Azərbaycan Xarici İşlər Nazirliyi Ağ Evin Dağlıq Qarabağın işğalı və Xocalı soyqırımı ilə bağlı petisiyalara verdiyi cavaba münasibət bildirib. Modern.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
“100 mindən çox insanın səs verməsindən sonra ABŞ-ın belə bir açıqlamasını təəssüflə qarşılayırıq. Onların verdiyi açıqlama ümumidir. Hər hansı bir qəti fikir və ya münasibət sərgilənmir”.
ABŞ-ın Minsk qrupunun həmsədrlərindən biri olduğunu xatırladan Elman Abdullayev qeyd edib ki, Vaşinqton həmişə açıqlamalarında Azərbaycanın strateji ortağı olduğunu vurğulayıb.
“Bütün bunlara baxmayaraq, ABŞ-ın bu gün belə açıqlama verməsi, Azərbaycan xalqı üçün bu qədər həssas və önəmli olan Xocalı soyqırımı barəsində ümumi danışması, hər hansı bir mövqe sərgiləməməsi çox təəssüfedici durumdur. Bu isə insanlığı qarşı törədilən cinayətə biganə qalmaqdır”-deyə, mətbuat xidmətinin rəhbəri qeyd edib.
Xatırladaq ki, Ağ Ev azərbaycanlıların Dağlıq Qarabağın işğalı və Xocalı soyqırımı ilə bağlı imzaladığı petisiyalara cavabında bildidib ki, prezident Barak Obama qeyd olunan məsələlərə dair rəsmi açıqlama ilə çıxış etməyəcək.
Sevinc İltifatqızı