Xocalı faciəsindən sağ çıxmış 25 uşaq hər iki valideynlərini itirdi, qohum-əqrabanın köməyinə möhtac qaldılar. Yarı ac-yarı tox böyüdülər. Həmin uşaqlardan biri də Vəsilə Məhərrəmovadır. Xocalı soyqırımı törədiləndə Vəsilənin 12 yaşı olub. Vəsilə Məhərrəmovanın özü ilə bərabər bir bacısı və üç qardaşı da valideynsiz böyümək məcburiyyətində qalıb. O, həmin hadisələrlə bağlı yadında qalanları Modern.az-la bölüşüb:
“Anam dedi ki, mən kişiləri acqarına qoya bilmətəm”
- O günlər haqqında danışmaq mənə həmişə çox çətin olub. Düzü, ilk dəfədir ki, mən mətbuata müsahibə verirəm. Həmişə bibim bizim əvəzimizdən danışıb. Bu haqda danışanda ürəyim gedir, özümü ələ almağı bacarmıram.
Xocalı soyqırımı törədiləndə mənim 12 yaşım var idi, balaca qardaşımın isə 5. Yəqin ki, Meşəli hadisələrini bilirsiniz. O zaman ermənilər bizim xeyli qohumlarımızı öldürdülər. Onların yasını Ağdamda verdilər. Anam da bizi götürüb Ağdama gətirdi. Amma atam, əmilərim Xocalıda qaldı. Anamla bibimgilə - Ağdama gəldik, bu dekabr ayı idi. Anam Xocalıya qayıdanda bibim dedi ki, “sən hara gedirsən? Qal burada, uşaqlarının yanında”. Anam dedi ki, “mən kişiləri acqarına qoyub, burada qala bilmərəm”. Sən demə, o anamla son görüşümüz imiş. Bir də anamı görə bilmədik. Biz bibimgildə qaldıq.
“Xocalı faciəsindən iki gün sonra xəbər tutduq”
- Fevralın 26-dan iki gün keçmişdi. Bibim bizi Laçına, nənəmgilə aparmışdı. Axşam tərəfi hamımız oturmuşduq. Bir də gördük ki, qohumlarımız gəldi. Dedilər ki, Xocalıya ermənilər hücum edib. İnsanları qırıb, çoxunu girovr aparıblar. Amma mənim ata-anamdan xəbərləri yox idi. Həmin gün onların itkin düşməsindən xəbər tutduq.
Əmim Xocalıdan sağ gəlib çıxa bilmişdi. Atamı da sonuncu dəfə elə əmim görüb. O atamı postda dayanarkən görüb və deyib ki, gedib anamı gətirsin. Atam anamın arxasınca getsə də, geri qayıtmayıb. Nə atamdan, nə anamdan sonralar bir xəbərimiz oldu. Bilmədik ki, ölüblər, ya girov düşüblər. Hadisədən sonra bir neçə ay Ağdamda qaldıq. Gözlədik ki, bəlkə anamgildən bir xəbər çıxa, ya girovluqdan geri qaytarıla, ya meyitləri gətirilə. Amma heç bir xəbər çıxmadı onlardan.
“Bibim bizə görə ailə qurmadı”
- Murad əmim və bibim bizi Bakıya gətirdilər. Bakıda “Qızılqum” sanatoriyasında məskunlaşdıq. Əmim zülmlə, gecə-gündüz bilmədən işləyərək biz 5 uşağa baxdı. İndi şükür Allaha, qardaşım evlənib, bacılarımdan biri ailə qurub.
İndiyə qədər heç bir yerdən köməklik görməmişik. Əmim, bibim bizə baxmaq üçün ailə qurmadılar. Əmimin artıq yaşı 50-dən çoxdur. Təzə evlənib, uşaqları körpədir. Bizə baxan bibim də evlənmədi. Ərə getmədi ki, bu uşaqlara kim baxacaq?
“Hamı necədirsə, biz də elə olmaq istəyirik”
- Mən Azərbaycan Beynəlxaq Universitetinin jurnalistika fakültəsini bitirmişəm. Amma öz ixtisasım üzrə işləmirəm. “Qızılqum”da Xocalı məktəbində işləyirəm. Qardaşım da oteldə texniki işçi kimi çalışır. Dolanışıq çox çətindir. Ətrafımıza baxırıq, hamı necədirsə, biz də elə olmaq istəyirik. Hərdən düşünürəm ki, kaş mən də Xocalı gecəsi insanlarla birgə gələydim. Olanları öz gözlərimlə görəydim.
Ən nifrət etdiyim söz həmişə “yetim” olub. Bu sözdən nifrət etmişəm. Anam bizi qoyub gedəndə dedi ki, “mən özüm yetim böyümüşəm. Bundan sonra yetimə baxmaq istəmirəm. Ölsəm də ərimlə birgə öləcəm”.
Bizim kimi ata-anasız qalan Xocalı uşaqları çoxdur. Amma onlardan Mehdini, Yasəməni və Xəzangülünü tanıyıram. Milli Qəhrəman Tofiq Hüseynovun qızı Yasəmən xanım mənimlə birgə işləyir. Xəzangülü tanıyıram. Onun başına çox faciələr gəlib. Atasını gözünün önündə yandırıblar. Mehdi də çox çətinliklər görüb. Babası gətirib onu Xocalıdan. İndi də tək qalıb. Çox çətindir bizim üçün. Ata-anasız qalmaq isə ümumiyyətlə çətindir.
Sevinc İltifatqızı