Modern.az

Azərbaycan və Ermənistan diaspor nümayəndələri görüşəcəkmi?

Azərbaycan və Ermənistan diaspor nümayəndələri görüşəcəkmi?

7 İyun 2022, 11:32

44 günlük müharibənin başa çatmasından sonra başlayan danışıqlar prosesində Azərbaycan və Ermənistan arasında bir sıra nailiyyətlər əldə olunub. Hər iki ölkənin liderləri mayın 22-də Brüsseldə sülh planı üzərində işləmək barədə razılığa gəliblər.

 

Avropa İttifaqı sülh prosesində siyasi liderlərin görüşlərini təşkil etməklə yanaşı, xalqları sülhə hazırlamaq, sülh mühitinin yaradılması üçün Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, aparıcı gənc fəalları arasında görüşlər keçirməyi planlaşdırır. Belə görüşlərdən biri  Fransanın Strasburq şəhərində baş tutacaq.

 

Görüş bu günlərdə OFAJ (Fransa-Almaniya Gənclər Ofisi) adlı təşkilat tərəfindən təşkil olunacaq. Təşkilatın “Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində yeni əməkdaşlıq istiqamətləri” adlı proqramı çərçivəsində baş tutacaq tədbirdə Azərbaycan və Ermənistandan 10 gənc iştirak edəcək.

 

Növbəti mərhələdə Azərbaycan və Ermənistan diaspor nümayəndələri arasında görüş ola bilərmi?

 

 

Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərov Modern.az-a bildirib ki, belə görüşlər bölgədə gərginliyin azaldılması baxımından əhəmiyyətlidir:

 

“Ötən ilin dekabrından başlayaraq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında bir neçə dəfə üçtərəfli görüşlər olub. Bu görüşlər bölgədə gərginliyin azaldılması və əlverişli atmosferin yaradılması üçün mühüm əhəmiyyət daşıyır. İki ölkə gənclərinin görüşü ilə bağlı təşəbbüs Brüsseldə müzakirə olunub və ötən ilin dekabrında Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən razılaşdırılıb. Bu görüş Brüsseldə tərəflər arasında əldə edilmiş razılaşmanın praktiki reallaşmasıdır.

 

Bu gün Azərbaycanla Ermənistan arasında sülh prosesinə hazırlıq gedir. Hazırda siyasi-diplomatik səviyyələrdə sülh yaradılır. Azərbaycan dövlətinin və cəmiyyətinin maraqları naminə diasporumuz da bu prosesə öz töhfəsini verə bilər. Hər halda, bunun üçün zaman lazımdır. Bu gün işğaldan azad edilmiş ərazilərdə infrastruktur qurulur, şəhərlər, kəndlər bərpa olunur. Biz də istəmirik ki, gələcəkdə bu ərazilər yenidən münaqişə zonası olsun. Bunun üçün sülh vacibdir və diasporumuz da bunu istəyir”.

 

 

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricilərindən olan diaspor fəalı İlkanə Yusifova belə görüşün vacib olduğunu düşünür:

 

“Ermənistan və Azərbaycan diaspor nümayəndələrinin görüşü ola bilər. Məncə, belə görüş vacibdir və olmalıdır. Biz istəsək də, bir istəməsək də qonşu ölkələrik. Regionda sülhün bərqərar olması üçün bu addım qaçılmazdır. Lakin Avropadakı gənclərimizin Qarabağ həqiqqətləri haqqında maarifləndirilməsi vacibdir. Məncə, bu, Avropaya ilk köçmüş diaspor nümayəndələrinin vəzifəsidir. Azərbaycan həqiqətləri haqqında məlumatlar xaricdə yaşayanlara yüksək səviyyədə öyrədilməlidr. Erməni diasporu, gəncləri ilə görüşə daha hazırlıqlı olmalıyıq. Bu sahədə biz hələ çox işlər görməliyik".

 

"Hazırda diaspor icmaları arasında dialoqların aparılması çox vacibdir. Biz yaşadığımız ölkələrə münaqişəni gətirməli deyilik. Danışıqlar, müzakirələr yolu ilə öz mövqelərimizi, həqiqqətlərimizi bildirməliyik. Bu sahədə məlumatların əldə edilməsi, xarici dillərdə əyani vasitələrin, məlumatların hazırlanması vacibdir",- diaspor nümayəndəsi qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu