Modern.az

Baş redaktorlardan onları məhkəməyə verən ANS-ə cavab

Baş redaktorlardan onları məhkəməyə verən ANS-ə cavab

26 Fevral 2013, 14:53

ANS Şirkətlər Qrupuna daxil olan "ANS PRESS Nəşriyyat evi" MMC "Yeni Müsavat" qəzetini və “Aznews.az” saytını məhkəməyə verib. Məhkəmə iddiasına ANS PRESS-ə aid olan jurnalların bağlandığına dair xəbər səbəb olub. Bu mətbu orqanlarda  dərc olunmuş yazıda "Hesabat" və “El” jurnallarının nəşrini dayandırdığı bildirilirdi.

Modern.az ANS-in iddiası ilə bağlı “Aznews.az” və “Yeni Müsavat”dan münasibət öyrənib.

“Aznews.az”ın baş redaktoru Elçin Zahiroğlunun cavabı belə olub: “ANS-in bu yazıya görə bizi məhkəməyə verəcəyini gözləmirdim. Əlbəttə, bu, onların haqqıdır, ancaq bu məsələni məhkəmə həddinə çatdırmaq insafsızlıqdır. Ən azı ona görə ki,  jurnalların bağlanması barədə ANS rəsmilərinin özlərinin dəfələrlə mətbuata açıqlamaları olub. Buna görə də bizə bu məlumat gələndə onun həqiqiliyinə şübhəmiz olmadı. Və ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevin “Hesabat” və “El” dərgilərinin özlərini doğrultmadığı və onlara televiziyanın gəlirlərindən pul xərcləndiyi üçün bağlanma qərarı verəcəyi haqqında məlumat dərc etdik. Biz bu məsələni dəqiqləşdirmək istəyəndə bildik ki, Vahid Mustafayevin işçilərini danlaması və jurnalları bağlaması ilə bağlı dedikləri xəbərdarlıq xarakteri daşıyır və hələlik bu addım atılmayacaq. Buna görə də yazını saytdan sildik”-deyə baş redaktor bildirib.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə qeyd edib ki, ANS-in belə bir addım atması birinci dəfə deyil.

“ANS-in bizi məhkəməyə verdiyi birinci hal deyil. Hesab edirəm ki, sonuncu da olmayacaq. Həmişə olduğu kimi bu dəfə də haqsızdırlar, qərəzlidirlər. Burada məhkəməyə verilə biləcək heç bir səbəb yoxdur. Ona görə ki, burda bizim istinad etdiyimiz mənbə var. Sadəcə, redaksiya adından bu jurnalların Azərbaycan mətbuatında yerini və qiymətini göstərmişik. Şirkət haqqında da bir neçə məlumat vermişik. İnformasiya yaymağa görə məhkəməyə müraciət etmək praktikası adətən məmurlarda olur. Bu prosesin ANS-də də baş verməsi təəssüf doğurur”-deyə bildirib.

Xatırladaq ki, “ANS PRESS Nəşriyyat Evi” MMC məhkəmə iddiasında Aznews.az saytından 100 min manat, "Yeni Müsavat" qəzetindən isə 20 min manat təzminat, eləcə də, hər iki cavabdehdən təkzib tələb edir.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi