“Mərkəzin keçirdiyi imtahanların bəziləri seçim, bəziləri isə müəyyən standartlara uyğunluğun yoxlanılması məqsədilə təşkil olunur və 1994-cü ildən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, 2016-cı ildən isə Dövlət İmtahan Mərkəzi tərəfindən respublikada keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə elmi-statistik təhlillər aparılır”.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci nömrəsinin təqdimat mərasimində deyib.
Bildirilib ki, DİM 2021/2022-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilini başa çatdırıb. Onun sözlərinə görə, təhlillərin nəticələri hamı üçün açıqdır:
“Burada ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, onların əsas parametrləri əhatəli şəkildə araşdırılır, təklif və tövsiyələr irəli sürülür. Bunlardan bəziləri – “Ayrı-ayrı rayonların qəbul imtahanlarındakı nəticələrinə dair statistik məlumatlar”, “Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri”, “Kənd təsərrüfatı profilli ixtisaslar statistikada”, “Neft-qaz profilli ixtisaslar statistikada” “Abituriyent” jurnalının 12-ci nömrəsinə əlavə kimi ayrıca kitabça şəkilində nəşr edilir”.
DİM sədri bildirib ki, aparılan elmi-statistik təhlillər ölkə təhsilindəki müsbət təmayülləri üzə çıxarır, eyni zamanda təhsildəki gerilik və çatışmazlıqları da göstərir, onların aradan qaldırılması ilə bağlı müvafiq təklif və tövsiyələr irəli sürür.