Modern.az

Tahir Kərimli: “Prezidentlə danışa bilmədim, daxili işlər nazirinə hirslənib dedim ki...”

Tahir Kərimli: “Prezidentlə danışa bilmədim, daxili işlər nazirinə hirslənib dedim ki...”

26 Fevral 2013, 18:36


“Xocalı hadisəsi törədilən günün ertəsi nə qədər vəzifəli, vəzifəsiz insanlara müraciət etsəm də, özümə yoldaş tapa bilmədim. Təkbaşına Ağdama yollandım”. Modern.az-a açıqlamasında bu sözləri Vəhdət Partiyasının sədri, Ali Məhkəmənin keçmiş sədri Tahir Kərimli deyib. O, Ağdamda gördüklərini əməkdaşımıza danışıb.

“Mən o vaxt Ali Sovetin deputatı idim. Onda Xocalı faciəsi törədilən günün səhərisi nə qədər vəzifəli, vəzifəsiz insanlara müraciət elədim, özümə yoldaş tapa bilmədim. Təkbaşına Ağdama yollandım. Xəstəxanaya baş çəkdim, yaralıları yoxladım, məscidlərə, Şelli kəndinə getdim. Sağ olsun, Qarabağın Həcəri Səbinə xanım məni müşayiət edirdi. O gördü ki, mən diz çöküb yalvardım ki, “ay Allah, güllə mənim də alnımdan dəysin”. Çünki, anasını itirən körpələrin çığırtısına dözə bilmədim, özümə ölüm arzuladım”.

Tahir Kərimlinin sözlərinə görə, hadisə ilə bağlı prezidentlə danışmaq istəsə də, buna nail ola bilməyib: “Onda daxili işlər naziri Tofiq Kərimova çox əsəbləşdim ki, niyə Xocalıda cəmi 2 nəfərin ölməsi barədə rəsmi məlumat yayırsınız? Xocalıda şəhid olanların meyitlərinin yük maşınlarında daşınması, onların donmuş cəsədləri, millətimin bu əzabı məni dəhşətli dərəcədə sarsıtmışdı. Biz hamımız qarabağlı yox, azərbaycanlıyıq. Bizim üçün vətən məfhumu var. “Qarabağlı olmalıyıq” sözünün özü bizi bölür. Mənim bacım oğlu Şahin Seyidli şamaxılı idi, amma Xocalı müsibətinə dözə bilmədi, gedib Qarabağda şəhid oldu. Ona görə də qarabağlı kimi yox, azərbaycanlı kimi vətəni sevmək lazımdır”.

T.Kərimli bildirib ki, Azərbaycan parlamenti Xocalı soyqırımı ilə bağlı qanun qəbul etməlidir:

“Özü soyqırımı tanımalıdır ki, başqa dövlətlərdən, parlamentlərdən də bu cinayətin qəbul edilməsini istəsin. Biz dövlət kimi, millət kimi deyirik ki, bu hadisə törədilib. Amma rəsmi olaraq soyqırımına aid qanun qəbul etməmişik. Dünya dövlətlərinə, dünyanı idarə edən güclərə deməliyik ki, xristianların təşəbbüskeşliyini çəkməyi qurtarın. Yoxsa ABŞ-ın bugünkü cavabı kimi “sülh yolu lazımdır, hərb yolu yox” sözlərini hələ çox eşidəcəyik. Bu, bizi məğlubiyyətlə barışdırmaq deməkdir”- Tahir Kərimli vurğulayıb.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular