Modern.az

Azərbaycanın Qarabağda verdiyi ilk iki şəhid - REPORTAJ+VİDEO

Azərbaycanın Qarabağda verdiyi ilk iki şəhid - REPORTAJ+VİDEO

22 Fevral 2013, 12:09

Fevralın 22-si Azərbaycanın Qarabağda verdiyi ilk şəhidlərinin anım günüdür. Modern.az saytının məlumatına görə, bu gün Əsgəranda Əli Hacıyev və Bəxtiyar Quliyevin şəhid olmasından 25 il ötür.

İlk şəhidlər

1988-ci ildə Sovet İmperiyasının rəhbərləri tərəfindən himayə olunan Ermənistan Azərbaycana qarşı torpaq iddiasına başladı. Bu iddia bir ssenari ilə həyata keçirilidri.

1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.

Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi. Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız issialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşdı. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar kütlə halında Əsgərana doğru hərəkət etdi. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.
Əli ilə Bəxtiyar da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı var səsləri ilə hayqırırdılar. Azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Əli və Bəxtiyar şəhid edildilər.
Bu gün o hadisədən bizi 25 il ayırır.

Modern.az saytı Bəxtiyarın anası ilə bir müddət əvvəl danışıb söhbəti saytda yayımlamışdı. Azərbaycanın ilk şəhidlərinin anım gününü nəzərə alaraq, həmin reportajı yenidən təqdim edirik.

Ağdam üç nəslin xatirəsində


İyirimi ildən artıqdır ki, Azərbaycanın ərazi bütövlüyü pozulub. Qarabağ və ona bitişik yeddi rayon erməni işğalı altındadır. Çox uzun vaxtdır... Bu müddət ərzində “şuşalıyam, ağdamlıyam” deyib Şuşa, Ağdam barədə təəssüratı yalnız valideynlərinin nağıla bənzər söhbətlərindən əldə edən nəsil formalaşıb. Baba, nənə doğulduqları Şuşada, Laçında, Kəlbəcərdə ölmək istəyir, 5-6 yaşlı nəvə isə “oralarda erməni var, ora getməyək” deyir.
Dəhşətli fərqdir...

Modern.az saytı işğal olunmuş bölgələrin üç nəslinin nümayəndələrindən (baba, nənə, övlad və ya nəvə) işğal olunmuş bölgə barədə münasibət öyrənir.

İndi müsahiblərimiz Ağdamlılardır, onlardan eyni sorğuya cavab istədik... 

Ağdamın işğalı ilə bağlı bu dəfə də üç nəslin cavabını bilmək üçün yollandıq 12 nömrəli qaçqın yataqxanasına. Elə təzəcə çatıb ağdamlı ailə axtarırdıq ki, həyətdə oturan qadınlar bizə sarı gələn yaşlı bir qadını göstərib dedilər ki, bu ana da ağdamlıdır , özü də Qarabağın ilk şəhidi onun oğludur. Ona yaxınlaşıb haradan gəldiyimizi, məqsədimizi və onunla bir az söhbət etmək istədiyimizi  desək də bizi özünə yaxın buraxmaq istəmədi. Dedi ki, mənim dərdimi siz başa düşə bilmərsiniz. Küskünəm, illərdir bu mövzuda heç kimlə danışmıram. Siz nə biləsiniz ki, mənim ürəyimdə, qarnımda nə dərdlər gəzdirirəm. Danışdıqca Səlimə xanımın yanaqlarından göz yaşları süzülürdü.  Bir təhər  ürəyi dərdli Səlimə ananın qəlbinə yol tapıb bizimlə söhbət etməyə razı saldım.

Ağdamda iki ermənini “sürüyən” ana


Səlimə ana əslən ağdamlıdır. Orada böyüyüb başa çatıb və orada da ailə həyatı qurub. Deyir ki, yoldaşı , xüsusi ilə də oğlu rəhmətə gedənə kimi Ağdamda çox xoşbəxt ailə həyatı yaşayıb. “Ağdam şəhərinin  internat məktəbində aşpaz işləyirdim . Həyatımda hər şey öz qaydasında gedirdi. O zaman 5 uşaq anası idim. 1988-ci il bir gün oğlum Bəxtiyarın ölüm xəbəri gəldi. Elə o gündən ürəyimin işığı söndü. Onlar Əsgərana yürüşə gedəndə fevral ayının 22-si  ermənilər onu 5-ci mərtəbədən vurub. Mən heç nə edə bilmədim. O zaman onun 16 yaşı var idi.  İndi siz gəldiniz deyə danışdım,  mən bu barədə heç kəslə danışmıram. Oğlumun axır son sözləri bu oldu: “Məni axtarma, gedirəm ölməyə. Gedək görək ermənilər nə deyir bizə”. Eşitsinlər, görsünlər ki, indi Qarabağın ilk şəhidinin anası harada yaşayır. Deyirəm ki, dərdimi təzələməyin yeri yoxdur. Danışandan sonra 3 gün özümə gələ bilmirəm. 26 ildir ki, yetim saxlayıram ta məndə nə ürək olacaq? Ağdamdan 1993-cü il iyulun 23-də çıxmışam. Vətənimdən, şəhərimdən çıxmırdım. Hərbiçilərimiz məni  məcbur çıxartdılar. Dedim ki, çıxmıram oğlum harada məndə orada. Ana-bala oğlumla son anadək ikimiz qalmışdıq. 4 qızımı isə Bakıya bacımgilə göndərmişdim. Ürək eləmirdim ki, çıxam. Bəxtiyarı qoyub necə gələrdim? Qaçqın gələndən sonra bacım gildə qaldıq, bacım gildə icra hakimiyyətinin əli ilə bizi yığdılar buraya”.

