Şəki şəhərində avtobusun aşması zamanı xəsarət almış 11 nəfər bu gün saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Modern.az-a verilən məlumata görə, vətəndaşlardan 10 nəfərinə ilkin zəruri tibbi yardım göstərilərək saat 18:30 radələrində evə buraxılıb.
Bir nəfərə bel nahiyəsinin küt travması, ll bel fəqərəsinin sınığı diaqnozu qoyulub və hazırda müayinəsi davam etdirilir.
Qeyd edək ki, bu gün Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusu dərəyə aşıb. Qəza zamanı avtobusda sürücü ilə birlikdə 23 nəfər olub. Onlardan 16 nəfərin şagird, 6 nəfərin isə müəllim və yaxud valideyn olduğu bildirilir.