Müəllimlərin İşə Qəbul İmtahanının (MİQ) gələcəkdə yerli bələdiyyələr və regional idarələrin öhdəsinə verilməsi barədə təkliflər birmənalı qarşılanmır. Bələdiyyələrin onsuz da fəaliyyətsiz olduğunu əsas gətirən təhsil ekspertləri xaricdə belə nümunlərin olmasına baxmayaraq, oxşar təcrübənin Azərbaycanda tətbiq edilməsinin uğurlu alınmayacağını düşünürlər.
Bununla bağlı fikirlərini Modern.az-la bölüşən təhsil eksperti, professor Şahlar Əsgərov da MİQ imtahanlarının regional qurumların tabeliyinə verilməsi ideyasının düzgün olmadığını bildirib:
"Başa düşmək lazımdır ki, ölkələr inkişaf etmiş, inkişaf etməkdə olan və geridə qalmış daxil olmaqla üç qrupa bölünür. Bu ölkələrin hər birində tətbiq edilən qanunlar müxtəlif ola bilər. Məsələn, rüşvət olmayan ölkələrdə imtahanı kimin götürməsinin əhəmiyyəti yoxdur".
Professorun sözlərinə görə, əgər ortada rüşvət yoxdursa, imtahanların kimə verilməsi heç kimi narahat etməməlidir:
"Ancaq rüşvət olan ölkələrdə bunu etmək olmaz. Belə addım ancaq rüşvətxorların sayını çoxaldır. Bu isə olduqca zərərli haldır. Ona görə də bizim kimi inkişaf etməkdə olan ölkələrdə sahələr ayrı-ayrı nazirliklərə bölünməlidir. Təhsillə bağlı bütün məsələlər bütövlükdə Təhsil Nazirliyinə tabe olmalıdır".
Ş. Əsgərov hesab edir ki, Təhsil Nazirliyində pedaqoqlar çox olmalıdır, menecerlər və hüquqşünaslar yox:
"Bax, belə olanda hər şey düzələcək. İmtahanların bələdiyyələrə həvalə edilməsinə gəldikdə, kim zəmanət verir ki, bələdiyyələr bundan öz mənafeləri üçün istifadə etməyəcək. Bu, Finlandiya kimi ölkələrdə ola bilər. Çünki orada kimsə təhsilə şəxsi mənafeyi nöqteyi-nəzərdən baxmır. Ancaq bizdə direktorlar belə şəxsi mənafelərindən çıxış edə bilərlər. Buna görə də, imtahanlar Təhsil Nazirliyinin öhdəsində olmalıdır".
Xatırladaq ki, Azərbaycan Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bir neçə gün öncə jurnalistlərə açıqlamasında müəllimlərin işə qəbulu və sertifikasiyadan keçirilməsinin gələcəkdə regional qurumların səlahiyyətinə verilə biləcəyini diqqətə çatdırmışdı.
"Gələcəkdə yerlərdə vəziyyət yaxşı olarsa MİQ və sertifikasiya imtahanları yerli bələdiyyələrin, məktəblərin özlərinin və digər regional strukturların öhdəliyinə verilə bilər. Amma bu hələlik nəzərdə tutulmur. Bunun üçün zaman tələb olunur", - Rüfət Əzizov belə təcrübənin xarici ölkələrdə mövcud olduğunu xatırladıb.