Modern.az

Aynur Camalqızı: “Azərbaycanda bu günə kimi olmayan bir layihəyə başlayırıq” - MÜSAHİBƏ

Aynur Camalqızı: “Azərbaycanda bu günə kimi olmayan bir layihəyə başlayırıq” - MÜSAHİBƏ

1 Mart 2013, 15:54

Bu gün “Gündəlik Teleqraf” qəzetinin 1 yaşı tamam olub. Modern. az adı çəkilən qəzetin təsisçisi, eyni zamanda “Publika.az” saytının rəhbəri Aynur Camalqızından müsahibə alıb. Həmkarımızla söhbəti təqdim edirik:

- Bir il ərzində qəzetinizlə və saytlarınızla bağlı ümidləriniz özünü doğrultdumu?

- Mənimçün doğrudan da yaxşı mənada, gözlənilməz nəticə oldu. Azərbaycanda heç bir media orqanı bir il ərzində bizim əldə etdiyimiz uğurları əldə etməyib. Bu, bəlkə də bir az təvazökarlıqdan kənar və bir az da iddialı səslənir. Mən açığı, reallığı başqa cür ifadə etməyə çətinlik çəkirəm. Reallıq ondan ibarətdir ki, doğrudan da heç bir online media orqanının adını çəkmək mümkün deyil ki, onlar bir il ərzində 70-80 min İP qazansın. Bu, Publika. az xəbər portalına hər gün 70-80 min insanın girişi deməkdir. Təbii ki, çox böyük uğurdur. Eyni zamanda, “Gündəlik Teleqraf” qəzeti barəsində demək istəyirəm ki, az müddətdə ölkənin nüfuzlu, sayılıb-seçilən 4-5 qəzeti siyahısındadır. Düşünürəm ki, bu, az müddətdə görülmüş işin, kollektivimizin gərgin zəhmətinin nəticəsidir. Buna görə də öz kollektivimizə çox minnətdaram. Çox yaxşı kollektivimiz var. Hamı işə can yandırır.

- Azərbaycanda qəzet satışı qaneedici səviyyədə deyil. Siz necə, satışdan razısınızmı?

- Bəli, bu heç kəsə sirr deyil ki, Azərbaycanda çap məhsullarının satışı ürəkaçan səviyyədə deyil. Təəssüflər olsun ki, azərbaycanlılar nə qədər imkanlı olsalar da, əyləncəyə, kefə pul xərcləməyə meylli olsalar da, qəzetə və digər çap məhsullarına, kitaba pul xərcləmək istəmirlər. Belə götürəndə qəzetin qiyməti o qədər də baha deyil. Hər halda, bir qutu siqaretdən baha deyil. Təəssüf ki, qəzet insanların həyatına siqaret qədər daxil ola bilməyib. Vərdişə çevrilməyib. Bunu dəfələrlə demişəm, yenə də deyirəm ki, Türkiyədə hər bir insan öz səhərini qəzet oxumaqla açır. Bu vərdiş insanların həyatına, məişətinə daxil olub. Amma bizdə belə deyil. İnsanlar əslində qəzetə maraqsız da deyillər. Onlar pulsuz qəzet gördükdə götürüb vərərqləyirlər. Amma ciblərindən pul verib almaq istəmirlər. Mən çox arzu edirəm ki, bizdə də belə bir vərdiş formalaşsın. İnsanlar mütaliəyə öyrəşsinlər. O zaman qəzet Azərbaycanda da hər kəsin məişətinin tərkib hissəsi olacaq.

- Qəzetin elektron versiyasından razısınızmı?

- Əlbəttə ki, nəticə bizi qane edir. Siz bilirsiniz ki, qəzetin internet versiyası olan “Teleqraf.com” qəzetin özündən bir neçə ay sonra fəaliyyətə başladı. Buna baxmayaraq özünə kifayət qədər ciddi auditoriya toplaya bilib. Artıq İP-miz 20-25 min arasında dəyişir. Bu da cəmi bir yaşı olan qəzetin internet versiyası üçün razılaşın ki, yaxşı göstəricidir.

- Yeni layihələriniz gözlənilirmi?

- Əlbəttə yeni layihələrimiz, planlarımız, ideyalarımız var. Biz tədricən bu ideyaları gerçəkləşdirməyə çalışacağıq. Məsələn, bizim yeni ideyalarımızdan biri “Axar.az” saytının fəaliyyətə başlamasıdır. İstəyirik ki, Azərbaycanda bu günədək olmayan art-saytın fəaliyyətinə başlayaq. Yəni sənətin bütün sahələrini əhatə edən, memarlığı, rəssamlığı, heykəltəraşlığı, ədəbiyyatı, mədəniyyətin və incəsənətin bütün növlərini özündə əhatə edən sanballı bir saytın meydana gəlməsi üçün hazırda iş gedir. Yeni işçilər dəvət edirik. Yeni simalar bizim kollektivimizə gəlir və düşünürəm ki, biz yaxın aylarda saytın oxucularla görüşünə nail olacağıq.

- Aynur xanım, yeni simalar deyəndə bunlar tanınmışlardan, yoxsa ki, yeni gənclərdən ibarət olacaq?

- Bilirsiniz, biz insanların birinci növbədə istedadına və onların kollektivdə özünü necə aparmağına, davranışına daha çox önəm veririk. Artıq bir illik fəaliyyətimiz dövründə şahidi olduq ki, tanınmış insanlarla işləmək, sadəcə onların imzasının yaxşı tanınmasına önəm vermək o qədər də asan məsələ deyil. İş prosesində insanların əxlaqı, mənəviyyatı, ləyaqəti, daha sonra istedadı daha vacib və əhəmiyyətlidir.

- Biz sosial şəbəkələrdə müşahidə etmişik ki, sizin media qurumları ilə bəzi mətbuat orqanlarının rəhbərləri arasında müzakirələr, kiçik atışmalar olur. Bunun əsas səbəbləri paxıllıq ola bilərmi ki, yeni yaranmış sayt bu qədər nüfuz qazana bilib...

- Azərbaycan mətbuatında, mediasında sağlam rəqabət çatışmır. Və bundan hamı əziyyət çəkir. Biz sadəcə, öz işimizlə məşğuluq... Enerjimizi, vaxtımızı onlara sərf etsək, iş qalar qıraqda. Biz bu yolu seçmişik. Bizimlə bərabər gələnlərə, eyni yolu davam edənlərə təbii ki, əl uzatmağa hazırıq.

- Yubileyinizi necə qeyd edəcəksiniz?

- Bu gün işdəyik və işləyirik. Özümüzdən öncə oxucularımızı düşünürük. Amma sabah yaxşı bir məclis quracağıq və bütün əməkdaşlarımızla, eyni zamanda bizimlə əməkdaşlıq edən jurnalistlərlə birlikdə bir yaşımızı qeyd edəcəyik.

Sevinc İLTİFATQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi