Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində xəsarət alan məktəblilərə ilkin tibbi yardım göstərilib və onlar tibb müəssisələrinə yerləşdirilib. İlkin məlumata görə, ağır xəsarət alanların olmadığı bildirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır.
BŞTİ-dən Modern.az-a verilən məlumata görə, qəzaya düşən avtobusdakı sərnişinlərin Bakı şəhəri 279 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri, müəllim və bir qrup valideyndən ibarət olduğu bildirilir.
Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub.
***
Şamaxıda sərnişin avtobusu qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, Qəbələdən Bakı istiqamətində hərəkətdə olan avtobus Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Acıdərə adlanan ərazisində qəzaya düşüb. Dəmir məhəccərə çırpılan avtobusda olan bir neçə nəfər xəsarət alıb.
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Təcili tibbi yardım stansiyasının həkimləri hadisə yerində 10-dan çox sərnişinə ilkin tibbi yardım göstəriblər.
Faktla bağlı araşdırma aparılır.