Modern.az

QHT-si olmayan Azərbaycan rayonları - SİYAHI

QHT-si olmayan Azərbaycan rayonları - SİYAHI

22 Fevral 2013, 09:18

Hansı bölgələr qeyri-hökumət təşkilatları cəhətdən kasıbdır?

“Azərbaycanın bir sıra regionlarda Qeyri-Hökumət Təşkilatlarının (QHT) az olması faktı düzdür”. Bu sözləri Modern.az-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib. O, qeyd edib ki, QHT-lərin Bakıdan regionlara keçməsi təxminən 2001-ci ilə təsadüf edir.

“Həmin dövrdə beş istiqamət üzrə Milli QHT Forumunun tədqiqatçılar qrupu BMT inkişaf proqramının maliyyə dəstəyi ilə ölkənin 53 şəhər və rayonuna ezam olundu. Hər bir rayonda ən azı 3 gün olmaqla, oranın həm ictimaiyyət nümayəndələri, rayonun Qeyri-Hökumət Təşkilatları, siyasi partiyalarının nümayəndələri, ictimai fəal şəxsləri ilə görüşərək QHT işinin mahiyyəti, fəlsəfəsi və vətəndaş təşəbbüslərinin əhəmiyyəti haqqında təbliğat kampaniyası apardılar. O dövrdə 5 region mərkəzində – Şirvanda, Şəmkirdə, Mingəçevirdə, Qəbələdə və Qubada resurs mərkəzləri yaradıldı və bu resurs mərkəzləri regionlarda QHT təşkilatlarının inkişaf etməsi, onların yeni vətəndaş cəmiyyəti təşəbbüslərinə texniki, informasiya, konsultativ dəstəyi verilməsi işlərini həyata keçirdi”.

F. Qurbanovun sözlərinə görə, 2003-cü ilin mart ayından sonra həmin mərkəzlərə istər milli, istər xarici donorlar tərəfindən maliyyənin dayandırılması ilə əlaqədar onların fəaliyyəti zəiflədi. “Bu isə onun əhatəsində olan şəhərlərin, rayonların QHT-lərindən yan ötüşmədi. Ümumiyyətlə, apardığımız müşahidələr onu göstərir ki, ölkənin iri şəhərləri – Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan, Şəki, Sabirabad, İmişli, Bərdə istisna olmaqla, digər rayonlarda QHT-lərin fəaliyyəti o qədər də çox deyil”.

Bununla belə, Fərasət Qurbanov QHT-lərin fəaliyyətinin az olduğu rayonların çoxluq təşkil etdiyini vurğulayıb.
“Məsələn, Yardımlı, Lerik, Astara, Qusar, Balakən, Zaqatala, Qazax, Ağstafa, Tovuz, Beyləqan, Ağcabədi, Ağdamda QHT-lərin sayı olduqca azdır. Buna müxtəlif formada yanaşmaq olar. İlk növbədə beynəlxalq təşkilatların vaxtı ilə bölgədə böyük layihələr həyata keçirdiyi yerdə, yəni təbliğatın aparıldığı yerdə QHT-lərin sayı nisbətən çoxdur”.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu