Modern.az

Zarafatı gerçək oldu – Məhərrəm və Siracsız bir il...

Zarafatı gerçək oldu – Məhərrəm və Siracsız bir il...

4 İyun 2022, 10:41

Bu gün AzTV-nin operatoru Sirac Abışov və AzərTAc-ın əməkdaşı Məhərrəm İbrahimovun anım günüdür.

 

Ötən ilin bu günü Kəlbəcər rayonuna ezam edilmiş media nümayəndələrinin olduğu “KamAZ” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi ərazisində ermənilərin yerləşdirdiyi tank əleyhinə minaya düşüb.

 

Hadisə nəticəsində Sirac Abışov, Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olub, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Azərbaycan mətbuatını yasa qərq edən faciəli hadisədən bir il ötür. 

 

Modern.az şəhid jurnalistlərin ildönümündə dostlarının onlarla bağlı xatirlərini öyrənib. 

 

Bircə oğlumun toyunu görə bilsəydim...

 

 

Uzun illər Sirac Abışovla çiyin-çiyinə çalışmış Azərbaycan Televiziyasının əməkdaşı Nicat Nağızadə onun ən yaxın dostlarından olub. N.Nağızadənin sözlərinə görə, Sirac ailəsinə çox bağlı olub, ən böyük arzusu övladının toyunu görmək idi:

 

"Sirac çox fədakar operator idi, qorxmadan minalı ərazilərdən kadrlar əldə etməyi bacarırdı. Heç nədən çəkinmədən təhlükəli yerlərdə çəkilişlər aparırdı. Zarafatla "partlayacayıq ha", - deyirdi. Təəssüf ki, zarafatı gerçək oldu.

 

Sirac doğma kəndində olanda çox sevinirdi. Allaha şükür edirdi. Deyirdi ki, bu günə qədər çox yerdən çəkiliş etmişik, Ağdam kimi hər tərəfi minalı ərazidən salamat ayrıldıq, buna da şükür. Onunla hər günümüz zarafatla keçirdi".
 

Dost itirməyin ağır dərd olduğunu söyləyən N.Nağızadə Siracın qəhrəman operator kimi yaddaşlarda qalacağını vurğulayıb, onun əzmkar fəaliyyətinin bütün media nümayəndələrinə nümunə olduğunu qeyd edib. 

 

Məhərrəm jurnalistikanı həmişə üstün tuturdu...

 

 

Şəhid Məhərrəm İbrahimovun qələm dostlarından olan "Trend" İnformasiya Agentliyinin redaktoru Samir Əli onunla bağlı xatirələrini bölüşərək ötən çağları yada salıb:

 

"Məhərrəmlə 15 ilin dostu olmuşam. O dosta, tanışa daim hörmət edən, jurnalistikanı həmişə üstün tutan, sözün əsl mənasında şəxsiyyətli insan idi. Sonuncu dəfə Məhərrəmlə danışanda "mən yuxarı gedirəm" dedi, iki gün sonra bildim ki, şəhadətə ucalıb".

 

Samir Əli Məhərrəmin sədaqətli dost kimi heç vaxt unudulmayacağını, daim xatirələrdə yaşayacağını sözlərinə əlavə edib:

 

"Hər yan onunla olan xatirələrdir, yoldaşlıqda möhkəm olan Məhrrəmsiz ötən 1 il mənim üçün olduqca çətindir".

 

Qeyd edək ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 1989-cu ildə Ardanış kənd orta məktəbinin birinci sinfinə gedib. 1999-cu ildə 100 nömrəli orta məktəbi bitirərək həmin il Ali İctimai-Siyasi Kollecin Jurnalistika fakültəsinə daxil olub. 2003-cü ildə ali məktəbi bitirərək iyulun 15-də Binəqədi Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb. 2004-cü il iyulun 15-də həqiqi hərbi xidmətini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında başa vurub.

 

2004-cü il sentyabrın 1-dən AZƏRTAC-da müxbir, 2007-ci il yanvarın 16-dan aparıcı müxbir vəzifəsində çalışıb.
 

2021-ci ilin iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. İki övladı olan M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

***

Sirac Abışov 29 avqust 1989-cu il tarixində Qubadlı şəhərində anadan olub. 2019-cu ildən AzTV-də işləməyə başlayıb. Bir övladı olan S.Abışov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub.

 

Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

 

Prezident İlham Əliyevin ötən ilin iyunun 14-də imzaladığı Sərəncamla "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

 

Elmar Hüseynov

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu