Modern.az

Dahilərin dartışması, yoxsa qara əllərin çirkin OYUNU?...

Dahilərin dartışması, yoxsa qara əllərin çirkin OYUNU?...

Mədəniyyət

6 İyun 2022, 10:37

Əlisəftər Hüseynov,
Əməkdar mədəniyyət işçisi


Bir neçə il bundan əvvəl - onda maestro Niyazi də, Fikrət Əmirov da, Qara Qarayev də artıq haqq dünyasında idilər - bir sənədli televiziya filmində məni riqqətə gətirən kadrlar gördüm. Niyazinin dirijorluğu ilə hansısa əsəri ifa olunduqdan sonra Fikrət Əmirov özünü saxlaya bilməyib səhnəyə qalxdı, ayaq üstə maestronu alqışlayan bütün tamaşaçıların gözləri qarşısında onu qucaqlayıb bağrına basdı. Ardınca başını azca aralayıb sevinli dostunu uzun ayrılıqdan sonra görürmüş kimi qeyri-adi bir sevgi ilə, heyranlqla süzdü… Sonra daha böyük şövqlə onu qucaqladı…sonra bir də…

Həmin anlarda Fikrət Əmirov Niyazini hər dəfə doğma balasına məhəbbəti tükənməyən, onu əzizləyən ata kimi, sənətinə pərəstiş edən tamaşaçı kimi, sədaqətli dost kimi qucaqllayırdı.

Bu, həm də 2 böyük sənətkarın bir-birinə hörmətinin, minnətdarlığının təntənəsi idi.
 

O kadrlara baxan adamın heç ağlına da gəlməzdi ki, bu iki dost, "ata-bala" nə vaxtsa bir-birindən küsə, inciyə, bir-birinin danışdırmaya bilər.
 

Amma ağlımıza gəlməyənlər xalqımızın başına gəldi, XX əsr Azərbaycan mədəniyyətinin üç korifeyi (Qara Qarayevi də bura əlavə edək) bu dünyadan küsülü köçdü.
 

Niyə axı?
 

Mən sənətdə zirvə fəth edənlərin bir-birlərinə olan münasibətlərinin paradoksal cəhətləri haqqında çox eşitmişəm, bu qəfilliyin anatomiyası barədə öz qənaətlərim var. Ona görə də Niyazinin vaxtilə Qara Qarayevin 2 əsərinin Bakıda səsləndirilməsinə necə deyərlər, "veto qoymasını" biləndə qətiyyən təəccüblənmədim.

Fikrət Əmirovun bəzi əsərlərində xalq musiqisindən sitat kimi istifadə etməsi barədə Qara Qarayevin ayağına yazılan fikirlər də məni çaşdırmadı. Çünki hər böyük sənətkarın öz sənət fəlsəfəsi olur. Hansısa məsələdə fikir ayrılığı, problemə fərqli yanaşma təbii hallardır. Hər dahiyanə əsər nəyinsə, hansı köhnə tezisinsə inkarı üzərində qurulur - o "nə isə", tezis başqa bir dahiyə məxsus olsa belə.

Şahmat tacı uğrunda artıq əfsanəyə çevrilən “Spasski – Fişer”, “Karpov – Korçnoy”, “Karpov – Kasparov” matçlarını yada salın – hər dəfə şahmat taxtası arxasında əyləşən şahmatçıların hər ikisi dərin zəka sahibi, bu oyunun dahiləri idi, amma çempion onların oyun fəlsəfələrinin qalmaqqalı toqquşmasından doğulurdu, qarşılıqlı ittihamlar, hətta təhqirlər fonunda bütövlükdə şahmatın fəlsəfəsi zənginləşirdi.
 

Bəli, yaradıcılıq sahəsində fikir müxtəlifliyi təbii haldır, hətta bəlkə də zərurıdir. Amma bu ixtilaflar şəxsi münasibətlər müsəvisinə keçəndə hiss edirsən ki, burada nə isə bir “əl” var, o əlin gördüyü çirkin iş var. Özü də sadəcə iki dostu bir-birinə düşmən edib bundan zövq almağa yox, xalqın ruhuna, mədəniyyətinə yönəli bir iş.
 

Baxın, Niyazi Azərbaycan musiqisinin “qaymaqlarının” əsərlərinə can, dünyada zəfər yürüşünə vizit kartı verən bir sehrbaz idi. Onunla bu əsərlərin müəlliflərinin arasına nifaq salmaq bütövlükdə mədəniyyətimizə zərbə endirmək, uğurlarlmıza texniki problemlər yaratmaq niyyətindən soraq vermirmi?
 

Bu üç sənətkar bütün SSRİ miqyasında tanınmış söz, nüfuz sahibi idi və onları bir-birindən küsdürmək dolayısı ilə musiqi mədəniyyətimizi parçalayıb heydən salmaq cəhdi deyildimi?
 

Bütöv, sal qaya parçasını əzmək kiçık daşları əzməkdən qat-qat çətindir axı.
 

Kim bilir, bəlkə də bu “üçlük”ün ən “çətini”, “sərti” Niyazi anlamışdı ki, əsl sənətkar öz yaradıcılığı ilə zamanın fövqündə dayanırsa, şeytan əməli olan bu halların da fövqündə dayanmağı bacarmalıdır.

Niyazi Azərbaycan musiqisi tarixində zərin qədrini bilən ən mahir zərgər idi. Ona görə də məhz dahilərə xas jestlər etməyi də bacarırdı. Onun Qara Qarayevdən donos gətirən bir yaramazı öz kabinetindən necə qovması barədə yazmışam. İndi isə ürəyi uşaq ürəyi kimi təmiz olan bu insanın yüksək əxlaq, mənəviyyat göstəricisi kimi dəyərləndirilə bilən bir jesti haqqında danışacam. Onu mənə istedadlı gənc dirijor və skripkaçı Mustafa Mehmandarov danışıb.
 

Qara Qarayev Moskvada ölüm yatağında olanda Niyazi öz orkestri ilə ora qastrola gedir və mehmaxanaya düşən kimi illərdir danışmadığı dostuna belə bir məktub göndərir: “Əzizim Qara, Moskvadayam. Sabah çıxışlarımız başlayır. Hansı əsərini istəyirsən, de, repertuara salım. Bu, mənim üçün şərəf olar”.
 

Bizə Qara Qarayevin bu məktubu oxuyandan sonra hansı hisslər keçirdiyini yalnlz güman etmək qalır…
 

Bu xalqın bu üç dahini barışdırmağa niyə gücü çatmadı görəsən?

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər