Modern.az

Ərdoğanın İsveç və Finlandiyaya qarşı çıxmasının gerçək SƏBƏBLƏRİ

Ərdoğanın İsveç və Finlandiyaya qarşı çıxmasının gerçək SƏBƏBLƏRİ

25 May 2022, 10:08

Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edərkən, NATO birdən-birə İsveç və Finlandiyanı alyansa daxil etmək istədiyini açıqlayıb. Bundan dərhal sonra İsveç və Finlandiya rəsmi olaraq üzvlük üçün NATO-ya müraciət edəcəklərini bəyan edib. Bununla belə, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu iki ölkənin terror təşkilatlarını, xüsusilə PKK və FETÖ-nü dəstəklədiklərini əsas gətirərək, onların üzvlüyünə müsbət baxmadığını bildirib.

 

Bu sözləri Modern.az-a açıqlamasında təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu deyib.

 

Onun fikrincə, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin şərtlərini mütləq şəkildə qəbul etməlidir. Əks halda Türkiyə mövqeyini dəyişməyəcək:

 

“Türkiyənin sərt reaksiyasının bir çox səbəbi var. Türkiyə son 40 ildə xarici güclərin aləti olan separatçı terror təşkilatı PKK ilə mübarizə aparır. Buna görə minlərlə şəhid vermişik. PKK terror təşkilatının ən böyük maliyyə qaynaqlarından biri də İsveç və Finlandiyadır. Türkiyənin tələblərinə baxmayaraq, FETÖ-çülər ekstradisiya edilmir.

 

FETÖ və PKK terror təşkilatının bədnam terrorçuları bu iki ölkədə sərbəst gəzirlər və onların dəstəklədiyi PKK-ya bağlı 6 millət vəkili hazırda İsveç parlamentindədir. Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının sərhəddə (İraq və Suriya) həyata keçirdiyi əməliyyatlar zamanı PKK-nın istifadəsində olan çoxlu sayda İsveç istehsalı “At-4” reaktiv yaylım atəşi qurğusu ələ keçirilib. İsveç istehsalı olan “At-4” reaktiv yaylım atəşi ilə əsgərlərin şəhid olduğu hücumlarda PKK terror təşkilatından istifadə edildiyi müəyyən olunub. İsveç və Finlandiyada terror təşkilatı PKK-ya dəstək mitinqlərinin keçirilməsinə icazə verilib. Terror təşkilatı öz terror liderləri, qatil Abdullah Öcalanın plakatları ilə bu ölkələrdə asanlıqla Türkiyəyə qarşı mitinqlər, toplantılar, etirazlar keçirə bilir. Bunu bildiyi halda Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətinə razılıq verə bilməz"

 

 

Ekspert vurğulayıb ki, Türkiyənin rəsmi müraciətlərinə baxmayaraq, İsveç və Finlandiya axtarışda olan terrorçuları Ankaraya verməkdən imtina edib:

 

"İsveç PKK ilə münasibətlərini o qədər inkişaf etdirib ki, bu ölkənin xarici işlər naziri Ann Linde 2020 və 2021-ci illərdə terror təşkilatı PKK-nın Suriya qolu YPG-yə səfər edib. Bununla kifayətlənməyən isveçli nazir YPG-yə ildə 376 milyon dollar verəcəklərini açıqlayıb. Türkiyənin düşməni Ann Linde Suriyanın şimalında YPG-yə qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Avropa Birliyi ölkələrinə "Türkiyəyə silah embarqosu qoyun, bu, sağ qalmaq və bir qruplaşmanın yaranmasının qarşısını almaq məsələsidir" deyib.

 

İsveç Türkiyəyə silah embarqosu qoyan ilk Avropa İttifaqı ölkələrindən biri olub. Açığı, terror təşkilatlarına ev sahibliyi etməsi, hər cür dəstək verməsi, hətta bəzən terror təşkilatlarının sözçüsü kimi çıxış etməsi və bir çox başqa səbəblərə görə Türkiyə bu ölkələrin NATO üzvü olmasını istəmir.Türkiyənin haqlı mövqeyinə baxmayaraq, onların üzvlük müraciətləri NATO tərəfindən rədd ediləcəkmi? Məncə, rədd edilməyəcək. Çünki sözügedən FETÖ və PKK terror təşkilatlarının ən böyük dəstəkçiləri artıq NATO üzvləri, hətta qurucularıdır”.

 

 

Xatırladaq ki, Finlandiya və İsveç NATO-ya qoşulmaq istəsə də, Türkiyə buna icazə vermir. Rəsmi Ankara bu iki ölkənin NATO-ya qoşulmasına razı deyil. Səbəb olaraq Finlandiya və İsveçdə PKK-nın terror təşkilatı kimi tanınmaması, FETÖ terrorçularının Türkiyəyə qaytarılmasına rədd cavabının verilməsi göstərilir. Qardaş Türkiyə mövqeyini israrla müdafiə edərək, Finlandiya və İsveç qarşısında 10 təklifdən ibarət şərtlər qoyub. Əgər adları çəkilən ölkələr Türkiyənin şərtlərini qeyd-şərtsiz qəbul etsələr, NATO-ya üzv olmaq şansı qazanacaqlar. 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç və Finlandiya Ankaranı öz təkliflərinə inandırmaq üçün nümayəndə heyətləri göndərməklə məşğul olmamalıdır. Buna baxmayaraq, Finlandiya və İsveç nümayəndə heyətləri NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün ötən gün Ankaraya səfər ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər