Modern.az

Komitə sədri büdcənin icrasını müsbət QİYMƏTLƏNDİRDİ

Komitə sədri büdcənin icrasını müsbət QİYMƏTLƏNDİRDİ

Parlament

31 May 2022, 11:44

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”  “Büdcə sistemi haqqında” Qanun ilə müəyyən edilmiş müddətdə və formada Milli Məclisə təqdim edilib. Həm layihə, həm də hesabat tələb olunan məlumatları əhatə edərək qanunla müəyyən olunmuş qaydada tərtib olunub.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

 

Komitə sədri bildirib ki, Qanun layihəsi və hesabat Hesablama Palatasına rəy üçün təqdim edilib və bu rəy palata tərəfindən Milli Məclis üzvlərinə təqdim edilib. Əlavə olaraq Maliyyə Nazirliyi tərəfindən 2021-ci il dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş dövlət proqramları və tədbirlər haqqında geniş məlumat və Hesablama Palatasının rəyinə yazılmış şərhlər deputatlara təqdim edilib:

 

"2021-ci ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri, sosial-iqtisadi siyasət və təhlükəsizlik çağırışları istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin, Covid-19 Pandemiyasının və Vətən müharibəsindən sonra quruculuq işlərinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla çevik formada icra olunub.

 

Təqdim olunmuş sənədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 25 may 2022-ci il tarixli iclasında ətraflı müzakirə edilib. İclasda Maliyyə və İqtisadiyyat Nazirlikləri, Hesablama Palatası, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi və Dövlət Vergi Xidmətinin nümayəndələrinin iştirakı ilə dövlət büdcəsinin icrasının əsas parametləri, 2021-ci ilin makro iqtisadi göstəriciləri ətraflı müzakirə edilmişdir. Eyni zamanda, təqdim edilmiş sənədlərin daha dərindən təhlili məqsilə 21 may 2022-ci ildə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi, İqtisadiyyat və Maliyyə nazirlikləri və Hesablama Palatasının nümayəndələrinin iştirakı ilə səmərəli işgüzar iclas da keçirilib".

 

Komitə sədri vurğulayıb ki, 2021-ci il hər şeydən əvvəl Azərbaycan Respublikasının dövlətçilik və müstəqillik tarixinə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsi və işğalçı Ermənistan üzərində qazanılan möhtəşəm hərbi-siyasi-iqtisadi Qələbədən sonra bərpa-quruculuq işlərinə başlanılması ili kimi düşüb. İlk dəfə olaraq məhz 2021-ci ilin dövlət büdcəsində bu məqsədlər üçün vəsait ayrılıb:

 

"2021-ci ilin əvvəllərindən başlayaraq əksər dünya ölkələrində koronavirus infeksiyasına qarşı kütləvi şəkildə həyata keçirilən sürətli peyvəndləmə prossesi və pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin tədricən aradan qaldırılması, eləcə də pandemiyanın neqativ iqtisadi nəticələri ilə mübarizə çərçivəsində tətbiq olunan irihəcmli dəstək proqramları iqtisadi tənəzzüldən iqtisadi artıma keçidə təkan verib. Belə ki, Dünya Bankının hesablamalarına görə 2021-ci ildə qlobal iqtisadi artım 5.5% təşkil edib.

 

2021-ci il bütövlükdə ölkəmizin də sosial iqtisadi inkişafı baxımından uğurlu bir il olub. Belə ki, ölkə ərazisində koronavirus pandemiyasına qarşı sürətli və genişmiqyaslı vaksinasiyanın həyata keçirilməsi və pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən yumşaldılması və aradan qaldırılması, eləcə də neftin dünya bazarlarında qiymətinin artması fonunda yaranan əlverişli xarici və daxili makroiqtisadi mühit iqtisadiyyatın gözləniləndən daha tez bərpa olunaraq 2019-ci ildəki Ümumi Daxili Məhsulun səviyyəsini keçməsini şərtləndirib. 2021-ci ildə iqtisadiyyatın demək olar ki, bütün sektorlarında bərpa prossesləri sürətlə gedib, neft sektoru üzrə əlavə dəyər 1.8%, qeyri-neft sektorunda isə 7.2% artmışdır. 2021-ci ildə ÜDM-in həcmi 75.8 mlrd manat proqnozlaşdırılsa da, faktiki həcmi 92.9 mlrd manat, ÜDM-in real artımı isə 2021-ci ilin dövlət büdcəsi zərfindən nəzərdə tutulan 3.4%-lik proqnozdan 2.2% bənd çox olmaqla 5.6% təşkil edib. ÜDM-in strukturunda ən böyük pay 42.5% -lə sənayeyə aid olmuş, qeyri-neft sənayesində artım tempi isə 18.9% olub.

 

Hesabat ilində “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 45 dollardan 79% çox olmaqla 71.6 dollar təşkil edib. Müvafiq olaraq, 2021-ci ildə ixrac idxalı 12.2 milyard dollar üstələyib, Tədiyyə Balansının CƏB profisiti 104.8 mln dollar proqnozlaşdırılsa da fakt 8.3 mlrd dollar olub, ölkənin məcmu valyuta ehtiyatları 2.5 mlrd dollar artaraq 53 mlrd dollara və ya xarici dövlət borcunun 6 mislinə çatıb. 2021-də qeyri-neft məhsullarının ixracı real ifadədə 38.4% artaraq 2.7 mlrd dollar olub.

 

Qənaətbəxş haldır ki, qeyri-neft idxalının qeyri-neft ixracı hesabına maliyyələşmə səviyyəsi əvvəlki illərə nisbətən yüksək olmuş, 2020-ci il ilə müqayisədə 7,4 faiz bəndi yüksələrək 29,0%-ə bərabər olub. Bu təqribən idxal olunan hər 3.3 dollar geyri-neft idxalının 1 dollarının qeyri-neft sektoru ixracı hesabına maliyyələşməsi deməkdir".

 

T. Mirkişili çıxışında diqqətə çatdırıb ki, 2021-ci ildə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 685.8 mln dollar azalaraq ilin sonunda 8.135 milyon dollar olmaqla ÜDM-nin 14.9%ni təşkil edib: 

 

"Qeyd edim ki, bu göstərici 2020-ci ildə 20.7% idi. Müqayisə üçün deyim ki, 2021-ci ildə dünyada inkişaf etmiş ölkələrin məcmu dövlət borcunun ÜDM-ə nisbəti üzrə orta göstərici 120% ətrafında qeydə alınıb.

 

Eyni zamanda qeyd etmək istərdim ki, hesabat ilində sürətli bərpa və artım dinamikası formalaşsa da, dünya iqtisadiyyatında cərəyan edən inflyasiya problemi Azərbaycandan da yan keçməmiş, ölkədə orta illik inflyasiya 6.7%-ə yüksəlib. Bu göstərici proqnoz göstəricidən 3.7% bəndi çox olub. Bütövlükdə ölkədə inflyasiya əsasən dünya əmtəə bazarlarında ərzaq məhsulları üzrə yüksək qiymət artımları, ərzaq qıtlığı, ticarət tərəfdşları olan ölkələrdən yüksək inflyasiya idxalı, qlobal təhcizat və logistika zəncirlərində mövcud olan qırılma və gecikmələr, daşınma xərclərinin artması, bununla yanaşı 2021-ci ildə qiymətləri dövlət tərəfindən tənzimlənən bir sıra mal və xidmətlərin tariflərində olan dəyişikliklər və ümumi tələbəin sürətlə artması və təklifin bu sürətlə ayaqlaşa bilməməsi səbəblərindən qaynaqlanıb. Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərini gücləndirilməsi istiqamətində görülən işlər daha yüksək inflyasiya göstəricilərindən yayınmağa imkan verib. Ümumilikdə 2021-ci il ərzində həm daxili, həm də beynəlxalq konyuktur ölkə üçün əlverilişli olub".

 

Komitə sədri çıxışında gəlirlərlə bağlı statistikanı açıqlayıb:

 

"Beləliklə, dövlət büdcəsinin əsas parametrlərinə keçsək, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 25 427,0 milyon manat proqnoza qarşı 26 396,3 milyon manat təşkil edib. Gəlirlər proqnozla müqayisədə 969,3 milyon manat və ya 3,8 faiz cox icra olunub.

 

Dövlət büdcəsi gərlilərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 12 860.0 milyon manat təşkil edib ki, bu da proqnozdan 1 209.0 milyon və ya 10.4% çox olub. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin artması onun dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisini nəzərdə tutulumuş 45.8%-dən 48.8%-dək artırıb. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxilolmaların 49.3%-i vergi orqanları, 33.8%-i gömrük orqanları, 16.9% ilə digər mənbələr vasitəsilə formalaşıb. Qeyri-neft sektoru üzrə artıq daxilolmalar ölkədə əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, kölgə iqtisadiyyatının azaldılması, biznes fəaliyyətinin və gəlilərin leqallaşdırılması konteksində atılan addımlar və inflyasiyanın təsiri hesabına olub. Eyni zamanda qeyd etmək lazımdır ki, 2021-ci ildə qeyri-neft sektoru üzrə dövriyyə 27.4%, ƏDV tutulan dövriyyə isə 27.8% artıb".

 

Onun sözlərinə görə, hesabat ilində dövlət büdcəsinin neft sektoru üzə daxilolmaları 13 536.2 milyon manat olub ki, bu da proqnozdan 240 mln manat azdır. Neft sektoru üzə vergilərin proqnozdan artıq 610 mln manat daxil olması və qeyri neft sektoru hesabına gəlirlərin artması Dövlət Neft Fondunan dövlət büdcəsinə transfertin məbləğinin 850 mln manat azadılaraq 11 350.0 mln manat təşkil etməsinə səbəb olub. Bu da dövlət başçısı tərəfindən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması siyasətinə uyğundur.

 

"2021-ci ildə Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə daxilolmalar 8 529.200 min manat olub ki, bu da proqnozdan 1 279.2 milyon manat çoxdur. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar isə 4 343.0 milyon olub ki, bu da proqnozdan 443 milyon manat çoxdur.

 

Büdcət təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar isə 700 mln manat proqnoza qarşı 612.9 mln manat, yəni 87.1 mln manat az təşkil edib. Hesabat ilində özəlləşdirilmədən daxilolmalar 112,7 mln. manat olmalqa, əvvəlki ilə nisbətən 83,4% artıb. Eyni zamanda qeyd etmək istərdim ki, dövlət maliyyə nəzarəti və hüquq mühafizə orqanları tərəfindən aparılmış yoxlamalar nəticəsində 60.8 mln manat dövlət büdcəsinə bərpa olunub".

 

T. Mirkişili daha sonra xərclərlə bağlı statistik göstəriciləri elan edib:

 

"2021-ci il dövlət büdcəsində təsdiq olunmuş 28 543.0 milyon xərcin 27 422.4 milyon manatı, yəni 96.1%-i icra olunub. Strukturuna görə xərclərin 60.5%-ni cari xərclər, 31.5%-ni əsaslı xərclər, 8%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edib.

 

Dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsinə, əməkhaqqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin əsasən tam maliyyələşməsinə nail olunub.

 

Sosialyönlü xərclərin 2021-ci il dövlət büdcəsinin icrasında xərclərin 37,5 faizi və ya 10 296,7 milyon manat həcmində olub. Ümumiyyətlə, Son 5 ildə sosialyönlü xərclər natural ifadədə 3.6 mlrd manat və ya 1,5 dəfə artıb.

 

2021-ci ildə dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılmış 1 409.0 milyon manat vəsaitin 1378.5 milyon manatı və ya 97.8%-i icra olunub. İcbari Tibbi Sığortanın fəaliyyətini təmin etmək məqsədilə dövlət büdcəsindən 1044.7 mln manat vəsaitin icrası təmin edilib.

 

Ölkədə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri üçün dövlət büdcəsində  261 milyon manat vəsait nəzərdə tutulsa da, zərurətdən dolayı faktiki olaraq ümumi 806.8 milyon manat vəsait xərclənib.

 

Dövlət büdcəsindən təhsil üçün ayrılmış xərclərin 96.7%-nin, Müdafiə və Milli Təhlükəsizlik üçün ayrılmış xərclərin 99.2%-nin, Meliorasiya tədbirləri üçün ayrılmış xərclərin 98.7%-nin, Ərzaq Təhlükəsizliyi üçün ayrılmış xərclərin 97.3%-nin, Elm üçün ayrılmış xərclərin isə 84.6%-nin icrası təmin edilib.

 

Qeyd etmək istərdim ki, təhsil xərcləri çərçivəsində 80 mln manatın Tələbə Krediti Fonduna, 27.2 mln manatın 13 343 məcburi köçkün statuslu tələbələrin, 4.6 mln manatın Şəhid və əlil olmuş şəxslərin 2167 nəfər uşaqlarının, 2.6 mln manatin isə valideynlərini itirmiş və himayədən məhrum olmuş 1129 tələbənin təhsil haqqlarının ödənməsinə yönəldilməsi təmin edilib.

 

İşğaldan azad olmuş ərazilərin yenidən qurulması və bərpası üçün büdcədə nəzərdə tutulmuş 2 200.0 milyon manat vəsaitin 2 178.4 milyon manatının və ya 99.0%-nin icrası təmin olunub. Bu vəsaitlər avtomobil yollarının layihələndirilməsi və tikintisi, dəmir yolu xəttlərinin layihələndirilməsi və tikintisi, ərazilərin minalardan təmizlənməsi, sənaye parklarının yaradılması, “Ağıllı Kənd”in tikintisi, dövlət sərhədlərini müdafiəsi və gücləndirilməsi, elektrik enerjisi layihələrini icrası və digər istiqamətlərdə işlərin icrası üçün maliyyə təminatı yaradıb.

 

2021-ci ildə dövlət büdcəsini yerli gəlirləri 936.7 milyon manat, və ya proqnozdan 16.3% çox, yerli xərcləri isə 786.2 milyon manat və ya proqnozun 91.5%-i həcmində icra edilib.

 

2021-ci il üçün iqtisadi təsnifat üzrə təsdiq olunmuş dövlət büdcəsi xərcləri arasında aparılmış yerdəyişmələrin həcmi 926.6 milyon manat və ya təsdiq olunmuş dövlət büdcəsi xərclərinin 3.3%-i həcmində olub.

 

2021-ci il üçün dövlət büdcəsinin kəsiri proqnozlaşdırılmış 3 116.0 milyon manata qarşı 1 026.1 milyon manat təşkil edib. Kəsirin maliyyələşməsində istifadə olunan dölət əmlakının özəlləşməsindən daxil olan vəsaitin həcmi 112.7 milyon manat təşkil edib".

 

Komitə sədri çıxışının sonunda qeyd edib ki, 2021-ci il üçün dövlət büdcəsi layihəsi qəbul edilərkən həmin il üçün büdcə-vergi siyasətinin orta dövr üçün fiskal hədəflər açıqlanıb. Gəlirlər üzrə 4, xərclər üzrə isə 6 hədəfə nail olunması planlaşdırılmışdı:

 

"Gəlirlər üzrə hədəflər əsasən iqtisadiyyatın neft sektorundan asılılığın azaldılması, geyri-neft gəlirlərinin artırılması, qeyri-neft ixracının artırılması, kölgə istisadiyyatın səviyyəsinin azaldılması, nağdsız hesablaşmaların artırılması, dövlət əmlakının özəlləşməsinin genişləndisilməsi hesabına büdcə daxilolmaların artırılmasını əhatə edirdi. Xərclər üzrə hədəflər isə əsasən sosial yönümlü xərclərin, səhiyyə xərclərinin maliyyələşməsi, işğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, ərzaq təhlükəsizlitinin təmin edilməsi, əhalinin mənzil şəraitinin yaxşılaşması, müdafiə və təhlükəsizlik tədbirlərini görülməsi üçün lazımı maliyyə təminatının təmin edilməsini əratə edirdi. Aparılan bütün təhlillər 2021-ci iln dövlət büdcəsini icrasının bu hədəflərə əsasən nail olduğunu deməyə imkan verir.

 

Eyni zamanda, qeyd etmək istərdim ki, təqdim olunan hər bir hesabat həm də gələcək fəaliyyətin təkmilləşməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Layihənin, hesbabatın və Hesablama Palatasının rəyinin komitədə geniş müzakirəsi zamanı 2021-ci ildə dövlət büdcəsinin icrası zamanı müəyyən texniki çatışmazlıqlar da müəyyən edilmiş və bu çatışmazlıqlar tərəfmizdən müxtəlif icra orqanlari ilə geniş müzakirə edilib".

 

"İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində aparılmış təhlillər və müxtəlif müzakirlər o qənatə gəlməyə imkan verir ki, Büdcə gəlir və xərclərinin daha dəqiq planlaşdırılması və daha effektiv icrası üçün Büdcə sistemi haqqında qanunun təkmilləşməsinə və ya yeni, daha çevik Büdcə məcəlləsinin qəbuluna, maliyyə intizamının daha da gücləndirilməsinə, büdcə təşkilatlarının planlaşdırma və hesabatlıılıq davranışlarının təkmilləşdirilməsinə və bu məqsədlə də geniş innovativ həllərin tətbiqinə ehtiyac var. Xüsusilə də, büdcə xərclərinin icrasının səmərlilik əsasında qiymətləndirlməsi, gəlirlərinin isə potensiala daha yaxın planlaşdırılması üçün yeni yanaşmalara ehtiyac yaranıb. Hesab edirik ki, bunun üçün müvafiq dövlət orqanlarında kifayər qədər məlumat bazaları formalaşıb. Artıq getdikcə tez-tez böhranlı halların baş verməsi dövlət büdcəsinə yanaşmada da klassik yanaşmalaran dəyişkən yanaşmalara, nəticə yönümlü davranışa keçidi sürətləndirməyi bizdən tələb edir.

 

Beləliklə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi hesab edir ki, 2021-ci il üçün dövlət büdcəsinin icrası əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin icrası, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, COVID-19 pandemiyası ilə mübarizə və iqtisadi subyektlərin dəstəklənməsində lazımi maliyyə təminatı yaradıb və öz müsbət rolunu oynayıb.

 

Bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş 2021-ci il dövlət büdcəsinin icrası layihəsini dəstəkləməyinizi xahiş edirəm", - deyə komitə sədri çıxışını yekunlaşdırıb.           

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi