Modern.az

Mərkəzi Bank sədrinin Cəbrayıla görə kövrələn atası - Tahir Kazımov nələr söyləmişdi... - VİDEO

Mərkəzi Bank sədrinin Cəbrayıla görə kövrələn atası - Tahir Kazımov nələr söyləmişdi... - VİDEO

Reportaj

11 İyun 2022, 15:28

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımovun əslən Qarabağ bölgəsindən – Cəbrayıl rayonundan olduğu məlumdur. Bütün qarabağlılar kimi Kazımovlar ailəsi də 2020-ci ildə aparılan Vətən Mühüribəsi nəticəsində doğma yurd yerlərinin işğaldan azad edilməsinə sevinmiş, eyni zamanda qürurlanmışdı.

Taleh Kazımovun atası mərhum Tahir Kazımov Vətən müharibəsindən sonra doğulub, boya-başa çatdığı Cəbrayıl rayonunun Soltanlı kəndinin işğaldan azad olunmasını eşidəndə göz yaşlarını saxlaya bilməmiş və keçirdiyi hisləri mətbuatla da bölüşmüşdü.

Modern.az saytı Qarabağ müharibəsi veteranı, yazıçı Tahir Kazımovun həmin günlərdə mediaya verdiyi müsahibəsini aşağıda təqdim edir.

Tahir müəllim müsahibə zamanı Cəbrayılda keçən uşaqlığından, 18 yaşına kimi ömür sürdüyü doğma kəndindən danışarkən kövrəlmiş və göz yaşlarına hakim ola bilməmişdi.
 


 

Tahir Şirin oğlu Kazımov 1942-ci ilin aprelin 27-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib.

 

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alıb. 1967-1997-ci illərdə Daxili işlər Nazirliyində  müxtəlif vəzifələrdə işləyib.

 

1998-2004-cü illərdə Azərbaycan Milli Aerokosmik  Agentliyində direktor müavini vəzifəsində çalışıb.

Polis polkovniki olan Tahir Kazımov Qaradağ rayon Polis İdarəsində rəis müavini, İmişli və Masallı rayonlarında polis rəisi vəzifələrində işləyib. Hüquq-mühafizə orqanlarında son iş yeri Bakı Metropoliteninin polis rəisi vəzifəsi olub.

2004-cü ildən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında şöbə müdiri işləyib.

Qarabağ müharibəsi veteranı olan Tahir Kazımov 2022-ci ilin mart ayında 80 yaşında dünyasını dəyişib. 

Mərhum 1965-ci ildən bədii yaradıcılıqla məşğul idi. 

Onun “Səsin sehri” əsəri səhnələşdirilib, “Taleyin qisməti beləymiş yəqin” dörd kitabdan ibarət  olan romanının birinci kitabı ssenariləşdirilib və on seriyalı televiziya filmi çəkilib.

T.Kazımovun “Qisas” romanı türk və özbək dillərinə tərcümə edilərək çap olunub. “Qisas” romanı əsasında 32 seriyalı telefilm çəkilib. 
 


Mərhumun “Müsibət” sənədli romanı 1988-1994-cü illərdə Azərbaycanda cərəyan edən ictimai-siyasi hadisələrə həsr edilib. Əsərdə qanunun aliliyinə, dövlətçiliyin qorunmasına, torpaqlarımızın bütövlüyünə və mərhum eks-prezident Heydər Əliyevin siyasi kursuna geniş yer verilib (sənədlər, faktlar, hadisələr əsasında yazılıb).


“Qisas”, “Talelərini özləri yazanlar...” (altı kitab, epopeya) romanları ilə tarixi faktlara, sənədlərə əsaslanaraq erməni xəyanətkarlığını, əsasən 1915, 1918-1920, 1988-1994-cü illərin soyqırımlarını bədii təsvirlə oxucuların diqqətinə çatdırmağa çalışıb (hadisələr Bakıda, Moskvada, Xarkovda, Şərqi Anadoluda, Van və İstanbulda cərəyan edir).


Bir çox şeirlərinə bəstəkarlar Faiq Sucəddinov, Xumar Qədimova musiqi bəstələyiblər.


Azərbaycan ədəbi ictimai yaradıcılığını “Qızıl qələm”, “Şərəf”, “Araz”, “Ömər Faiq Nemanzadə” və “Qrand” fəxri diplomları ilə qiymətləndərilib.  Türk ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Türk dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk ədəbiyyatına xidmət” mükafatı alıb (23.03.2012).


Təbiət Elmlərin Avropa Akademiyasının Qəyyumlar Şurasının və Elmi Şurasının rəyi ilə ədəbiyyatda xüsusi xidmətlərinə görə Şiller Medal-Diplomu ilə təltif edilib.


Türk Dünyası araşdırmaları Uluslar arası Elmlər Akademiyasının 20 dekabr 2012-ci il tarixli qərarı ilə “Türk dünyası ədəbiyyatı və mədəniyyyətinin inkişafındakı xidmətlərinə görə “Altun yıldız” (Qızıl ulduz) medalı ilə təltif olunub.


Rusiya Federasiyası Yazıçılar İttifaqının 25 mart 2013-cü il tarixli qərarı ilə A.P.Çexov adına yadigar medalına layiq görülüb.


Ədəbiyyatda xüsusi xidmətlərinə görə “Taclı ulduz” Orden-diplom (Almaniya, Hannover şəhəri, 15 oktyabr 2013-cü il) ilə təltif edilib.


Tahir Kazımov ömrünün sonlarında “Qönçə və yadplanetlilər” adlı iri həcmli fantastik, həm də detektiv və eyni zamanda XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu əmirliklərinin ara müharibələrindən, Şərqin ilk qadın diplomatı Saray Xatunun daxili və xarici siyasətindən, Uzun Həsənin bütöv Azərbaycan dövləti yaratmasındakı fəaliyyətindən bəhs edən tarixi faktlar əsasında bədiiləşdirilmiş çoxcildli tarixi roman üzərində işləyirdi...
 


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı