İtaliyanın baş naziri Mario Draqi bildirib ki, o, Vaşinqtona son səfəri zamanı ABŞ prezidenti Co Baydenə Ukrayna məsələsilə bağlı Rusiya lideri Vladimir Putinə zəng etməyi məsləhət görüb.
Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, Mario Draqi bu haqda danışarkən deyib
"Keçən həftə Vaşinqtonda olarkən və Baydenlə danışanda dedim ki, bəlkə də onun sözlərini Putin eşitmək istər. Ona görə də ona Putinə zəng etməsini söylədim. Deməliyəm ki, bu məsləhət uğurlu oldu. Çünki bir gün sonra Baydenin özü yox, amma Amerika müdafiə naziri Rusiya müdafiə naziri ilə danışıb”.
Xatırladaq ki, mayın 13-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefon danışığı aparıb və onunla “beynəlxalq təhlükəsizliyin aktual məsələləri, o cümlədən Ukraynadakı vəziyyət”i müzakirə edib.
Bununla da nazirlər demək olar ki, üç ay ərzində ilk dəfə danışıblar - sonuncu dəfə onlar fevralın 18-də, Ukraynada Rusiyanın xüsusi əməliyyatı başlamazdan əvvəl telefonla danışmışdılar.