Modern.az

Süleyman Rüstəmin "hərf səhvləri"

Süleyman Rüstəmin

Ədəbi̇yyat

12 İyun 2022, 15:05

Əlisəfdər Hüseynov,
Əməkdar mədəniyyət işçisi


Süleyman Rüstəmin bu kiçik avtoqrafındakı 4 hərf və qrammatik səhvi sizi çaşdırmasın - ustad bunu yazanda çox gərgin, əsəbi bir vəziyyətdə idi, bayaqdan siqareti siqaretə calayırdı. Üstəlik mən bilən əsərlərini ərəb qrafikalı əlifba ilə yazdığına görə kiril qrafikası ona o qədər də doğma deyildi.


Yadınızdadırsa, o vaxtlar nəinki Bakı, bütün Azərbaycan həyəcanlı günlər yaşayırdı və mən də Süleyman müəllimgilə onun məxsusi bizim " Bakı" qəzeti üçün yazdığı şeirin ardınca gəlmişdim. Şeir "Ocaq" kitabının müəllifinə kəskin cavab ruhunda yazılmışdı və onun elə girişindəcə həmin subyekt "daşnak tüpürcəyini bal yerinə yalayan" miskin bir ünsürə bənzədilirdi. Maraqlananlar qəzetin 1988-cı il noyabr nömrələrinin birində dərc olunmuş həmin şeiri tapıb oxuya bilərlər.


Biz onun xudmani, səliqəli iş otağında əyləşmişdik - ustad şeiri çox emosional tərzdə diqtə edir, mənsə kağıza köçürürdüm . Və çoxlarının "leninçi", "partiyaçı", "beynəlmiləlçi" şair adlandırdığı Süleyman müəllim həmin anlarda yuxarıdakı ibarələrin parıltısı arxasında dayanıb otaylı-butaylı bütöv Azərbaycanın təəssübünü çəkən, poeziyamızda cənub mövzusunun ən yaxşı, təsirli nümunələrini yaradan, "Ana və poçtalyon", "Təbrizim", "Dilimə dəymə"... kimi şedevrlərin, gözəl qəzəllərin, lirik şeirlərin müəllifi olan əsil Süleyman Rüstəm idi ki, əyləşmişdi qarşımda və mən şairin portretini çox dəqiqliklə tamamlayan "Dilimə dəymə" şeirini sizinlə birlikdə yada salaraq onun ruhuna rəhmət diləyirəm.
 

Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə!

Sənin də bağın var, gülün var, çəkin!

Bağımda əkdiyim gülümə dəymə!

Mən ağa ağ dedim, qaraya qara,

Sən məni istədin çəkəsən dara,

Yenicə sağalır vurduğun yara,

Mənim bu yaralı könlümə dəymə!

Həsədlərlə baxdın çəmənimə sən,

Gör bir nələr etdin vətənimə sən,

Yan deyib od vurdun bədənimə sən,

Altında atəş var, külümə dəymə!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır