"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən sayca üçüncü görüş ötən dəfəkilərin təkrarı əsasında keçib".
Modern.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Onun fikrincə, görüşdə sərhədlərin və kommunikasiya xətlərinin açılması, sülh sazişi üzərində çalışmaların sürətləndirilməsinin vacibliyi vurğulanıb:
"Ancaq bu dəfə Şarl Mişelin yekun açıqlamasında bir neçə yeni detal diqqətimi çəkib. Birincisi, Şarl Mişel Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunmasının vacibliyini bildirib. Bu yəqin Azərbaycana mesajdır ki, rəsmi Bakı ermənilərin hüquq və təhlükəsizlik məsələlərinin həlli məqsədilə onlara nəsə təklif etməlidir. Şarl Mişel bununla həm də Nikol Paşinyanı sakitləşdirmək, radikal müxalifətin ona qarşı təzyiqini neytrallaşdırmaq istəyir. Çünki radikal müxalifət Paşinyana ona görə təzyiq edir ki, baş nazir Qarabağı “unudub”. Paşinyan isə Brüssel görüşünün nəticəsini əlində rəhbər tutaraq Qarabağ ermənilərinin hüquq və təhlükəsizlik məsələlərinin yekun bəyanata salındığına istinad edəcək. Bizə gəldikdə, əgər Qarabağ erməniləri Azərbaycan qanunları ilə yaşayacaqlarsa, separatçılıqldan vaz keçib pasportlarımızı daşıyacaqlarsa, bələdiyyə və digər buna bənzər hüquqlara malik ola bilərlər".
Politoloq ikinci məqama toxunaraq xatırladıb ki, Şarl Mişel Avropa İttifaqının hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcəyini bildirib:
"Şarl Mişel bu mexanizmin nədən ibarət olacağını və necə işləyəcəyini sonrakı cümlələrində izah etməyib. Ancaq böyük ehtimalla Avropa İttifaqı Şurasının prezidenti onu nəzərdə tutub ki, Brüssel iqtisadi zəmində Bakı və İrəvanla üçlü iqtisadi mexanizm çərçivəsində əməkdaşlığa maraq göstərir, ancaq bunun üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır. Biz buna hazırıq, yetər ki, Ermənistan Azərbaycanın sərhədlərini tanısın, sülh sazişi imzalasın və dəhlizin açılmasıyla kommunkasiya xətlərinin çalışmasına şərait yaratsın".
Qeyd edək ki, mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub. Brüsseldə keçirilən görüş 5 saat davam edib. Danışıqlarda bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüssel görüşündən sonra mətbuata açıqlama verərək, tərəflər arasında danışıqların səmimi və məhsular keçdiyini bildirib.
“Kommunikasiya ilə əlaqədar liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.
Sülh sazişinə gəlincə, liderlər Ermənistan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər. Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər” – Şarl Mişel üçtərəfli görüşü müsbət qiymətləndirib.