Modern.az

Heydər Əliyevin dərsləri... - O, Minsk qrupunu "ərə verməyin" vaxtı çatdığını niyə demişdi...

Heydər Əliyevin dərsləri... - O, Minsk qrupunu

Hadisə

14 İyun 2022, 12:34

Əməkdar Jurnalist Faiq Sadıqov təxminən 45 il mətbuat və televiziya sahəsində çalışıb. Birinci Qarabağ müharibəsinə 4 il qaynar döyüş nöqtələrindən obyektiv və operativ məlumat verən azsaylı cəbhə müxbirlərindən biri olub. Onun "Qarabağdan xəbər var..." kitabını  Birinci Qarabağ müharibəsinin əsl tarixi kitabı da adlandırmaq olar.

Müharibədən sonra Azərbaycan Televiziyasında əmək fəaliyyətini davam etdirən Faiq Sadıqov 24 il dövlət siyasətini təbliğ edən sırf siyasi materialların efirə hazırlanması missiyasını icra edib. Uzun illər Prezidentlər Heydər Əliyev və İlham Əliyevi daxili və xarici səfərlərdə jurnalist kimi müşayiət edib, onların iştirak etdiyi tədbirlər, görüşlər barədə video-materialların efirə hazırlanmasının ən fəal redaktorlarından biri olub.

Hazırda təqaüddə olan Faiq Sadıqov müstəqil jurnalist kimi Heydər Əliyev irsinin araşdırması ilı məşğuldur. O, ulu öndərin  çıxışlarının həm şahidi olduğu, həm də araşdırdığı ən maraqlı, ibrətamiz  məqamları toplamaqla məşğuldur.

Faiq Sadıqov həmin məqamlardan bir neçəsini Modern.az-a təqdim edib.


Heydər Əliyevə "Mixaylo" ləqəbi niyə verilmişdi?


Heydər Əliyev 1969-cu ildə  ilk  dəfə  hakimiyyətə gələrkən  ona "Mixaylo" ləqəbi verildiyini o dövrün adamları yaxşı xatırlayırlar. Ulu öndər "1997-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları, aqrar islahatı və özəlləşdirmənin gedişi, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məsələlərinə həsr olunmuş müşavirə"dəki çıxışında  nə üçün ona bu ləqəbin veridiyini belə izah etmişdi:

 

"1969-cu ilin iyul ayında mən Azərbaycana rəhbər seçilərkən respublikada hərc-mərclik çox idi. Mən isə daha öncə işlədiyim vəzifədə bunların çoxunu yaxşı bilirdim. Mən respublikaya rəhbər təyin ediləndə, çoxları tanımırdı, çünki əvvəlki işim elə idi ki, ictimaiyyətdə o qədər də məşhur adam deyildim. Fəallar tanıyırdı, amma geniş kütlə o qədər tanımırdı. Yəni mən orda-burda çıxış etmirdim, televiziyada göstərmirdilər. Ona görə də mən bir müddət – təxminən bir ay bundan istifadə etdim, şəxsən özüm hərc-mərcliyin aradan qaldırılması ilə məşğul oldum.

Xatirinizdədir, o vaxt adamlar mənə bir ləqəb də qoymuşdular ki, "Mixaylo". Bir neçə əməliyyatı respublikanın başçısı kimi özüm keçirəndən sonra mənə dedilər ki, haradansa fotoşəkillərimi tapıblar, çoxaldırlar, satırlar və çox adamlara verirlər ki, məni görəndə tanısınlar. Çünki bəzən mağazalara gedirdim, nöqsanları aşkar edirdim, onlar tanımırdılar mən kiməm, ona görə də özlərini çox kobud aparırdılar və sonra da çox böyük bəlaya düşürdülər.
28 il bundan öncə, mən bir eksperiment keçirdim. O vaxt bizim tanınmayan, məxfi işçilərimiz var idi. Onların bir-ikisinə tapşırdım ki, gedin Sabirabada, bir avtomaşın qarpız alın, gətirin bazara satmağa. Görək yolda bunu neçə yerdə saxlayacaqlar, nə qədər rüşvət alacaqlar... Gətirdilər, onlara həm də tapşırmışdım ki, gizli fotoşəkillər çəksinlər. O vaxt televiziya, yəni bu videoçəkiliş yox idi, fotoaparatla adamları gizli çəkirdilər. Sabirabaddan Bakıya gələnə qədər 7-8 yerdə onları saxlamışdılar – nə bilim, polis işçisidir, yol işçisidir, nədir... O vaxt polis deyildi, milis idi. Hamısı da rüşvət almışdılar. Bu şəkilləri gətirdilər, mən o vaxt daxili işlər nazirini çağırdım, şəkilləri qoydum stolun üstünə və tələb etdim ki, o adamlar cəzalandırılsın. Xatirinizdədir, o vaxt mən 5-6 aydan sonra Daxili İşlər Nazirliyinin bütün rəhbərliyini kənarlaşdırdım. Hamısını – naziri də, müavinləri də işdən çıxardım".
 

"Harada görünüb ki, xalqın başında dəlləklik öyrənəsiniz?"

    
Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldiyi zaman qarşılaşdığı çətinlikləri aradan qaldırmağın heç də asan olmadığını onun sonrakı çıxışlarında, müsahibələrində tam aydınlığı ilə görmək mümükündür. Ulu öndər o dövrün hadisələrinin mənzərəsini ibrətamiz və maraqlı faktlar əsasında təsvir edirdi. Bu baxımdan onun 1993-cü ilin avqustunda rus yazıçısı Aleksandr Proxanova verdiyi müsabidən  bir parçaya diqqət yetirmək kifayətdir.

