Qanun layihəsinin böyük maliyyə tutumlu olması gərgin müzakirələrə yol açdı
Parlamentin Sosial siyasət komitəsinin fevralın 27-də keçirilən iclasında “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən Milli Məclis (MM) Aparatının şöbə müdiri Adilə Abassovanın dediyinə görə, sözügedən sənəddə nəzərdə tutulan müddəaların pozulmasına görə pasiyentin məhkəməyə müraciət etmək hüququ, eyni zamanda qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması öz əksini tapıb.
“Bu qanun qəbul edildikdən sonra İnzibati Xətalar və Cinayət məcəllələrinə müvafiq əlavə və dəyişikliklər olacaq”-deyə, şöbə müdiri bildirib.
Adıçəkilən komitənin sədri Hadi Rəcəbli bildirib ki, sənədin reallaşdırılması böyük maliyyə tələb etsə də, Azərbaycan dövlətinin maliyyə imkanları onun həyata keçirilməsinə imkan verir: “Bu sənəd çox böyük maliyyə tutumlu bir sənəddir. Dünən bu məsələ ilə bağlı Maliyyə Nazirliyilə də danışıb, geniş müzakirə aparmışıq. Qanunun təşəbbüskarı olan cənab Prezidentimizin özünün də istəyi odur ki, bu sənəd nə qədər böyük maliyyə tutumlu olsa belə, o, mütləq işləməlidir”.
H.Rəcəbli eyni zamanda, qanunun tətbiqi ilə bağlı ciddi maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.
Müzakirələr zamanı çıxış edən millət vəkili, akademik Əhliman Əmiraslanov qeyd edib ki, əgər uşaqların müayinəsi düzgün aparılarsa, o zaman bir çox xəstəlikləri vaxtında araşdırıb aradan qaldırmaq olar.
“Dispanserizasiyanı nə qədər düzgün aparsaq, müalicə yükünü də bir o qədər azaldacağıq. Eyni zamanda, dispanserizasiyanı, müayinəni nə qədər vaxtında aparsaq, patalogiyaların qarşısını bir o qədər alacağıq. Bu, elə xərclənən maliyyə vəsaitinin azalmasına, uşaqların sağlam böyüməsinə şərait yaradacaq”-deyə, Ə. Əmiraslanov qeyd edib.
Sözügedən komitənin sədr müavini Musa Quliyev isə dispanserizasiya xidmətinin əhaliyə daha da yaxınlaşdırılması üçün xüsusi avtomobillərin ayrılmasını, lazımı tibbi texnika ilə təchiz olunmuş səyyar tibbi maşınların ayrılmasını təklif edib.
“Bu, daha çox kənd yerlərində yaşayan uşaqların müayinələrinin aparılmasına şərait yaradacaq”-deyən M. Quliyevin sonra bildirdiyinə görə, bu böyük tutumlu yeni qanunun qəbulu və tətbiqi ilə bağlı Maliyyə Nazirliyi hesabat verməlidir:
“Təəssüf ki, layihənin müzakirəsinə qatılmırlar. Onlar bu böyük layihəyə nə qədər vəsait ayrılması ilə bağlı hesabat verməlidirlər. Əgər lazımi səviyyədə vəsait ayrılmayacaqsa, o zaman bu sənəd də işlək olmayacaq. Sonda Maliyyə Nazirliyi deyəcək ki, bu qədər vəsaitimiz var, çatmır və sair. Bu gün bir uşağın müayinəsi üçün ən azı 30 manat vəsait tələb olunur. Bizdə isə aşağı-yuxarı uşaqların sayı 3 milyona yaxındır. Bu da öz növbəsində 100 milyonlarla vəsait deməkdir. Onlara bu qədər vəsait ayrılacaqmı? Eyni zamanda, bir nəfər ürək qüsurundan əziyyət çəkən uşağın dispanserizasiyası, yəni, cərrahi əməliyyatı üçün ən azı 4-5 min manat vəsait lazımdır.
Ola bilər ki, dispanserizasiya zamanı bir ildə ən azı minə yaxın ürək qüsurundan əziyyət çəkən və cərrahi əməliyyata ehtiyacı olan uşaq müəyyən edilsin. Bu zaman nə olacaq? Onların əməliyyatı üçün maliyyə məsələsi necə olacaq? Odur ki, bu, çox ciddi məsələdir.
Onu da deyim ki, Azərbaycan Prezidenti özü daim uşaqların böyüməsi və sağlamlığı üçün ciddi diqqət ayırdığını bildirib. Amma Maliyyə Nazirliyi əsas məsələ olan maliyyə tutumu ilə bağlı hesabat hələ ki vermir. Ona görə, bunun maliyyə tutumu dəqiq müəyyənləşdirilməlidir”. H. Rəcəbli də öz növbəsində bir daha bildirib ki, dövlət başçısı uşaqların sağlam böyüməsi üçün lazımi qədər vəsait ayırmağa hazırdır.
Sonda qeyd edək ki, gərgin müzakirələrdən sonra “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.
Modern.az