Modern.az

Bakı sakinləri Prezidentə müraciət etdilər

Bakı sakinləri Prezidentə müraciət etdilər

Təhsil

19 Fevral 2013, 17:56

Bakı şəhəri Rəşid Behvudov küçəsi 64 və 66 ünvanlarındakı binalarda yaşayan sakinlər üzləşdikləri problemlə bağlı dövlət başçısına müraciət ediblər.

Müraciəti Modern.az saytına təqdim edən sakinlər bildiriblər ki, 2010-cu ilin avqust ayında Bakı şəhəri Rəşid Behbudov küçəsi 64 və 66-da “AQ İnşaatçı” MMC-nin inşa etdiyi binalara köçərkən aldıqları mənzillərin dəyərini tam ödəyiblər.

Ancaq sonradan məlum olub ki, AQ İnşaatçı” MMC-nin 2005-2006-cı ildə inşa etdiyi hər iki bina yaşayış üçün yararlı deyil. Belə ki, binalarda layihədə nəzərdə tutulmuş liftlərdən biri quraşdırılmayıb, ümumi istifadə sahələrində işıqlanma, ehtiyat elektrik mənbəyi kimi generator yoxdur, binalara mavi yanacaq verilmir.

“AQ İnşaatçı”Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq direktoru Şakir adlı şəxs qaz çəkilişi üçün hələ 2008-ci ilin oktyabr ayında mənzillərin gələcək sahiblərindən 140 min  manat məbləğində pul toplayıb.
Sonradan məlum olub ki, həmin şəxs dələduzluqla məşğuldur və buna görə məhkum edilib, həbsdədir.
Maraqlıdır ki, qaz çəkilməsi məqsədilə 2012-ci ilin oktyabr ayında yenə də hər binadakı mənzillərin sahiblərindən 600 manat pul toplanıb. Lakin bu günədək mənzillərdə qaz yoxdur.

Maraqlıdır ki, Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin 25/26-02878 saylı, 14 iyun 2012-ci il tarixli məktubunda bildirilib ki, bina Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilməyib.

Üzləşdikləri problemləri həll etmək üçün sakinlər (Ağalov Etibar, Əliyeva Sevinc, Əsgərova Aida, Gözəlov Emin, Haciyev Ayaz, Xəlilova Məhbubə, Qurbanov Aqil, Mirzəyeva Şəfəq, Məmmədova Gülarə, Rəhimzadə Rəhim, Sabitli Nərgiz) indi çıxış yolunu Prezident İlham Əliyevə müraciət etməkdə görüblər.
Dövlət başçısına müraciət edən Bakı sakinləri Prezidentin hər zaman xalqla birgə olduğunu vurğulayaraq, üzləşdikləri problemin həlli üçün onlara kömək göstərməsini xahiş ediblər.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir