Dünən sosial şəbəkələrdə və bəzi saytlarda “Bakıdakı məktəbdə müəllimləri oynadıb, sinələrinə pul basdılar” başlıqlı videoxəbər tirajlanıb. Hər yerdə eyni adla paylaşılan xəbərdə Zərifə Əliyeva adına liseyin hansısa məkanda yığışıb əylənən qadın müəllimlərini qınamağa cəhd edilib.
Sosial şəbəkələrdə də bununla bağlı müzakirə açanlar qadın məclisinə toplaşıb istirahət edən xanım müəllimləri ittiham edirlər. Bəziləri isə hətta bir qədər də irəli gedərək, rəqs edən müəllimləri “qeyri-etik hərəkətlər”ə görə cəzalandırmağı tələb ediblər. Müəllimin adi rəqsini "göbək rəqsi" kimi təqdim etməyə çalışıblar...
Xəbərdə əsasən təşkilati işlər üzrə direktor müavini Nigar Axundova, liseydə direktor vəzifəsini icra edən Aynur Hüseynova və rəqs edən müəllim ittiham olunub.
Modern.az-ın məlumatına görə, Zərifə Əliyeva adına liseyin tarix müəllimi Pərviz Ağalarov qadın həmkarlarının müdafiəsinə qalxaraq, onları ittiham edənlərə cavab verib.
Liseyin 2008-ci ildən fəaliyyət göstərdiyini xatırladan tarix müəllimi, öncə bu təhsil ocağında şagirdlərin 14 il ərzində əldə etdiyi nailiyyətləri sadalayıb. 66 şagirdin qızıl, 17 şagirdin gümüş medal aldığını, ali məktəblərə qəbulun 99-100 % təşkil etdiyini vurğulayıb.
Pərviz Ağalarov güclü pedoqoji potensiala malik olan liseyin müəllimlərinin xeyli hisəssinin müxtəlif fəxri adlara layiq görüldüyünü də bildirib.
O qeyd edib ki, sosial şəbəkələrdə və bəzi saytlarda indi yayılan videogörüntü əslində 2 ay əvvələ - "8 mart Beynəlxalq Qadınlar Günü" ərəfəsinə aiddir. Qadınlar bayramı münasibətilə liseydə çalışan xanımların iştirakı ilə bir tədbir keçirilib.
“Deməli, xanımlar liseydən kənarda, qapalı məkanda və sırf xanım məclisində əylənib, səhnəciklər təşkil ediblər. Onlardan biri də bunu videoya alıb. Ya zəlzələdən, ya vəlvələdən bu kadrlar bəzi fürsətcil şəxslərin əlinə keçib, onlar da gördükləri işin, etdikləri hərəkətin məsuliyyətini anlamadan videonu xəbər saytlarına ötürüblər”.
Tarix müəllimi öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumat yaymağa görə məsuliyyət nəzərdə tutulduğunu da qeyd edib.
“İndi üzümü məlum videonu paylaşan şəxslərə və bəzi sayt rəhbərlərinə tuturam: nə etdiyinzin, nə iş tutduğunuzun fərqindəsinizmi?!
Yuxarıda sadalanan nailiyyətlər haqqında hədyanlar yazdığınız müəllimlərin rolu, yumşaq desəm az deyil. Hər üç müəllim, o cümlədən həvalədə olan direktor - lisey açılandan bu təhsil ocağında işləyirlər, hər gün auditoriyalara daxil olurlar, şagirdlərin önünə çıxırlar. Bu kadrları paylaşıb onların müəllim nüfuzuna necə zərbə vurduğunuzun da fərqindəsinizmi?
O xanımların içərisində ailəli olanlar, ərləri, məktəblərə gedən övladları olanlar var. Özünüzü onların yerinə qoya bilərsinizmi?
O ailə başçılarına cavab verməyə hazırsınızmı?! Şərəf, ləyaqət bu qədərmi ucuzlaşıb?
Bəlkə əylənmək, istirahət etmək müəllimlərə qanunla qadağan edilib, xəbərimiz yoxdur?!
Hansısa məkrli niyyətlərdən ötrü bir-iki müəllimi və məktəb rəhbərliyini hədəfə almaq, bütövlükdə həmin təhsil ocağının nüfuzuna zərbə vurmaqdır və bəziləri çox təəssüf ki, çəkilən zəhmətlərə göz yummaqla yanaşı, bu liseyin adını belə nəzərə almadan məsuliyyətsiz addımlar atmaqdan çəkinmirlər!”.
P.Ağalarov bildirib ki, hər gün auditoriyalarda bəzən valideynlərin belə öhdəsindən gələ bilmədiyi uşaqlarla ünsiyyətdə olan, əsəb keçirən, buna baxmayaraq yenə də yorulmadan və səbrlə gündəlik fəaliyyətini davam etdirən, ömrünün - gününün gözəl anlarını yeni nəslin təlim-tərbiyəsinə xərcləyən və əvəzində yalnız şagird sevgisi ilə təsəlli tapan müəllimləri söyməyə, təhqir etməyə, aşağılamağa heç kimin haqqı yoxdur.
A.Qorxmaz