Fransada bu gün keçirilən parlament seçkiləri yerli vaxtla saat 20:00-da başa çatıb.
Modern.az xəbər verir ki, seçkilərin ilkin nəticələrinə əsasən, Fransa Prezidenti Emmanuel Makronun “Birlikdə” koalisiyası və solçu müxalifət təxminən bərabər səs toplayıblar.
NUPES adlı sol qüvvələrə məxsus seçki blokuna sosialistlər, kommunistlər və yaşıllar daxildir. İlkin nəticələrə görə, onlar 26.2% səs yığıblar.
Hakim siyasi qüvvəni təmsil edən "Birlikdə" siyasi bloku səslərin 25.8 faizini qazanmağı bacarıb. Millətçiləri təmsil edən Marin Le Penin partiyası 19,10%, sağçı “Respublikaçılar” 11,10% səs toplayıb.
Fransa parlamentinin aşağı palatası - Milli Assambleyada ölkənin 577 seçki dairəsində mandat uğrunda 6293 namizəd mübarizə aparır. İlkin hesablamalara görə, seçicilərin yarıdan bir qədər çoxu səsverməyə gəlməyib. Bu, ölkə tarixində ilk dəfə qeydə alınan antirekorddur.
Hazırkı hökumətin 15 naziri seçkilərdə iştirak edir. Prezident Emmanuel Makron qeyd edib ki, uduzan nazirlər, yəni fransızların etimadını itirənlər hökuməti tərk etməli olacaqlar.
Makron və onun ittifaqı hazırda parlamentdə 345 mandata sahibdir. Parlamentdə mütləq çoxluq əldə etmək üçün siyasi qüvvələr 289 deputata sahib olmalıdır.
Akif İsmayılov