    
Heydər Əliyev: - Fevral ayında mən Elçibəylə görüşdüm. Səkkiz saat danışdıq. Mən ona dedim: "Belə siyasət uğursuzluğa məhkumdur!". O, çox düşüncəsiz cavab verdi: "Biz idarə etməyi öyrənirik. Qoy təcrübəsizlər təcrübə toplasınlar. Toplamazlar, biz onları işdən çıxarar və yerlərinə başqalarını qoyarıq". Dedim: "Harda görünüb ki, xalqın başında dəlləklik öyrənəsiniz? Onun üzərində eksperimentlər aparırsınız?". Bu, Gəncədə birbaşa cinayətlə nəticələndi, qanla qurtardı. Buna görə də xalq onları rədd etdi!.. 

    
Aleksandr Proxanov: - Bilirəm ki, Naxçıvanda, balaca bir respublikada siz qayda-qanun yaratmağa, layiqli həyat səviyyəsini qoruyub saxlamağa müvəffəq oldunuz. Sizin üçün, əgər belə demək caizsə, "Naxçıvana sürgünlük" nə demək idi?
 

Heydər Əliyev: - Xalq Cəbhəsinin yeni peyda olmuş  başçılarından biri televiziyaya çıxıb, lovğa-lovğa bildirmişdi: "Əgər lazım gələrsə, mən Naxçıvana gedib Əliyevin başına güllə çaxaram!". Mənə qarşı iki dəfə qəsd təşkil etdilər, iki dəfə məni öldürmək istədilər. Amma oxları daşa dəydi, niyyətləri baş tutmadı. Onlar Əliyevə divan tutmaq üçün Naxçıvanı blokadaya aldırdılar. Bizi ərzaqdan, neftdən məhrum etdilər. Elektrik enerjisini büsbütün kəsdilər. Bizdə soyuqlar və aclıq başlandı. Südəmər körpələr xəstəxanalarda soyuqdan donub ölürdülər. Camaat bağ-bağatı qırıb ocaq qalayırdı. Ev-eşiyi isitmək üçün meyvə ağaclarının 70 faizini kəsib doğradılar. Nə qədər meşə qırıldı. Lakin mən də sağ qaldım, xalq da.

            
"Qabilə dedim ki, sən əsl kişisən!" 
 

Heydər Əliyev insanları əməyinə, əqidəsinə, əməlinə, fəaliyyətinə görə seçməkdə fenomenal  şəxsiyyət idi. O, adamların xarakterini və psixologiyasını bütün incəlikləri ilə  çox tez müəyyənləşdirib qiymətləndirməyi məharətlə bacarırdı.
1997-ci ilə Xalq şairi Qabilin 70 illik yubileyindəki çıxışında Heydər Əliyev çoxlarının Qabildə müşahidə edə bilmədiyi şəxsi nümunəni belə açıqlamışdı:


- Yubiley gecəsində çıxış edənlərdən biri dedi ki, Qabil siyasətlə məşğul olmayıbdır. Bu fikir doğru deyil. Qabilin 20 Yanvar faciəsinə həsr olunmuş şeirinin özü siyasətdir. Yaxud, yadımdadır, mən Naxçıvanda olanda Qabil burada qəzetdə çıxış etmişdi və Mütəllibova 24 sual vermişdi ki, o bu sualları cavablandırsın. Mən o vaxt bu yazını oxudum, fikirləşdim ki, görəsən, Mütəllibov bu suallara cavab verəcək, yoxsa yox? O, həmin suallara cavab verə bilmədi. Qabilin bu sualları verməsinin özü bir vətəndaşlıq şücaəti, mövqeyi idi. Ona görə də Qabil heç də siyasətdən kənarda qalmayıb, öz fikrini deyibdir.


...Qabil öz çıxışında Mədinə Gülgünün vəfatı ilə əlaqədar Aktyor evində yas mərasimindəki görüşümüzü xatırlatdı. Doğrudan da, o vaxt mən Qabilə dedim ki, sən əsl kişisən. Bu, elə-belə söz deyil. Bu mənim əvvəlki dövrdə, qurultaylarda, müxtəlif tədbirlərdə yazıçılarla görüşlərimdə müşahidələrimin nəticəsi idi və beynimdə Qabil haqqında toplanmış bir fikir idi. O fikri də mən uzun müddətli ayrılıqdan sonra oradakı görüşümüzdə bildirdim. Yəni bu adi bir söz deyildi. Bilirsiniz ki, insanlar arasında "sən kişisən, mən də kişiyəm" sözləri çox işlənir. Mənim ağzımdan belə şey çıxmaz. Amma o  vaxt çıxdı ki, doğrudan da onun yeri idi. 

Heydər Əliyev ATƏT-in Minsk qrupunun "ərə vermək" vaxtının çatdığını nəyə görə demişdi? 

   
2001-ci il noyabrın 4-də Heydər Əliyevin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə növbəti görüşü keçirilirdi. Həmsədrlərin saysız-hesabsız və tamamilə səmərəsiz  səfərləri təbii olaraq Heydər Əliyevi artıq əsəbləşdirirdi. Lakin heç vaxt təmkinini pozmayan Prezident budəfəki söhbət zamanı həmsədrlərin fəaliyyətini ironiya ilə belə qiymətləndirdi:

    
- Mən dünən fikirləşdim ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin artıq 13 yaşı var. ATƏT-in Minsk qrupunun 9 yaşı var. Amma görün, neçə illər keçibdir, məsələ həll olunmayıbdır. Əgər bir az da ləngisək, ATƏT-in Minsk qrupu artıq böyük oğlan olacaq, gərək onu evləndirək. Yaxud ola bilər, qız olsun, onu ərə verək. Ona görə də biz düşünməliyik ki, bu yaşlar nə qədər artacaqdır…

Faiq Sadıqov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir