Modern.az

Siyavuş Novruzov müxalifətə sataşdı: “Onların alimləri kimdirsə, çıxsın ortaya”

Siyavuş Novruzov müxalifətə sataşdı: “Onların alimləri kimdirsə, çıxsın ortaya”

Parlament

23 Fevral 2013, 14:23

“Biz heç bir beynəlxalq təşkilatla danışıq aparmırıq, buna ehtiyac da yoxdur”

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifətin Azərbaycanda Seçki Məcəlləsinim dəyişdirilməsi ilə bağlı təklifinə cavab verib. YAP rəsmisi Modern.az-a açıqlamasında müxalifət nümayəndələrinə çağırış edərək Seçki Məcəlləsinin dəyişdirilməsi üçün konkret nümunələr göstərilməsini tələb edib. Azərbaycanın dünyada ən nümunəvi ölkə olduğunu deyən S.Novruzov məcəlləyə dəyişikliyin edilməyəcəyini vurğulayıb.

“Seçki Məcəlləsinə dəyişiklik etməyə heç bir ehtiyac yoxdur. Dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu kimi, seçkinin bütün sahələrini əhatə edən belə bir məcəllə yoxdur. Konkret bir ölkəni bizə misal göstərsinlər. Onların bir fikri var ki, seçki komissiyalarının tərkibi dəyişilməlidir. ABŞ-da fəaliyyət göstərən Federal Seçki Komissiyası tam müstəqil şəxslərdən ibarətdir. Fransada semkiləri Daxili İşlər Nazliyi həyata keçirir. Polşada və Şərq Avropa ölkələrində seçkiləri hakimlər keçirir. Bizim Mərkəzi Seçki Komissiyası dünyanın ən nümunəvi qurumudur. Bir dövətin təcrübəsini göstərsinlər, onların alimləri, üləmaları kimdirsə, çıxıb nümunə göstərsin”,-deyə deputat bildirib.

S.Novruzov daha sonra “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin Modern.az-a verdiyi açıqlamaya münasibət bildirib. Millət vəkili qeyd edib ki, M.Əliyevin fikirləri doğru deyil, Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatlarla danışıqlar aparmır.

“Təbii ki, bu fikir yalnışdır. Seçki Məcəlləsinə dəyişiklik edilməsi üçün heç bir beynəlxalq təşkilatla danışıq aparılımır.Buna ehtiyac da yoxdur. Seçki Məcəlləsi tam qaydasındadır. Seçkilər də normal keçiriləcək”.

Qeyd edək ki, dünən Modern.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bir sıra beynəlxalq təşkilatların Seçki Məcəlləsinə dəyişiklik edilməsi üçün Azərbaycan hakimiyyəti ilə danışıqlar apardığını bildirmişdi.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım