermənilərdən ibarət olan vilayət və şəhər rəhbərliyi yubiley günündə respublikanın birinci katibindən xoş sözlər, təriflər eşitməyi gözləyiblər. Tribunaya çıxan Heydər Əliyev isə ermənilərin tərif gözləntisini alt-üst edib. Dağlıq Qarabağda bəzi vəzifəli erməni şəxslərin Ermənistanın millətçiləri ilə əlaqəsi haqqında məlumatlı olan Heydər Əliyev iclasda bu məsələ ilə bağlı sərt və barışmaz mövqeyini bildirib və Bakıya qayıtdıqdan sonra vilayətin birinci katibi Qurgen Melkumyanı vəzifəsindən azad edib. Tədbirin sonunda Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli orta məktəbin şagirdlərinin hazırladıqları poeziya kompozisiyası isə ermənilərə bir daha Qarabağın Azərbaycan olmasını xatırladıb.


Sonralar Heydər Əliyev həmin hadisəni belə xatırlayıb:


“...Mən Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi ilə dəfələrlə görüşmüşəm, vilayətin bütün rayonlarında olmuşam, ermənilərlə də çox söhbət etmişəm. Bir faktı xatırladım. Dağlıq Qarabağ Muxtar Vilayətinin 50 illik yubileyi idi, vilayət “Xalqlar dostluğu” ordeni ilə təltif olunurdu. Oradakı çıxışımdakı bəzi məqamları erməni millətçiləri indi də mənə bağışlaya bilmirlər. Mən bəzi əhvalı-ruhiyyələri hiss edərək demişdim ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq...”.


Bəli, Qarabağ Azərbaycandır!
 

İlham Cəmiloğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!