Oğlunun ölümü şəhid anasına rahatlıq vermir. Ürəyindəki yanğını yalnız iki ermənini qanına qəltan eləməklə soyuda bilib.

“Nələr görmüşəm nələr! 60 yaşım var, amma gör nə gündəyəm. Çünki hamısını gözlərimlə görmüşəm. Bax, Ağdam mənim yadımda bu cür qalıb.

Mənim rayonda ürəyim qalıb. Evimin işığı, ürəyimin başı oradadır. Nə qədər yatsam, yesəm, içsəm də, mənim qəlbim Ağdamdadır. Rayonumuzda günümüz lap yaxşı keçirdi. Kaş ki, Ağdamda qalardım. Hər şey bugünkü kimi yadımdadır. Ən çox oğlumun oxuduğu məktəb xatirəmdən çıxmır. Kaş ki,  bir quş olub qalxaydım havaya gedəydim. Qəbiristanlığı gəzib gələydim. Amma internetdə baxıram qəbiristanlıq yoxdur, dağıdıblar. Qarabağın ilk şəhidinin qəbrini sağ qoymazlar. Ağdamsız çətin olsa da oranı unutmaq da çətindir. Bazarı, xəstəxanası, məscidi, çörək zavodu hələ də yadımdadır. Erməninin içində olmuşduq. Bazarımız, dükanımız, şəhərimiz bir idi. Erməni ilə gedirdik,  qayıdırdım.  Niyə qorxmalıydım ki, onlardan. Bundan sonra nə torpaq veriləsidir, nə torpaq görəsiyəm, nə də  gedib Bəxtiyarı tapasıyam,  nə də ki, evimi. Deyir üzümə bax xəbər al. Ağdam çox gözəl yer olub ay bala”.

Səlimə ana deyir ki, hazırda heç kim gəlib demir  ki, ay ana, hardasan, necə yaşayırsan...

“Məni axtaran yoxdur. özüm də  elə bir insanam ki, gedib heç kimə deyə bilmərəm ki, Bəxtiyarın adına mənə hörmət et, ev ver, kömək et. Çünki oğlumun ruhuna hörmət edirəm. Mir Şahin Ağayev televiziyada deyirdi ki, Bəxtiyarın ,Əlinin anasını niyə tapmırsınız? Azərbaycanın ilk qanı onlar olublar. Dərmanlarla yaşayıram, şəkər xəstəsiyəm. 120 kq çəkidən bu qalıb məndə”.

"Ermənilər bir gün atmayanda darıxırdıq"


Samirə Quliyevanın hazırda 32 yaşı var. Ağdam alınan zaman isə 11-12 yaşlarında olardı. Şəhid bacısı qardaşının ölümünü xatırlamasa da Ağdam alınan zaman göydən gələn aramsız güllə yağışını heç vaxt unutmayacağını deyir. “O zamanlar uşaq idim. Xoş günlərimiz çox olub. Nənəm gilin qəşəng kəndi var idi.  Ağdam şəhərindən həmişə yayda dincəlmək üçün ora gedirdik.  Məktəbdən də hər yay bizi Abdalgülablıya istirahətə aparırdılar. Meşədə çadır qururduq, orada qalırdıq. Amma bu xoş xatirələrdən çox qaçqın düşdüyümüz günlər yaddaşımda qalıb.

Qaçaqaçda Ağdamdakı evimizin binasının  zirzəmisinə girib gizləndik. Orada şam yandırarkən gördük ki, zirzəminin divarlarında erməni sözləri yazmış, xaç şəkli çəkmişdilər. Yəni altdan-altdan işlərini həmişə görürdülər. Baxırdıq ki, ermənilər Xaçlı kəndi bombalayır. Uşaq idik, ağlımız kəsmirdi ki, gəlib bizi də öldürərlər. Çıxıb güllələri sayırdıq. Xocalı hadisəsi olandan sonra yaralıları, meyitləri gətirəndə biz görürdük. Yadımdadır, onda məktəbdə oxuyurduq. Hamımız eyni hadisələri yaşayırdıq, amma qorxmurduq. Qaçaqaçda çox zülmlər çəkmişəm. Bakıda qala bilmirdik, darıxırdıq. Amma yavaş-yavaş öyrəndik. Mənim də xatirəmdə Ağdam belə qalıb”. 

Ağdam çox uzaq yerdir


Səlimə ananın nəvəsi Nəzrin Quliyeva isə 3-cü sinifdə oxuyur. Milli qəhrəmanlarımızdan Qarabağın ilk şəhidlərindən olan Əlini tanıdığını deyir. “Ermənilər qardaş-bacılarımızı, ana-atalarımızı öldürüb, şəhid ediblər. Ağdam çox uzaq yerdir. Bütün rayonlardan gözəl yerdir. Ora havasıyla, torpağıyla təmiz olub.
Əgər ermənilər olmasaydı, Ağdama getmək istəyərdim. Çünki gedən kimi ermənilər atırlar.  Ermənilər gücsüz olur,  amma bizim əsgərlər güclü və savadlı olur. Onlar pisliyə qaçırlar, amma bizim əsgərlər yaxşıya qaçır. Ona görə də təriflənir”.


12 nömrəli qaçqın yataqxanasında yaşayan Samirin ailəsi isə Ağdamın Şıxbabalı kəndindəndir. 7-ci sinif şagirdi Samir deyir ki, atası evdə arabir Ağdamdan danışır. “Atam kəndlərindən, mal-heyvan saxlamalarından danışır. Amma Ağdama getmək istəmərəm. Çünki Bakı yaxşı yerdir. Ağdamın alınmayan kəndləri var ki, atam deyib ki, ora məni futbol oynamaq üçün aparacaq. Ağdamın işğalı günü isə yadımda deyil”.



Şahanə Rəhimli
Elçin Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır